Modern.az

Türk dünyasinin fəxri

Türk dünyasinin fəxri

9 Aprel 2014, 13:56


“Ancaq o millət, o tayifə təriqi-fəlah və nicatda olur ki, özünü tanıya”
Ə.Hüseynzadə

Milli-ictimaii fikir tariximizdə əvəzsiz rol oynamış Əli bəy Hüseynzadə bacarıqlı və səriştəli bir jurnalist, şair, yazıçı, həkim, tərcüməçi, həm də incə zövqlü, istedadlı bir rəssam idi.

Son dövrlərdə Azərbaycan Demokratik Cümhuriyyəti  ilə əlaqədar xeyli tədqiqat işləri meydana çıxıb. Ancaq bu tədqiqat işlərinin əksəriyyətində köklər, qaynaqlar sanki unudulub, araşdırılan dövr əsrin əvvəllərindəki fikir hərəkatından təcrid olunmuş şəkildə təqdim edilir. Bu isə mahiyyətcə eyni qəbildən olan hadisələr arasındakı varislik əlaqəsini duymağa, dərk etməyə mane olur.

Əli bəy Hüseynzadənin fəaliyyəti təkcə Azərbayvan xalqının deyil, bütün türk dilli xalqların tarixində böyük əhəmiyyətə malikdir. İlk dəfə olaraq “hürriyyət” və “ müsavat” şüarlarını açıq şəkildə ortaya atan, türkçülüyün, turançılığın əsasını qoyan , türk birliyi ideyasını elmi-nəzəri cəhətdən əsaslandıran da məhz Əli bəy Hüseynzadə olmuşdur.

Bir vaxtlar böyük Turan dövlətini yaradan türk qəbilələrindən  çoxu yeni dövrdə ağır və çətin vəziyyətə düşmüşdü. Bunu aydın dərk edən Əli bəy Hüseynzadə onları bu ağır vəziyyətdən xilas etmək üçün özünün müəyyən etdiyi inkişaf və çıxış yolunu yığcam şəkildə ifadə edərək göstərirdi ki, bu yol “türklük, müsəlmanlıq və avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, islam dini ilə mütədəyyin, Avropa mədəniyyəti-hazirəsi ilə mütəməddin olmaqdır” (“Füyuzat” jur. sayı 23, 1907)

Əlbəttə, o, türkləşmək, islamlaşmaq və ya “ittihadi-türk”, “ittihadi-islam” deyərkən, başqa millətlərə və başqa dinlərə qarşı milli və  dini zorakılıq meyillərindən  çox-çox uzaq olmuşdur.

Əli bəy Hüseynzadənin məqsədi millətin əsas əlamətlərindən olan, təbii şəkildə meydana çıxan qan birliyinin, dil birliyinin, tarixən yaranmış məzhəb və əqidə birliyinin qorunub saxlanmasının vacibliyini göstərmək olmuşdur.:” Müsəlmanız: onun üçün dünyanın hər nərəsində xeyirxah bulunduğumuz din qardaşlarımız tərəqqi etsə, biz o tərəqqiyi əz del o can alqışlarız! Türküz: binaən əleyh türkün hər yerdə  tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz” ( “Həyat” qəz.sayı 1, 1905).

Birlik-“ittihad” ideyası, əlbəttə, böyük ideyadır və indiki şəraitdə bizim üçün həmişəkindən daha çox əhəmiyyət kəsb edir.  İstər Əli bəy Hüseynzadənin, istərsə də başqa milli rəhbər və xadimlərimizin irsinin araşdırılması, aşkarlanması göstərir ki, “ittihad” ideyası lap ilk günlərdən düşmənlərimizin və onların havadarlarının, himayəçilərinin bizim haqqımızda qərəzkarlıqla uydurduqları “panislamizm” və “pantürkizm” analyışları ilə ifadə etdikləri puç və fanatik əqidə ilə əsla bağlı olmamışdır..

Əli bəy Hüseynzadə türklərin ayrıca bir irq olduqlarını hər yerdə, həmişə təkidlə irəli sürür və bunu  tutarlı elmi dəlillərlə əsaslandırırdı.  Lakin o, millətimizin qədim tarixinə, mədəniyyətinə sadəcə maraq xatirinə müraciət etmirdi, Bunun da səbəbləri var idi. Məsələn, 1905-1907-ci illər inqilabı bütün rus imperiyasını hərəkətə gətirdi. Belə bir vaxtda  müsəlman türklərinin də oyanması, öz taleyini, müqəddəratını, kimliyini müəyyən etməsi qəti bir tələb kimi  qarşıda dururdu. Bunu qabaqcıl ziyalılar, millətsevərlər, vətənsevərlər yaxşı dərk edirdilər. Əli bəy Hüseynzadə demişkən, “yoxsa yatanlar oyananların ayağı altında qalıb üzüləcəkləri mühəqqədir”. Bunun üçün isə, hər şeydən əvvəl, millət öz-özünü dərk etməlidir.( Ancaq o millət, o tayifə təriqi-fəlah və nicatda olur ki, özünü tanıya”( Ə.Hüseynzadə).

Belə bir tarixi məqamda millətimizin milli mənlik şüurunun oyanmasında, ətalət buzunun parçalanmasında Əli bəy Hüseynzadənin  göstərdiyi xidmət heç kəslə müqayisəyə gəlmir.  Bir həqiqəti də etiraf etmək lazımdır ki, Əli bəy Hüseynzadə fəaliyyətə başladığı dövrdə bizdə milli mənlik şüuru çox aşağı səviyyədə idi.  “Həyat” qəzeti nəşrə başlayanadək nəinki sadə camaat, hətta, ziyalılarımızın çoxu  belə millətimizin həqiqi adını, mənşəyini və kökünü dəqiq bilmirdi.

Həmin dövrdə xalq içərisində  çox işlənən adlardan heç biri  (məsələn, tatar, azərbaycanlı, Qafqaz tatarı və s.) kökümüzlə, əslimizlə bağlı olmayıb. Əli bəy Hüseynzadə və onun məsləkdaşları, tərəfdarları böyak səylə çalışırdılar ki, türklərin əsil ənənələrini dirçəltsinlər, onlara yaşamaq hüququ versinlər.

“ Türklər kimdir və kimlərdən ibarətdir?”, “ Türk dilinin vəzifeyi-mədəniyyəsi” və s. əsərlərində millətimizin türk əsilli olduğunu, bütün türk qəbilələrinin bir olduğunu, dillərinin, mədəniyyətlərinin eyniliyini  elmi dəlillər əsasında sübut edən Ə.Hüseynzadə türklərin tarix boyu nümayiş etdirdikləri canlı ənənələri, dini dönə-dönə xatırladırdı. O, belə hesab edirdi ki, həmin dövrdə millətini, xalqını hərəkətə gətirmək, azadlıq uğrunda mübarizəyə qaldırmaq üçün ən əvvəl onu öz nəzərində  yüksəltmək lazımdır.

“ Türklər tarix səhnəsinə miladi-İsadan 2000 il əqdəm çıxıb, o vəqtdən cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz olmuşlardır: Asiya qitəsinin şərqində Mancu, moğol və çinlilərlə, qərbində isə irqi-Qafqazdan olan əqvami-ariyə və samiyə ilə, yəni hindi, irani, çərkəs, kürd, ərəb və sairə nəsilləri ilə qarışmış olduqlarından bu gün hər tərəfdən şəklən, cinsən, lisanən qayət müxtələt bir qövmdir.

Bir tərəfdən tarixin göstərdiyi vəch ilə müqəddimən türk ikən biləxirə türkcəyi  tamamilə unudub başqa lisanlarla mütəkəllim qövmlər mövcud olduğu kimi, digər tərəfdən də öz qədim dillərini  tərk edib türkcə təkəllümə başlayan və bu surətlə içimizə qarışıb bizlərdən mədud olan başqa qövmlər də vardır...Bundan başqa, bizzat türk əqvamından bir qismi digər qismi tərəfindən təmsilə uğradılıb” ( “Həyat” qəz., sayı 9, 1905).

Hər bir müddəaya aid konkret misallar gətirdiyinə görədir ki, Əli bəy Hüseynzadənin təqdimində türk tarixi,  həıqiqətən, çox canlı, dinamik, inkişafda olan bir tarix kimi qarşıya çıxır. Qeyd etmək lazımdır ki, Ə.Hüseynzadəni  İslama bağlayan heç də onun möminliyi deyil, başqa dinlərə nisbətən İslam dinində olan ümumbəşəri dəyərlər və ictimai ədalət idealına onun daha yaxın olması idi.

İctimai-siyasi görüşlərinə görə Ə.Hüseynzadə ardıcıl demokrat və sosialist olmuşdur. Lakin onun sosializm haqqında görüşləri  bolşeviklərin qurmaq istədikləri bəsit sosializmdən çox-çox fərqlənirdi. Ə.Hüseynzadə sosializm dedikdə, daha çox ictimai ədalət idealına yaxın olan bir cəmiyyət tipini nəzərdə tuturdu. Onun hürriyyətpərəstliyi də birbaşa fəlsəfi məfkurəsindən  doğurdu.

“Nicat məhəbbətdədir” adlı məqaləsində böyük mütəfəkkir belə bir qənaətə gəlir ki, qətlü qarətlərin, hər cür vəhşılıklərin səbəbi insanların öz peyğəmbərləri tərəfindən onlara aşılanan  “bəni-növə məhəbbət və müavinət et!” təliminə, tövsiyyəsinə bağlanmamalarıdır.  O, bunun özünü də ictimai amillərlə, cəmiyyətin kamillik dərəcəsi ilə əlaqələndirərək yazırdı: “ Əcəba, insanlar arasında...bu məhəbbəti nə ilə, nə vasiitə ilə təmin etmək olur? ..O vasitəyi bəşəriyyət kəşf edə bilmişdirmi?  Şübhəsiz, etmişdir.   O nədir?   --Hürriyyət və ədaləti-kəmalə!..Etiqadımızca, bəni-növi-bəşər arasında da ahəng və məhəbbəti təmin edəcək vasitələr- başlıca bu iki nemətdən ibarətdir...Ədl olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və məvəddət də olur. Həzrəti İsanın da, həzrəti Məhəmmədin şər(iəti – M.A.) və qanunları da bu həqiqətə müncərdir.  İştə yeni mücahidini-ictimaiyyətimizin də məqsudi bu həqiqətdir” (“Füyuzat” jurnalı, sayı 5, 1906).

İndiyə kimi belə hesab edilir ki, Azərbaycan bayrağının rənglərini mənalandıran  “türkləşmə”, “islamlaşma”, “müasirləşmə” prinsiplərini ilk dəfə Ziya Gögalp irəli sürmüşdür. Tədqiqatlar göstərir ki, bu, yanlış fikirdir. Çünki həmin üç əsas amili bir prinsip kimi irəli sürən ilk ideoloq Əli bəy Hüseynzadədir.

Hələ 1905-ci ildə  Ə.Hüseynzadə üç təməl – türkləşmək, islamlaşmaq, müasirləşmək prinsipini irəli sürmüşdür. Bu üç təməlin üç rənglə ifadə olunması isə M.Ə Rəsulzadənin təşəbbüsü idi.: mavi rəng—terklüyün,  qırmızı rəng-- hürriyyət və mədəniyyətin, yaşıl rəng isə islamiyyətin rəngidir və rəmzidir.  Habelə, ilk dəfə azadlıq, ədalət və müsavat şüarlarını irəli sürən də Ə.Hüseynzadədəir. O, eyni zamanda, həm ziyalılar,  həm də geniş xalq kütlələri arasında böyük maarifçilik işi aparırdı.

Ümumtürk ədəbi dilinin yaradılması və bu ideyanın həyata keçirilməsində  də onun əməyi böyükdür və demək olar ki, Əli bəy Hüseynzadənin əsas fəaliyyəti bu istiqamətə yönəlmişdi.

Əli bəy Hüseynzadənin sosial-siyasi görüşlərində Azərbaycan millətçiliyi ideologiyası da böyük bir sahəni təşkil edirdi.  Əsrin əvvəllərində Azərbaycanda meydana çıxan milliyyətçilik ( azərbaycançılıq) ideologiyasının nəzəri cəhətdən dolğunlaşdırılması və formalaşdırılmasında Ə.Ağayev, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə və s. bu kimi publisistlərlə yanaşı, Ə.Hüseynzadənin də mühüm rolu olomuşdur.

Azərbaycan millətçiliyi ideologiyasının meydana çıxması, hər şeydən əvvəl, Azərbaycan türklərinin milli intibah dövrü keçirdiyini, milli oyanışını, milli şüurunun inkişaf etdiyi prosesi əks etdirirdi. Bu ideologiyanın qarşısında millətin öz milli mədəniyyətini qoruyub saxlamaq, onu inkişaf etdirərək, daha yüksək səviyyəyə qaldırmaq, yad və yabançı təsirlərdən qorumaq kimi mühüm vətəxirəsalınmaz vəzifələr dururdu.

Əli bəy Hüseynzadə həm də Qərb mədəniyyətinin ilk təbliğatçısı kimi tanınır. “Həyat” qəzetinin səhifələrində dərc olunmuş məqalələrində  Qərbin texniki, mədəni tərəqqisinin nailiyyətlərinə, fəlsəfəsinə, tarixinə, sosioloji nəzəriyyələrinə dərindən bələd olan bir filosof kimi çıxış edir. O, Kaht, Hegel, Fixte, Nitsşe, Dyurmheym, H.Spenser və s. bu kimi məşhur filosoflar və onların əsərləri haqqında məlumat verməklə yanaşı, əsrlərindən tərcümələr də etmişdir.

Türk dünyası üçün müxtəlif nəzəriyyələr yaradan, böyük ideyalar ardınca qaçan Ə.Hüseynzadə , çox təəssüf ki, öz doğma xalqının dilini belə müstəqil dil kimi qəbul etməmişdir. Qəzet və jurnal səhifələrində biz ancaq “türk dilinin Azərbaycan şivəsi” anlayışına rast gələ bilirik. Bu da, ola bilsin ki,onun türk dilli xalqlardan vahid bir “ türk milləti” yaratmaq və “Böyük Turan” dövlətini qurmaq ideyalarından irəli gəlirdi.

 Müstəqil Ağayev
AMEA Fəlsəfə və Hüquq İnstitutu,
Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, qabaqcıl maarif xadimi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi