İsti havalar özü ilə müxtəlif həşəratlar da gətirir. Onlardan biri də ağcaqanadlardır ki, bu həşaratlar malyariya xəstəliyinin yayılmasına səbəb olur. Azərbaycanın bölgələri kimi, Bakı şəhəri ərazisində də yay mövsümü ağcaqanadlarla müşayiət olunur. Şəhərin bəzi yerlərində sakinlər iyundan oktyabradək mənzillərində ağcaqanadlar əleyhinə dərmanlardan istrifadəsiz keçinə bilmirlər. Son illərin yay mövsümündə Bakıda ağcaqanadlar əleyhinə dezinfeksiya tədbirləri zəif aparıldığından bu ziyanvericilərin sayı şoxalıb. Modern.az Respublika Gigiyena və Epidemologiya Mərkəzi ilə əlaqə saxlayaraq sözügedən problemlə əlaqədar hansı proflaktik tədbirlərin görülməsilə maraqlanıb.
Mərkəzin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov saytımıza açıqlamasında bildirib ki, hazırda proflaktik tədbirlər əsasən Aran rayonlarında aparılır: “Çünki bu zonlarada ağcaqanadlar daha çoxdur və orada malyariya xəstəliyinin yaranma riski də böyükdür. Biz su basmış ərazilərdə kampaniya şəklində proflaktik tədbirlərə may ayının əvvəlindən başlamışıq. Fəlakət bölgəsinə aparat və kifayət qədər dərman preparatları göndərilib. Dezinfeksiya işləri indi də davam etdirilir. Aran rayonlarının bəzilərində daşqınlardan sonra gölməçələr əmələ gəlib. Biz çalışırıq həmin gölməçələrə müəyyən preparatlar tökək ki, ağcaqanadların sayı çoxalmasın”.
Süleyman Məmmədov onu da qeyd edib ki, görülən tədbirlər baxmayaraq su basmış ərazilərdə 12 nəfər malyariya xəstəliyinə yoluxub: “Ötən illərlə müqayisə də malyariya xəstələrinin sayı kəskin dərəcədə azalıb. Bu da təbii ki, görülən işlərin nəticəsidir. Bu il su basmış ərazilərdə infeksion xəstəliklərin yayılma ehtimalı artıb. 12 nəfər malyariya xəstəliyinə yoluxub. Bu xəstələr Sabirabad, Saatlı, Neftçala, Salyan, Kürdəmir, Ağsu və digər rayonlarda qeydə alınıb”.
S.Məmmədov onu da bildirib ki, kampaniya şəklində aparılan tədbirlərin əsas istiqaməti Bakıya deyil, rayonlara yönləndirilib. O, Bakıda malyariya təhlükəsinin olmadığını deyib.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda 80 malyariyaya yoluxma faktı qeydə alınıb.
Malyariya parazitlərlə törədilən və ağcaqanadlar vasitəsilə insandan-insana yoluxan həyati-təhlükəli bir xəstəlikdir. Dünya əhalisinin təxminən yarısı, təxminən 3 milyard insan malyariya yoluxması baş verə biləcək ərazidə yaşayır. Xüsusilə də kasıb ölkələrdə yaşayan insanların malyariya ilə yoluxma riski daha böyükdür. Hər il təxminən 500 milyon insan bu xəstəliyə yoluxur və onlardan 1 milyonu ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər 30 saniyədə bir uşaq malyariyadan ölür. Malyariyanın qurbanlarının əksəriyyəti 5 yaşına qədər uşaqlar və hamilə qadınlardır.
Lakin malyariya qarşısı alınan xəstəlik olduğu üçün, bu ölümlərin qarşısını almaq da mümkündür.
Günay Musayeva