“Bütün zeytunluqları qırıb yerində yeni binalar, yollar salıblar. Ekoloji cəhətən Bakı çox pis vəziyyətdədir. Amma düşünürəm ki, bu müvəqqətidir. Tiknti işləri başa çatdıqdan sonra müəyyən şeylər qaydasına düşəcək. Ümumiyyətlə, şəhərdə, yol kənarında hansı ağaclar əkilməlidir? Birinci olaraq buna diqqət etmək lazımdır. Təkcə yaşıllıq nazminə ağac əkmək, park salmaq düzgün deyil”.
Bunu Modern.az-a Milli Ekologiya Proqnozlaşdlrma Mərkəzinin rəhbəri Telman Zeynalov Bakının hazırkı ekoloji vəziyyətini şərh edərkkən deyib:
“İndi parklar salınır, razıyam, amma, orada əkilən ağaclar bizə, gəncliyimizin gələcəyinə nə qədər lazımlıdır?! Xaricdən evkolipt, palma, moqnolyum kimi ağacların gətirilməsi bizim nəyimizə lazımdır axı?! Mənim öz bitkilərim, ağaclarım var. Qova, palıd, şam, küknar, zeytun və digər yerli ağacları əksələr daha əlverişli olar. Bu saydığım ağaclar əkilsə Bakının havası da, ekologiyası da istədiyimiz səviyyədə, xarici ölkələrinkindən də üstün olacaq.”
Ekoloq 20 il əvvəlki ilə indiki Bakını müqayisə edərkən çox fərqlərin ortaya çıxdığını bildirib: “Əvvəllər hava neftlə çirklənmişdi, insanlar nəfəs ala bilmirdi. İndi zibil poliqonlarının üstünün örtülməsi alqışa layiqdir. Bir növ müsbətə doğru gedirik. Yaşıllıqlar artır, bir söz demirəm. Birdən-birə hər şeyə nail olmaq olmaz.
Çox insan xarici dövlətlə bizi müqayisə edir. Yeni müstəqillik əldə edən bir dövləti dünyanın nəhəgləri ilə müqayisə etmək doğru deyil. Əvvəllər lazımsız göllər, su hövzələri vardı, onlar hamısı quruduldu”.
Tikintilərin paytaxtın mərkəzində cəmlənməsi məsələsinə gəldikdə, T.Zeynalov paytaxt kimi Bakıda bunun normal olduğunu vurğulayıb: “Normal haldır. Sökülməkdə olan “Sovetski”nin yerində park salmaq niyyətindədirlər. Mən şəxsən buna inanmıram. Böyük bir ərazidə park salınması Bakının iqliminə çox gözəl təsir edəcək. Bakı kəndlərinin heç birində yaşıllıq qalmayıb, hamısı qırılıb, radiasiya baş alıb gedir. Problemə bu qədər biganə yanaşmaq olmaz”.
Gülşən Raufqızı