Əslən Qərbi Azərbaycanın Qəmərli mahalından, əttar Seyid Məhəmmədin nəslindən olub, digər azərbaycanlılar kimi erməni daşnaqlarının təzyiqindən ailəsi ilə doğulduğu Yerevandan əvvəl Qarsa, sonra Tbilisiyə, 1918-ci ildə isə Bakıya üz tutmuş, trikotaj fabrikində fəhlə işləmiş, 1928-ci ildən Bakı işçi teatrında aktyor kimi kütləvi səhnələrə çıxmış, iki il sonra Bakı kinostudiyasında rejissor köməkçisi kimi çalışmış, «Böyük dahi» filmindəki Stalin rolunu dilimizdə səsləndirmiş, «İlk komsomol buruğu» filmində neftçi rolunu oynamış, 1931-33 cı illərdə ÜDKİ-da Sergey Eyzenşteynin emalatxanasında təhsil alsa da, sevmədiyi sənədli kino rejissorluğu ixtisasına keçirildiyindən diplom müdafiə etməsə də, «Lenfilm», «Mosfilm» studiyalarındakı ustad sənətkarlar yanında təcrübə qazanmış Hüseyn Əli oğlu Seyidzadə (1910-1979) Azərbaycana qayıtsa da, müharibənin başlaması ona özünü səfərbər etməyə imkan vermir. Nəhayət ki, Moskvada birgə oxuduğu rejissor Niyazi Bədəlovla birgə, əhalinin cəbhədəki əsgərlərə yardımından söhbət açan, baş rolda Leyla Bədirbəylinin oynadığı çəkilişlərin Lahıcda aparıldığı, qısametrajlı «Sovqat» (ssenari müəllifi İ.Qasımov.1942) bədii-oyun filmini ərsəyə gətirir. Qələbədən sonra H.Seyidzadənin çəkdiyi «Ədəbi odlar ölkəsi» (Azərbaycanın incəsənət ustaları) sənədli filmində (ssenari müəllifləri İ.Qasımov, S.Rəhman.1945) musiqi dinləyən qızın xəyala dalması ilə ekranda təbiət mənzərələrinin, tarixi abidələrin, Çingiz xanın, Toxtamışın, Əmir Teymurun, Nadir şahın, Şah Abbasın, Qacarın rəssam tərəfindən işlənmiş qəzəbli rəsmləri ilə Nizami, Füzuli, Vaqif, Axundov və 1787-ci ildə çar Rusiyasından Quba xanlığını himayəyə götürməyi xahiş edən Fətəli xanın portretlərinin qarşılaşdırılması digər sənət sahələri kimi əyalət kinematoqrafının da güclü mərkəzə yarınmaq yolunda xalq yaddaşının əleyhinə getdiyini üzə çıxarmaqla rejissorun bədii-oyun kinosunun qanunları ilə yaşadığını təsdiqləsə də o, arzusuna çata bilmir.
Mixail Romm respublikanın kino rəhbərliyinə göndərdiyi 20 mart 1953-cü il tarixli məktubunda Hüseyn Seyidzadənin ona göndərdiyi «Azərbaycanın incəsənət ustaları» film konsertinin ssenarisini təhlil edərək bu işin uğurla tamamlanacağına əminliyini bildirir. Növbəti məktubunda isə özünün «Rus məsələsi» filmində bir il ərzində staj keçən Hüseyn Seyidzadənin müstəqil çalışmaq, aktyorlarla işləmək bacarığından yazır. Məktubundakı: «Mən inanıram ki, Seyidzadə filmə quruluş verə bilər. Onun müstəqil yaradıcılığa başlamaq vaxtıdır. O, ÜDKİ-ni bitirmiş, məndən əlavə V.Petrov, Q.Aleksandrov, S.Yutkeviç kimi sənətkarlarla da çalışmışdır. Düşünürəm ki, azərbaycanlı rejissorlar arasında Seyidzadə öz təcrübəsi, kinematoqrafik bilikləri və bacarığı ilə seçilir» cümlələri və sonda ev ünvanının göstərilməsi Mixail Rommun qayğıkeşliyini təsdiqləyir.
Hüseyn Seyidzadə barədə zəmanət məktubunda: «Mən Seyidzadəni qarşıda müstəqil iş gözlədiyini bildiyimdən daim onu yaradıcılıqla bağlı proseslərdən əlavə rəngli kino sahəsində bilgilər tələb edib, vaz keçilməsi mümkün olmayan, rejissor işinin sırf texniki sahələrinə də, yaxın buraxırdım. Deyə bilərəm ki, o, ciddi, təxəyyüllü, hərəkətli və xeyirli köməkçi olmasaydı, tapşırılan çətin işlərin məğzini həmən anlamaqla yaradıcı həllini tapardı. Nümunə üçün mən bir məqamı yada salım. Filmin öz əllərimlə məşğul olduğum montajında Seyidzadəyə üzərində çalışdığım iki müxtəlif dubllardan kiçik bir epizodun paralel montajını tapşırdım. O bu epizodda elə bir təhkiyyə forması tapdı ki, özümünkündən də çox bəyənib filmə saldım. Bu gün Seyidzadəyə dahi azərbaycan bəstəkarı Hacıbəyovun əsəri üzrə film çəkmək təklif olunmuşdur. Mən hesab edirəm ki, işin əvvəlindən sonunadək ssenariçi ilə müştərək çalışmaqla o, bu işin öhdəsindən şərəflə gələcəkdir. Öz tərəfimdən məsləhət və təcrübəmi əsirgəməyəcəyəm. Filmi rəngli yaratmaq gərəkdir, çünki onun artıq bu çətin lakin Ümumittifaq üçün həlli vacib sahədə təcrübəsi vardır. Ssenarinin ideyası, dramaturji quruluşu dilin ədəbi keyfiyyəti həlledici olacaqdır. Onun gələcək rejissorundan nigarançılığa heç bir əsas görmürəm» yazan, kinomuzun daimi himayədarı V.İ.Pudovkinın də hər cümləsi göründüyü kimi tutarlı müddəalarla zəngindir. Beləliklə, Üzeyir bəy Hacıbəyovun «O olmasın, bu olsun» (ssenari müəllifi Sabit Rəhman, 1956) musiqili komediyasına kinorejissor kimi quruluş vermək Hüseyn Seyidzadə yə tapşırılır.
Yeri gəlmişkən A.A.Xanjonkovun «Rus kino sənayesinin ilk illəri» kitabında 1918-ci ilə aid: «Almanlar Yaltanı tutanda Rostov şöbəsinin direktoru Y.İ. Uzunyan bir böyük çanta pula yanımıza gəlsə də, bu bizi məcburi fəaliyyətsizlikdən qurtara bilmədi. Çünki vacib olan neqativ kinolent yox idi. Onu isə ancaq hansı möcüzəyləsə Yaltaya gəlib şəhər bağının yanındakı «Çay fincanı» kafesində oturuşan kino alverçilərindən almaq mümkün idi. Onlarla alver etmək istəmədiyimizdən fəaliyyətsizliyimiz davam edirdi. Bir müddət Yaltada istirahət edən bizim Uzunyan mənə müraciət edib, film çəkmək üçün truppanın gücündən və texniki işçilərin imkanlarından istifadə etməyi xahiş etdi. Bütün xərclərlə yanaşı o, filmin gələcək istismarını da öz üzərinə götürdüyündən mən razılaşdım. Şərq xalqları arasında geniş yayılmış «Ol massun bu alsun» (Ne ta tak druqaə) teatr komediyasına quruluş verməyi qərarlaşdırdıq. Ssenarini Uzunyanla Papazyan (o həm də Ernesto Vaqrammdır) sürətlə hazırladılar. Bir səhər sübhdən zurnanın və onu müşayiət edən şərq zərb alətlərinin səsi bizim fabrikin həyətini başına götürdü. Bu «Ol massun bu alsun» filminin çəkilişinin başlandığını xəbər verirdi» xatirəsi bizim kinoşünasların da diqqətini cəlb edir.
Nazim Sadıxovun «Azərbaycan bədii kinosu» kitabında A.A.Xanjonkovun Yaltadakı studiyasında, V.Papazyanla İ.Lakkanın «O olmasın, bu olsun» filmini 1919-cu ildə çəkdiklərini göstərməklə: «Lakin təəssüf ki, film çəkilib başa çatdırılmadı. Çəkilən parçalardan heç bir iz qalmamışdır» mülahizəsi, Aydın Kazımzadənin «Üzeyir Hacıbəyov və kino» kitabındakı: «Bu versiya ilə razılaşmaq olmur. Ona görə ki, ermənilər pul qazanmaq məqsədilə filmi çəkdikləri üçün istehsalı yarımçıq qoya bilməzdilər» fərziyəsi kimi qəribə səslənir.
Nəhayət ki, yuxarıdan təkidlərə baxmayaraq, səhnədə və radioda Məşədi İbad rolunu obraza çevirmiş qocaman sənətkar Mirzağa Əliyevdən imtina etməklə, bu personajı oynamağı 43 yaşlı Əliağa Ağayevə həvalə edən Hüseyn Seyidzadənin quruluş verdiyi «O olmasın, bu olsun» (ssenari müəllifi S.Rəhman.1956) filmi ərsəyə gəlməklə Üzeyir bəy dühası kino tariximizdəki ikinci parlaq səhifəni açdı. Milli kinomuzun tarixindəki bu ilk rəngli filmin əvvəlində qadın xorunun sədaları altında «köhnə Bakı» maketindən çəkiliş pavilyonuna keçid edilərək personajların təqdimatında; Məşədi İbadın sifətinə puldan, qızıldan, Sərvərə isə kitabdan keçid edilməsi obrazlı əşyaları da, ziddiyətin tərəflərinə çevirir. Sərvərin gimnaziya dostlarının arasındakı diktor mətninin müəllifinin uzun-uzadı Vaqifin «Bəri bax» rədifli şerini söyləməsi hadisələri ləngitdiyindən, liberettodakı musiqi nömrələrinin təsiri ilə növbələşən təsvir planları uzandığından ifadəliliyin qorunması çətinləşir. Digər tərəfdən Gülnar və Sərvər kimi aparıcı personajların aktyorluq imkanları nümayiş etdirmədən sadəcə naturaçıya çevrilməklə hadisəlilik konteksindən kənarda qalmaları ekrandakı boşluğu qabardırlar.
Müflisləşmiş Rüstəm bəyin gözəl qızı Gülnazı əlli yaşlı tacir Məşədi İbadın pulu hesabına almaq istəyi və qızın ziyalı Sərvəri sevməsi personajlar arasındakı ziddiyyəti təqdim edir. Əsəri təhlil edən görkəmli tədqiqatçı Yaşar Qarayevin: «Dramaturq müstəsna bir həssaslıqla göstərir ki, alver və tacir əxlaqi ideya, məsilək sahəsinə də nüfuz edib, «baqqal–intelligent»in müasir tipi artıq hər şeyi alıb–satır: qadından (Gülnazdan) tutmuş, ana dilinə qədər xalqın taleyinə və qəzetəyə qədər. Belə ki, müftə pul müftəxor ziyalıya hər şeyi, ideyanı da əvəz edir. Peşələri müxtəlif olsa da, onun pyeslərində bu ziyalılar hamısı məhz eyni rolda, dəllal və baqqal rolunda çıxış edirlər: Məşədiyə iş düzəldir, parça və bez tacirinə şərəf və mənəviyyat tacirliyini də öyrədirlər. Məşədi İbadın «O olmasın, bu olsun» ifadəsi əslində, onun özündən daha çox, həmin ziyalıların sosial psixologiyasının ifadəsidir: bu sevgi olmasın, satın alınan sevgi olsun; ürək dolu eşq olmasın, ətək dolu pul olsun; ana dili olmasın, yad dili olsun; vətəndaşlıq olmasın, mənəviyyatsızlıq olsun, mənə nə?» qənaətləri dəqiq müşahidənin nəticəsidir.
Bazardakı atışma səhnəsində; güllələnən küpədən başın çıxması, iri plandakı dəvənin ağzını açıb böyürməsi, rus qadınının: «boje moy», əmmaməli kişinin: «ay allah» deməsi, qoçunun qadın çadrasına bürünməsi, girdiyi arvad hamamından atılan vedrələrin yağışına düşməsi isə kinematoqrafik təqdimatı önə çəkməklə attraksionların montajını davam etdirir. Xan Şuşinskinin şövqlə oxuduğu «Şahnaz» muğamını dinləyənlərdən; əlini qulağına tutan, butulkasını qucaqlayan, yanındakının gəmirdiyi sümüyü əlindən alıb süfrəyə atan tipajların müxtəlifliyi epizodun uğurlu kinematoqrafik həllini yaradır. Qonaqlıqdakı qalmaqalda atılan başmaq çıl-çırağı söndürdükdən sonra başlara butulka, qarpız, döşəkçə, yumruq, vurulması, şampan şərabının tökülməsi, yumurta çırpılması, qulağın dişlənməsi, atılan daşın otağa düşməsi attraksiyonların montajını yenidən təkrarlayır. «Molla Nəsrəddin» redaksiyasında Əzim Əzimzadənin karikaturaları, M.Ə.Sabirin «Qoyma gəldi» şerinin təqdimatı, C.Məmmədquluzadənin H.Ərəblinskinin, Ə.Haqverdiyevin tövsiyyələri maarifçiliyi önə çəksə də, ilkin ədəbi materiala əlavə olunan bu personajlar əsas dramaturji hadisədən kənarda qalırlar.
Peşəkar aktyor Əhməd Əhmədovun: ««O olmasın, bu olsun» filmində çəkilişə başlayanda rejissor Hüseyn Seyidzadə və operator Əlisəttar Atakişiyev hambalın xarici görünüşü ilə əlaqədar mənim qarşımda belə bir şərt qoydular: yeddi-səkkiz ay ərzində başımdakı qara və gur saçlarımı ortadan ülgüclə qırxdırmalı idim. Bu gözlənilməz təklif məni düşündürdü, dərin fikrə getdim. Eybəcər hala düşmüş başım gözümün qabağına gələndə dəhşətə gəldim. Axı qohum-əqraba, tanış-biliş qarşısına bu vəziyyətdə necə çıxacaqdım. Amma mən onlara «İncəsənət qurban tələb edir» deyib razılıq verdim» xatirələri bir tərəfdən filmdəki tipaj müxtəlifliyinin əldə edilməsi qətiyyətini digər tərəfdən isə sənət fədakarlığını göstərir. Təkcə yarıçılpaq kişilərin hovuz ətrafında rəqsi, gombul Məşədi İbadın başının, bədəninin sabun köpüyündə itməsi, su şırnağında safa çıxması, təkrarsız simalı hambalın isə arıq sinəsinə kisə çəkməsi artıq hamam epizodunun kinematoqrafik həllini verir. Ac həriflərin yuyuna-yuyuna kələk qurmaları, bəyin musiqi və çırtıq altında rəqs edə-edə pul yığması, qoçunun tapança ilə qoz sındırması, şövqlə əl çalan hambalın qaş-göz oynatması, qadın məclisindəki kök rəqqasənin (M.Kələntərli) əndamını oynatması aktyorları naturaçıya çevirməklə semantikanı zənginləşdirir. Dostlarının məsləhətilə kələk quraraq, toy günü Sərvərin gəlin paltarında Məşədi İbadın evinə gəlməsi və onu qorxuzaraq qulluqçu Sənəmlə evlənməyə təhrik etməsi əsas dramaturji hadisənin ziddiyyətini klassik şəkildə həll edir. Hazır filmin qəbulunda, ixtisasca seleksiyaçı olan respublika rəhbərinin əsas iradı, çəkilişdə istifadə olunan süni gülə gilənar yarpağının yapışdırılması olsa da, eyni günün qəzetlərindəki tənqidi məqalələr, fitvanın haradan verildiyini göstərir.
9 dekabr 1956-cı il tarixli «Kommunist» qəzetindəki «Müvəffəqiyyətsiz film» məqaləsində: «…Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər… Eybəcər oyunbazlıqlar… Gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar…» qənaətləri ilə ilkin ədəbi mənbəədən uzaqlaşmaya etiraz edən Tofiq Kazımovun: «Bu filmə baxdıqca elə bir təsir oyanır ki, sanki sükansız bir gəmi gah sağdan, gah soldan, gah irəlidən, gahda geridən əsən küləklərin əsiri olub hansı bir sahilə yan alacağını bilmir və onun sərnişinləri (filmdə çəkilən artistlər) başsız qalaraq nə edəcəklərini bilmirlər kimi tənqidi fikirləri sənəti ilə sonrakı illərdə parlayacaq gənc rejissorun subyektiv üsyanıdır. Həmin gün işıq üzü görən «Ədəbiyyat və incəsənət» qəzetindəki «O olmasın, bu olsun» məqaləsində: «Filmin yaradıcıları yersiz əlavə və ixtisarlarla əsərin səviyyəsini həm ideya, həm də bədii cəhətdən aşağı salmış, komediyanın əsas ruhunu təhrif etmişlər. Məsələn, komediyada olmayan, sonradan əlavə edilmiş primitiv əhvalatlar-bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnə və i.a. kimə lazım idi? Yalnız gülüş üçün, mənasız hırıltı üçün əlavə edilmiş bu münasibətsiz əhvalatlar ancaq bir şeyin–zövqsüzlük və bədii təxəyyülün kasıblığının nəticəsidir. Bu əhvalatlar filmdə o qədər şit, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır» kimi tənqidi fikirlər yazmaqla ilkin ədəbi mənbəyə müdaxilədən qəzəblənən tənqidçi Abbas Zamanovun: «Filmdə əhvalatlar 1910-cu ildə Bakıda vaqe olur. Məlumdur ki, bu zaman «Molla Nəsrəddin» jurnalının redaksiyası Tbilisi şəhərində idi. Belə olduqda redaksiyanın Bakıda verilməsi tarixi təhrif etmək deməkdir. Hələ o bir tərəfə qalsın redaksiyanın göstərilməsi özü də son dərəcə məntiqsiz və əsas məzmun xəttindən uzaqdır. Bu təsadüfi epizod hadisələrə üzvi surətdə bağlanmır, hətta epizodda iştirak edənlərin çoxunun kim olduğu tamaşaçı üçün naməlum qalır» iradları isə əslində mənbəəşünaslığa dərindən bələd olan ədəbiyyat təəssübkeşinin məslək barışmazlığını səciyyələndirir.
9 dekabr 1956-cı il tarixli «Azərbaycan gəncləri» qəzetindəki «Bəs niyə o olmasın bu olsun?» məqaləsində: «Rza bəyin öz mətbəəsində göstərilməsi və onun mollanəsrəddinçilərə qarşı yağdırdığı hədələr «Molla Nəsrəddin» jurnalının millətçi-burjua mətbuatına endirdiyi zərbənin gücünü yaxşı ifadə edir» məmnunluğu ilə çıxış edərək sovet jurnalistikasının klassiklərimizi qarşılaşdırmaq təmayülünü yaşadan Nurəddin Babayevin: «Qoçuların atışması zamanı qoçu Əsgərin qadının başından çadrasını qaçırması, Əsgərin arvad hamamına girib oradan sabunlu çıxması, Rüstəm bəyin evindəki qonaqlıq zamanı baş verən biabırçı döyüş səhnəsi, kişi hamamında oynanılan şit rəqslər, bizcə xalqımızın adətlərinə uyğun deyil» fikirləri iyirmi il əvvəlki repressiya ittihamlarına bənzəməklə onun: «Operator Ə.Atakişiyev köhnə Bakını təsvir edən epizodları, bazar səhnəsini yaxşı çəkmiş olsa da, onun işini ümumiyyətlə müvəffəqiyyətli saymaq olmaz. Çünki o, surətlərin və hadisələrin zahiri effektinə daha artıq fikir vermişdir» dəyərləndirməsi məntiqsizliyi ilə yadda qalır. Bütün məqalələrin eyni gündə işıq üzü görməsi, gözlənilməzliyi ilə seçilən filmi obyektiv dəyərləndirmək iqtidarında olmayan yerli hakimiyyətin özünü sığortalamaq naminə xidməti mətbuata verdiyi sifarişdən xəbər verir.
Moskvadan respublikaya göndərdiyi məktubda: «Böyük azərbaycan bəstəkarı Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında yaranmış, Bakı kinostudiyasının məhsulu olan «O olmasın, bu olsun» filmi xarici ölkələrdə müvəffəqiyyətlə göstərilir» yazan «Sovetsportfilm»in rəhbəri A. Zaxareviçin ekran əsərinin fars dilinə çevrilmiş variantının İranda uğur qazandığına toxunulur. Məktubdakı: «Bir çox İran qəzet və jurnalları bu film haqqında məqalələr və fotoşəkillər dərc edir. «Rövşən fikir» jurnalının 228-ci sayında filmdən iş otağındakı C.Məmmədquluzadənin, söhbət edən Sərvərlə Gülnazın fotoşəkillərini vermişdir. Jurnalda «Otello»dan sonra biz xalqa yüksək bədii səviyyəli, musiqili filmi hədiyyə edirik. Kino nəzəriyyəçilərinin fikrincə bu filmin dəyəri yüksəkdir» sətirlərindən sonra həmin «Rövşən fikir» jurnalının 229-cu sayında filmin son kadrından foto ilə yanaşı A. Şərif Kaşaninin məqaləsindən də söz açılır. Məktubda «Soveksportfilm»in İran nümayəndəsi V.S.Kopinə istinadən yazılan: «Film Təbrizdə görünməmiş uğur qazandı. Heç bir xarici və ya yerli film son illər belə uğur qazanmayıb. Sadə xalq filmi daha çox bəyənir. Ətraf kəndlərin əhalisi bu filmə baxmaq üçün ailəvi gəlirdilər. Filmin nümayişi dəfələrlə alqışlarla kəsilirdi. Bu filmin nəğmələri indi Təbriz küçələrində oxunur» informasiyasından sonra cəmisi 28 gün ərzində bu şəhərdə filmə 94.334.nəfər tamaşaçı baxdığı bildirilir. Beləliklə, dramaturq, bəstəkar, publisist kimi xalqın mənəvi tələbatını, təfəkkür tərzini həssaslıqla duyan Üzeyir bəy Hacıbəyovun «O olmasın, bu olsun» əsərinin ekranlaşdırılması «Arşın mal alan» uğurunu altmışdan çox ölkədə davam etdirməklə dünyəvi mədəniyyət hadisəsinə çevrilir.
A.Ə.Dadaşovun “Kinoşünaslıq” dərsliyindən. B.2009.