Modern.az

Azərbaycanda sollar niyə “sağ yol”la gedir? – SORĞU

Azərbaycanda sollar niyə “sağ yol”la gedir? – SORĞU

10 Aprel 2014, 11:18

 

Azərbaycanda siyasi partiya və təşkilatların ciddi ideoloji böhran keçirdiyi göz önündədir. Bəlkə də bu səbəbdəndir ki, bəzən özlərini  millətçi adlandıranların  sol platformanın şüarlarını səsləndirməsini liberalın “ öncə millət” deməsi, solçusunun  isə sağçı mövqedən çıxış etməsinin şahidi oluruq.

 

İdeologiyaya tərs mütənasib şəkildə qüvvələrin cəmiyyətə mesajlar çatdırması onların elektoratına da mənfi təsir edir. Ən maraqlısı isə sosial sifarişi, sosializm cəmiyyətinin qurulmasını daha məqsədə uyğun hesab edən solçu qüvvələrin fəaliyyətsizliyidir. Əslində isə solçu qüvvələri təmsil edən Azərbaycan  Sosial Demokrat Partiyası və Kommunist Partiyası öz ətraflarına daha çox adam yığa bilərdilər. Çünki bu cür qüvvələrin həm ideyaları cəlb edicidir, həm də sadə əhalinin böyük əksəriyyətinin sosial maraqlarına uyğundur. Düzdür, bütün siyasi təşkilatların, partiyaların sosial dayaqları olmalıdır, lakin sosial elementlərin təzahürlərinin sol ideyalarda çoxluğunu nəzərə alsaq, deməli problemin əsas ağırlıq yükünü də elə onların üzərinə qoymaq olar. Demək olar ki, çox az şəxs sosializmi özündə ehtiva edən solçu qüvvələrə etimad göstərir. Bəlkə də onlar öz ideyalarını lazımınca təbliğ edə bilmirlər ya da cəmiyyət özü o ideyaları həzm edə bilmir. Hər halda məsələyə hansı tərəfdən baxsaq, reallığın o qədər də ürək açan olmadığını söyləmək olar.  

Modern.az mövzunun aktuallığını nəzərə alaraq elə solçu təmayüllü şəxslərin  məsələ ilə bağlı fikirlərini öyrənib.  

ASDP-nin keçmiş həmsədri Zərdüşt Əlizadə hesab edir ki, həqiqətən də solçu təşkilatların məramnamələrinə uyğun olaraq normal fəaliyyətləri yoxdur. “Ona görə də onlara qiymət də verməyə çətinlik çəkirəm. Bu əslində ölkədə siyasi fəaliyyət üçün şəraitin olmamasından irəli gəlir. Hakimiyyət öz inzibati resurslarından istifadə edib siyasi qüvvələrin fəaliyyət göstərməsinə mane olur”.  

Jurnalist Emil Salamoğlu solçu partiyalarla yanaşı sağ təmayülü təşkilatların da fəaliyyətində sosial elementlərin olmadığını bildirib. Onun sözlərinə görə, illərdir şablon şüarlarla çıxış edən təşkilatlar, sosial bəlaları qabartmaqla protest elektoratı çətir altına yığmaq mümkünlüyünü indi anlayırlar.  E. Salamoğlu real qüvvə ola biləcək solçu təşkilatın adını da açıqlayıb: “Sosial Demokrat Partiyası özünü daha çox YAP-ın filialı kimi aparır, Azərbaycan Kommunist Partiyası  isə cəmiyyətdən çox-çox qopmuş təşkilatdır. Onların yadda qalan sosial layihələrini, kəndli-işçi sinfi üçün bir əməyini görməmişəm. Bu partiyalar həm sovetdən sonra anti-kommunizm təbliğatının qurbanı olublar, həm də rəhbərliklərində ardıcıl prinsipiallıq olmayıb. 90-cı illərdə hardasa fəallaşıblar. İndi isə sol cinahda daha çox gənclərin “Solfront” təsisatı cəlbedicidir. Hələlik dərnək şəklində olsa da, “Solfront”-dakı gənclər ideoloji baqaja malikdir və perspektivi onlarda görürəm”  

Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı düşünür ki, respublikada bir neçə solçu partiya və ictimai təşkilatlar olsa da, onların təşkilatlanması və fəaliyyəti zəifdir. “Hətta iki kommunist partiyası var. Lakin əsl Kommunist Partiyası  Telman Nurullayevin rəhbərlik etdiyi partiyadır. Lakin  onun da fəaliyyətini son bir ildə fəaliyyətini genişləndirməsinə baxmayaraq qənaətbəxş saymaq olmaz”, – deyən E. Bayramlı sol təşkilatlar, kommunist partiyasının zəif olmasının bir səbəbini isə maliyyə dəstəyinin olmaması ilə əlaqələndirib. “Çünki onlar yeganə ideoloji təşkilatlardır ki, heç bir xarici dövlətdən, təşkilatdan maliyyələşmir, başqa dəstəklər verilmir. Lakin digərlərinə Qərb dövlətləri lazımı dəstək, maliyyə yardımı edir. Üstəlik xalqımızın siyasi proseslərdə fəallığı minimum səviyyədədir. Bu vəziyyətdə solun zəif olması normaldır. Əslində digər sağçı və mərkəzçi təşkilatlar da zəifdir onlara verilən yardımlar dayandırılsa, sıradan çıxarlar. Onların ətrafında yalnız Qərb təbliğatına uymuş bir qrup gənc toplaşıb. Onlar bu gənclərin vasitəsi ilə məqsədlərini həyata keçirirlər. Bu gəncləri meydana çıxarıb aksiya keçirtdirir, polislə toqquşmaya göndərir, özləri isti kabinetdə oturub qərbdən buna görə maliyyə alırlar. Solun potensial bazası əslində çox böyükdür bu əhalinin azı 80 faizini əhatə edir. Sadəcə solçular vahid platformada çıxış etmirlər, müxtəlif cərəyanlara bölünüb fərqi fəaliyyət göstərirlər, amma bu da zəif alınır. Solçuları, kommunistləri, televiziya və mətbuata buraxmırlar. Jurnalistlər tərəfindən onların ölkə  və beynəlxalq proseslərə münasibəti nadir hallarda soruşulur”, – deyə mərkəz rəhbəri söyləyib.  

Aqşin Kərimov   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu