Bu gün informasiya saytları KİV arasında öz yerini tutub. İnsanlar çox zaman xəbərləri radio və televiziyadan əvvəl saytlardan alırlar. Bəs bölgələrdə fəaliyyət göstərən saytlar hansı xüsusiyyətləri ilə seçilir?
Bu mövzuda Modern.az-a açıqlama verən Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin sözlərinə görə nüfuzu ilə seçilən bölgə saytlarının sayı çox deyil:
“Saytlar haqqında məlumatımız elə də geniş deyil. Amma yaxşı mənada seçilən bir neçəsinin adını çəkə bilərəm. Məsələn, Gəncədə “Kür” informasiya agentliyi var. Rəhbəri İsrafil Zeynalovdur. Müntəzəm bülleten də buraxılır. O informasiya agentliyi yaxşı mənada seçilir. Şəhərdə, Kür boyunca bölgələrdə gedən prosesləri işıqlandırır, yenilikləri təqdim edir. Yenə Gəncədə “Teleinfoxəbərlər Mərkəzi” var. Rəhbəri Bahəddin Həsənovdur. Hələ ki, bunlar nüfuzu ilə seçilir. Amma təqribən 4-5 sayt da tanıyıram ki, fəaliyyətlərində “reketçilik” əlamətləri var. Onlar bir növ sanki kimlərləsə haqq hesab çəkmək üçün yaradılıb. Fəaliyyətlərində də etik prinsipləri gözləmirlər. Birtərəfli qaydada, ittiham xarakterli yazılar verirlər. Qarşı tərəfin mövqeyinin öyrənilməsinə diqqət yetirmirlər. Materiallarında da çox qaranlıq məqamları götürürlər. Oxucuya da aydın olmur ki, bunu niyə götürürlər”.
Misranə Həsənzadə