Modern.az saytı “XXI əsrin adamı” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirir, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışır. Budəfəki müsahibimiz isə Azərbaycanın dəyərli alimlərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Səlahəddin Xəlilovdur:
- Sizcə, XXI əsri ən çox hansı hadisə səciyyələndirir: elm, texnika, mədəniyyət və ya onların hansısa konkret bir sahəsi?
– Əsr hələ öz simasını tam göstərməyib. Yeniliyi ifadə edən və ən çox dəbdə olan sözlər – sinergetika, informasiya cəmiyyəti, nanotexnologiya... Amma bunlar tam yeni bir şey olmayıb, ötən əsrin axırları üçün də səciyyəvi idi. İndi başqa bir istiqamət də böyük maraq doğurur: insan psixikası ilə bağlı sahələr, məsələn, parapsixologiya... Ekstrasenslərin fəallığı artıb, kimya əlkimya ilə, astronomiya astrologiya ilə, futurologiya falçılıqla... tez-tez yerləri qarışıq düşür. İndi televiziyada alimlərdən daha çox, lafoloqlar, psixo-faloloqlar danışır, səhər-axşam qoroskoplar, falçılar, bürclər – nə bilim nə... Yenidən nadanlıq, mövhumat, fanatizm... və Sabirin, Mirzə Cəlilin yenidən aktuallaşması. Sadəcə indi daha “biz avtomobil minməyiriz” deyə bilmərik, çünki onu icad etmədən də minmək mümkün imiş və bu işdə Avropanın özünü də vurub-keçmək əlimizdən gəlirmiş...
- Ən çox dəbdə olan sözlər sırasında “innovasiya” da var...
– Amma “innovasiya” başqa dildən götürülmüş sözdür və mənası da sadəcə yenilikdir. Yeniliklər isə ancaq yaradıcı fəaliyyətin sayəsində mümkün olur. Bütün məsələ də elə bundan ibarətdir ki, hansı sahədə və nə kimi bir yenilik? Hər yenilik cəmiyyət tərəfindən qəbul olunmur; olunsa da hər yenilik bəşər sivilizasiyasında dönüş yaratmır, o ki qala əsrin simasına təsir göstərsin... Yeniliklər çox olur, onların bütövlükdə həyat tərzinə təsir göstərməsi, bütövlükdə ənənəvi mədəniyyəti dəyişdirməsi, yeni paradiqmanın yaranması nadir hallarda baş verir.
- Yəni mədəniyyətin dəyişməsi dahamı çətindir?
– Bəli, mədəniyyət daha inertdir. Çünki həcmi, kütləsi böyükdür. Əgər elmi iş, kəşf, ixtira bir adamın və ya hansı isə yaradıcı qrupun fəaliyyəti, yaradıcılığı ilə bağlıdırsa, mədəniyyət bu yeniliyin geniş kütlələr tərəfindən mənimsənilməsidir. Bu mənimsəmə prosesi istiqamətcə yaradıcılığa əks olmaqla yanaşı, həm də fərdi miqyasdan ictimai miqyasa keçiddir. Əsrin siması da ancaq bəşəriyyət miqyasında gedən proseslər sayəsində dəyişə bilər. Məsələn, XX əsri bəzən “kosmos əsri” də adlandırırdılar. Amma “kosmosun fəthi” istiqamətində görülən işlər və onunla bağlı baş verən hadisələr hansı isə məhdud və qapalı dairə miqyasndan çıxaraq kütləviləşmədi, mədəniyyət səviyyəsinə enə bilmədi.
- Siz “enmək”mi dediniz?
– Bəli. Axı mədəniyyət yaradıcılığa nisbətən aşağı səviyyədir. Piramidanın oturacağı olduğu üçün sahəsi genişdir.
- Son vaxtlar Azərbaycanda mədəniyyətşünaslığa dair çoxlu əsərlər çıxıb, amma “mədəniyyət” anlayışı yenə də çox fərqli mənalarda işlənir.
– Xüsusilə “mədəniyyət” anlayışının ölkəmizdə ənənəvi olaraq elmi termindən daha çox, bir epitet kimi, nə isə özlüyündə yaxşı bir şey kimi təqdim olunması və insan tərəfindən yaradılmış bütün yaxşı şeyləri bu anlayışla ehtiva etmək cəhdləri geniş yayılmışdır.
Həm də “yaxşı şey” qeyri-aşkar şəkildə, təhtəlşüur səviyyəsində nəzərdə tutulur. Aşkarda söhbət “insan tərəfindən yaradılmış” nə varsa, hamısının əhatə olunmasından gedir. Amma sual qoyulsa ki, bəs insanın yaratdıqları içərisində “pis şeylər” də var, bunlar da mədəniyyətəmi aiddir, onda cavablar haçalanacaq: ya həmin o qeyri-aşkar “yaxşı şey”lər aşkarlanacaq, ya da pozitiv və neqativ mədəniyyət bölgüsü aparılacaqdır; yəni “sülh mədəniyyəti” olduğu kimi, “müharibə mədəniyyəti” də qəbul olunacaqdır.
Mədəniyyət öncəki nəsillərin fəaliyyətinin nəticəsi olaraq yaranmış mühitdə öz əksini tapmışdır. Yəni hər bir insan üçün mühit heç də təbii mühitdən ibarət olmayıb, artıq müəyyən dərəcədə “mədəniləşmiş” mühitdir. Eləcə də müəyyən yaşa çatmış insan öz mütləq təbii halına qayıtmaq üçün gərək bütün əvvəlki nəsillərin əldə etdiyi nailiyyətlərdən imtina etsin. Halbuki bu nailiyyətlərin çoxu insan hələ şüurlu yaşına qədəm qoyana qədər ona təsir göstərir. Müasir insanın təməli təbiətlə yox, “mədəniləşmiş” mühitlə qoyulur. Bu mənada hər bir insan bütün əvvəlki insanların həyatının davamını yaşayır.
Mədəniyyətin nə olduğunu izah etmək üçün ən azı iki fərqli model qurulmalıdır. İnsanların özünüifadəsinin, əməli fəaliyyətinin nəticəsi olaraq yaranmış sosial kosmos, maddiləşmiş intellekt, hansı ki bir tərəfdən “ikinci təbiət” dediyimiz maddi mədəniyyət sistemlərini, digər tərəfdən də insanların bilik və vərdişlərinin saxlanmasına və ötürülməsinə xidmət edən hadisələr (kitablar, təlimatlar, təhsil, təlim-tərbiyə prosesləri, kütləvi informasiya vasitələri və s.) kompleksini əhatə edir.
- Elm və mədəniyyət… XXI əsrdə bunlardan hansı inkişafın ön, hansı arxa cəbhəsidir?
– Əvvəla, bu iki hadisənin sərhədləri çox vaxt qarışıq salınır. Xüsusilə “mədəniyyət” anlayışının qeyri-müəyyənliyi bu müqayisəni xeyli çətinləşdirir.
Əslində mədəniyyət tək elmlə deyil, istənilən yaradıcı sahə ilə müqayisədə arxa cəbhədir və ya postament rolunu oynayır. Yəni hər hansı bir sahədə ön cəbhə – yaradıcılıqdır və bu fəaliyyətin nəticələri, məhsulları (məs.: yeni elmi biliklər) ancaq ictimailəşdikdən, müəyyən sosial qruplar tərəfindən mənimsənildikdən sonra, mədəniyyət hadisəsinə çevrilir.
Biliklərin məhz bilik şəklində ötürülməsi və bunun üçün simvollar vasitəsilə maddiləşməsi bir şeydir, biliklərin tətbiq olunaraq təbiətlə, materiya ilə sintez halında bu biliyin layihəsinin maddi mühitə köçürülməsi halında saxlanması başqa şeydir.
- Bu gün, XXI əsrdə bəşəriyyəti “mədəniyyət örtüyü ilə büküb“ onu yad ünsürlərdən xilas etmək mümkünmü?
– Əksinə, mədəniyyət özü məhz “yad” ünsürdür. Yəni insan ona büründükcə öz təbiiliyindən uzaqlaşır. O başqa məsələ ki, üstəlik bir başqa xalqın mədəniyyətinə bürünəsən.
Elmin Nuri