Modern.az

Bir millət iki dövlət: Türkiyə, yoxsa İran? - II YAZI

Bir millət iki dövlət: Türkiyə, yoxsa İran? - II YAZI

Ölkə

12 Aprel 2014, 10:19

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,
dosent  

Hazırda «azərbaycanlı» kimliyi və «Azərbaycan dili»nə paralel olan, ilk baxışda ona daha yaxın və inandırıcı olan «azərbaycanlı»-«azəri», «Azərbaycan dili»-«azəri dili» yeni bir statusa çevrilməyə başlamışdır. Bu mənada istisna etmirik ki, müəyyən bir dövrdən sonra «azəri» kimliyi və «azəri dili» istər parlament səviyyəsində, istərsə də dövlət səviyyəsində müəyyən status əldə etsin. Hətta, yaxın gələcəkdə «Azərbaycan dili» dərsliklərinin «azəri dili»nə çevrilməsinin də şahidləri ola bilərik. Bu mənada, hazırda bəzi telekanalların və kütləvi informasiya vasitələrinin (qəzetlərin, portalların və s.) «azəri» anlayışının təbliğində fəallıq göstərməsi də təsadüfi deyildir.

Artıq bəzi alimlərin əsərləri ilə yanaşı, dövlətin rəsmi nəşrlərində «azəri» kimliyindən və dilindən bəhs olunması da buna bariz örnəkdir. Məsələn, 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən iki dildə (Azərbaycan türk dili və ingilis dilində) nəşr olunan «Müstəqil Azərbaycan – 20 il» kitabında dövlət  dili həm «azərbaycan», həm də «azəri» adlandırılmışdı.

Bizcə, son zamanlarda bəzi ali məktəblərdə jurnallarda tələbələrin milliyyəti kimi «azəri» adından istifadə olunması da məsələnin ciddiliyindən xəbər verir. Hər halda dünənə qədər bəzi istisnaları nəzərə almasaq (nadir hallarda da olsa, bəzi tələbələr etnik kimliyini ləzgi, kürd və s. göstərirdilər), tələbələrin milliyyət qrafasının qarşısında «azəri» deyil, «azərbaycanlı» yazılırdı. Bu isə, SSRİ dövründən qalma ənənə kimi hamı tərəfindən «başa düşülürdü».

Görünür, «azəri» kimliyi və «azəri dili» artıq sovet dövründə formalaşmış Azərbaycan insanının deyil, yeni nəslin milli mənlik şüuruna hesablanmış bir nəzəriyyədir. Yəni «azərbaycanlı» kimliyi və «Azərbaycan dili» SSRİ dövründə yaşamış insanların şüurları üçün hesablandığı kimi, «azəri» kimliyi və «azəri dili» müstəqil Azərbaycanın vətəndaşlarına yönəlmişdir. Şübhəsiz, «azəri» anlayışının əsaslandırılmasının növbəti mərhələlərində tarixə, etnoqrafiyaya, dilçiliyə və başqa sahələrə də «səyahət» ediləcəkdir və edilir də.

Doğrudur, biz də hesab edirik ki, milli mənlik şüurunun qorunub yaşaması üçün vətəndaşlığı, yurddaşlığı bildirən «azərbaycanlı» kimliyində və «Azərbaycan dili»ndə müəyyən korrektələr edilməlidir. Amma bu korrektələr türklüklə uzlaşmayan «azəri» kimliyi və «azəri dili» adı altında deyil, türk kimliyi və türk adı altında baş verməli,  xüsusilə milli dilin adına münasibətdə Azərbaycan türklərinin mühüm mövqeyi nəzərə alınmalıdır. Fikrimizcə, yalnız bu halda türkçülükdən yaranmış azərbaycançılıq öz varisliyini ləyaqətlə davam etdirə bilər. Əks halda sələfinin başlıca ideyalarını yaşada bilməyən xələf üçün yalnız bir neçə formal, hüquqi məsələlər baxımından varislikdən çıxış etməsi, üstəlik türk kimliyi və türk dili əvəzinə «azəri» kimliyi və «azəri dili»nə meyil etməsi milli ideologiyanın həllinə deyil, daha da mürəkkəbləşməsinə səbəb olacaqdır.

Sovet dövründə bəzi yerli və əcnəbi tarixçilər, alimlər tərəfindən «türk» və «Azərbaycan» sözlərilə, bu anlayışlarla az və ya çox dərəcədə əlaqəli olan «az», «qafqaz», «aran-al­ban», «xəzər», «azəri» və s. kimi məfhumlarla bağlı elə do­la­şıqlıqlar, düyünlər salınıb ki, bu məsələlər indiyə qədər də həllini tapmamış kimi görünür. Əslində bu dolaşıqlıqların, ziddiyyətlərin yaranmasında vaxtilə, xüsusilə SSRİ döv­rün­də marağı olan xarici və bəzi daxili qüvvələr mövcud olmuş və indi də mövcuddur. Onlar bu gün də Azərbaycan Res­publikasında çoxluq təşkil edən türk millətini danmaq yolu tutublar. Bunun da nəticəsində bu gün yetişməkdə olan türk gəncliyi (fikrimizcə, bu gün azsaylı etnik qruplar etnik mənşələrini dərk etməkdə Azər­baycan türkləri qədər əziyyət çəkmirlər) müəyyən mənada millətinin «türk», «azərbay­can­lı», «azəri», «alban», «qafqazlı», hətta «müsəlman» olub-ol­ma­ması ilə bağlı dəqiq bir fikrə gələ bilmirlər. Daha doğrusu, böyüdüyü ailədən, yetişdiyi və düşdüyü mühitdən, təhsil aldığı müəllimlərindən və başqa təsirlərdən asılı olaraq, bu məsələni sanki həll edirlər: bəziləri özünü türk, yaxud «müsəlman», digərləri «azərbaycanlı» və yaxud «azəri» və s. hesab edirlər. Beləliklə, bu problem həll edilməmiş qalır.

Özəlliklə «türk», «Azərbaycan» anlayışları milli mənəvi dəyər kimi yalnız tarixi baxımdan yeni yetişən nəsilə quru faktlarla çatdırılmamalıdır, həmçinin bu anlayışların elmi, fəlsəfi, siyasi, etnik və ideoloji mənaları izah olunmalıdır. Burada məqsəd hansısa şəxsi, qrup, partiya və hakimiyyət maraqlarına görə, yeri gələndə türk, azərbaycanlı, azəri, alban və yaxud da müsəlman olmaq deyil, Azərbaycan adlı məmləkətdə yaşayan əsas millətin soykökü, dili, mədə­niyyəti, tarixi və s. məsələsini birdəfəlik həll edib, onu yalnız öz adı ilə adlandırmaq olmalıdır. Fikrimizcə, bu gün dili­mizin – Azərbaycan dili, türkdilli azərbaycan dili, türk dili, Azərbaycan (türk) dili, türk (Azərbaycan) dili, azəri dili, Azərbaycan türkcəsi, eləcə də millətimizin – türk, azər­bay­can­lı, azəri, müsəlman, qafqazdilli alban, Azər­baycan türkü, Azər­baycan milləti, farsdilli midiyalı (guya indi türk dillərindən birində danışan azərbaycanlı), türkdilli azərbay­canlı (bu zaman məlum olmur ki, ümumiyyətlə etnik baxım­dan hansı millət – türkdilli türklərmi?!, qafqaz­dilli alban­larmı, farsdilli midiyalılar-farslarmı və b. nəzərdə tutulur?) və s. müxtəlif adlarla öz əksini tapması insanların şüurunda qarmaqarşıqlıq, xaos yaradır.

Hər bir Azərbaycan vətəndaşı öz milli mənşəyini, danış­dı­ğı dilin adını dəqiq bilməli və məxsus olduğu millətin keçmi­şi­nə aid olan nə varsa ona sahib çıxmalı, gələcəyə inamla bax­ma­lıdır. Hər bir Azərbaycan vətəndaşı, ailəsi, dəqiq və kon­kret şəkildə bilməlidir ki, onun ailəsində böyüyən uşaqlara han­sı milli ruh, mədəniyyət, tarix, adət-ənənələr və s. öyrədilməlidir.

Bu gün, milli mənsubiyyət məsələsində Konstitusiyaya əsasən əsas vurğu «Azərbaycan» üzərində qoyulur: Azərbay­can milləti, Azərbaycan xalqı, Azərbaycan dili, Dünya Azər­bycanlıları və s. Konstitusiya baxımından bu məsələ qəti şə­kil­də həll edilmiş kimi göstərilir və bu sahədə yeni-yeni ki­tab­lar işıq üzü görür, kütləvi elektron və informasiya va­si­tə­lə­rin­də yüzlərlə fikirlər səslənir, məqalələr yazılır. Ancaq ma­raq­lı­dır ki, «Azərbaycan xalqı», «Azərbaycanlı», «Azərbaycan dili» və s. bu kimi anlayışları təbliğ edənlər bir çox məsə­lələ­rin həllində çətinlik çəkərkən «türk» amilinə üz tutur və bun­dan da istifadə edirlər. Əlbəttə, azərbaycanlı olaraq da türk olmaq mümkündür. Lakin ölkə daxilində eyni kökə, dilə, mədəniyyətə malik olan və çoxluq təşkil edən millət iki, üç və daha çox adla adlandırılırsa (azərbaycanlı, azəri, müsəlman, türk və b.), ən azı bunun, yalnız siyasi və tarixi mənada deyil, həm də elmi, fəlsəfi və ideoloji izahları olmalıdır. Azərbay­canın tarixini öyrənən yeni nəsil mövcud akademik nəşrlərdə Azərbaycan milləti, Azərbaycan dili, Azərbaycan dövləti və s. kimi anlayışları görmürsə, yalnız vaxtilə və indi Azərbaycan adlanan ərazilərdə türk tayfaların­dan, türk dövlətlərindən, eləcə də Mannadan, Albaniyadan, Atropatenadan və digərlə­rin­­dən söhbət gedirsə, bu qarışıq və dolaşıq tarixin içindən necə baş çıxara bilər? Azərbaycan tarixinə, fəlsəfəsinə, ədə­biy­yatına, mədəniyyətinə və s. dair yazılmış kitabların müəl­lif­ləri «türk», «Azərbaycan», «Alba­niya», «Atropatena», «azə­ri» və b. məfhumların izahında va­hid konsepsiyadan çıxış edə bilmirsə, yeni nəsil hansı formada öz keçmişinə sahib çı­xıb, hansı ideya və ya ideyalar əsasında bu gününü və gələ­cə­yini müəyyənləşdirə bilər?

Maraqlıdır ki, şüurlarımıza yeridilən “azəri”bu cəfəngiyyatının türklüklə bağlı olmasına həm Azərbaycanda, həm də Türkiyədə bu gün də inananlar tapılır. Məsələn, tanınmış dilçi alimimiz Prof. Qəzənfər Kazımov belə qənaətdədir ki, «Azərbaycan» sözü An­tar­patianu sözündən əmələ gəlmiş, tədricən Atropatena şəklini almışdır: «Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkil­lə­rin­də tələffüz etmişlər, fərqləndirmək üçün Azərbay­can ərazisin­də işlədilən dili «əl-azəriyyə»-azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir». Onun fikrincə, «Azəri» sözü Antarpatianu və Atropatena sözləri ilə bir kökdən olduğu üçün, bir sıra iranşünasların azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymaları düzgün deyildir: «Azəri sözü tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır». Eyni yanlışlığı Türkiyə də yapanlar var. 

Bizcə, “azəri” sözünə bu cür yanaşma, yəni onu türklüklə bağlayıb gündəmə gətirmək kökündən yanlışdir. Bir millətin-ulusun iki adı və iki dili ola bilməz. Sadəcə, bir millətin türklüyü inkar etməyən yaxın adları və dilləri (oğuz, qazax, türkmən vəb.) ola bilər. Ancaq bir millətin adı və dili tamamilə zidd çəkiləd ifadə olunursa, o zaman hansı mənada eynilikdən bəhs etmək olar. Bu mənada, “Bir millət iki dövlət” prinsipinə əməl etməyənlər həmişə Türkiyə və Azərbaycan türklərini həm dışarıdan, həm də içəridən bir-birindən ayrımağa xidmət edən qüvvələr olmuşdur və bu gün də var. Türkülüyn düşməni olan bu qüvvələr heç bir zaman türk millətlərinin birliyinə sevinməmiş, daima onlar arasında nifaq salmağa çalışmışlar. Biz bunu keçmiş tarixdə Teymurlar və Bəyazidlər, Şah İsmayıllar və Sultan Səlimlər, Şah Təhmasiblər və Sultan Süleymanlar və başqa zamanlarda çox görmüşük. Biz bunun 20-ci əsrin əvvəllərində də, Cümhuriyyət dövründə və Cümhuriyyətin işğalından sonrakı dövrlərdə də şahidi olmuşuq. Bu gün də Türkiyə-Azərbaycan birliyinin, ilk növbədə siyasi, iqtisadi, hərbi, mədəniyyət və s. sahələrdə birliyinin baş tutmaması üçün əlindən gələni edən iç və dış qüvvələr vardır. Şübhəsiz, o dövrdə türk birliyinə qarşı olanlara Ə.Cəfəroğlular, Ə.Ağaoğlular, Ə.Hü­seyn­zadələr, M.B.Məmmədzadələr, M.Ə.Rəsul­zadə­lər, A.İldırım­lar və başqa­ları cavab verdiyi kimi, bu gün də bizlər vardır və sabah da başqaları olacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi