Modern.az

Məmurlar niyə övladlarını xaricdə oxutmağa üstünlük verirlər?

Məmurlar niyə övladlarını xaricdə oxutmağa üstünlük verirlər?

8 İyun 2010, 12:13

Hazırda xarici ölkələrin universitetlərində dövlət xətti ilə təhsil alan Azərbaycanlı tələbələrin sayı 450 nəfərə yaxındır. Amma öz hesablarına xaricdə təhsil alan azərbaycanlı tələbələrin də sayı az deyil. Müşahidələrə görə, xaricə təhsil almağa gedənlərin çoxu imkanlı şəxslərin və məmurların övladlarıdır. Belə bir tendensiyanın yarsmasına səbəb nədir? Yerli təhsil yetərincə bilik verə bilmir, yoxsa..? Modern.az bu suallara cavab tapmağa çalışıb.

 

İqtisad Universistetində 4 nazir övladı oxuyur

 

Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin sədri Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib ki, imkanlı şəxslərin xaricdə təhsil almalarının yerli təhsilin keyfiyyəti ilə heç bir bağlılığı yoxdur:

“Bir sıra adamlar var ki, onlar Azərbaycanda təhsillərini dayandırıb onu xaricdə davam etdirməyə üstünlük verirlər. Bu da Azərbaycandakı təhsilin keyfiyyəti ilə əlaqəli deyil. O fikirlə razı deyiləm ki, bütün məmurların və imkanlıların hamısının uşaqları xaricdə oxuyurlar... Məsələn, bizdə - İqtisad Universitetində də imkanlı şəxslərin övladları təhsil alırlar. Dörd nazirin, bundan başğa, komitə sədrlərinin, bank müdirlərinin övladları İqtisad Universitetində oğuyurlar. Onlar Azərbaycanda təhsilin səviyyəsindən çox razıdırlar”.

Deputat Ş.Hacıyevin sözlərinə görə, bəziləri yalnız dil bilgilərini təkmilləşdirmək üçün xaricə üz tutur: “Bizim təhsilin səviyyəsinin zəif olmasını 5-6 il əvvələ şamil etmək olardı. Bu gün isə Azərbaycanın elə dövlət ali təhsil müəssisələri var ki, onların verdiyi təhsilin keyfiyyəti Avropa ölkələrinin universitetlərində mövcud olan təhsilin keyfiyyətinə bərabərdir. Əvvəllər bəzi sistemlər var idi ki, o bizdə yox idi. Tutaq ki, xarici şirkətlərdə tətbiq olunan mühasibat uçot standartları, maliyyə uçotu sistemlərinə biz keçməmişdik. Azərbaycanda birgə fəaliyyət göstərən şirkətlər həmin sistemlərlə çalışırdılar. Ona görə də ali məktəb məzunları  xarici şirkətlərdə işə düzələ bilmirdilər. Ancaq artıq bizim təhsil ocaqlarında da o standartlar das tətbiq edilir”.

 

“Azərbaycanda güclü təhsil ocaqları azdır”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Lalə Abbasova isə əksinə, hesab edir ki, xaricdəki təhsil ocaqlarının səviyyəsi Azərbaycandan daha yüksəkdir:

“Xaricdə verilən diplomlar bütün dünyada qəbul olunur. Düşünürəm ki, xaricdə olan təhsil daha məsuliyyətlidir. Mən uzağa getmirəm. Türkiyədə verilən bilik Azərbaycan təhsil ocaqlarından daha yüksəkdir. Mən demirəm ki, burda təqsir məhz təhsil nümayəndələrindədir. Sadəcə olaraq biz dərinə baxsaq, Qarabağ  müharibəsindən sonra Azərbaycanda çox böyük çətinliklər oldu. Müəllimlər yoxsulluq səviyyəsinə düşdülər. Belə alındı ki, müəllimlər rüşvət almağa başladılar. O yoxsulluqdan irəli gələn problemlər nəticəsində müəllimlər öz potensialını lazımi qədər təhsilə yönləndirə bilmədilər. Məktəblərdə nizam-intizam məsələləsi aşağı səviyyəyə düşdü. Düzdür, son illər ali və orta ixtisas məktəblərimizdə  təhsilin səviyyəsi bir qədər yüksəlib”. L.Abbasova deyir ki, xaricdə təhsil alanların heç də hamısı imkanlıların və məmurlarınm balaları deyil: “İmkansız ailələrin övladlarından da dövlət hesabına xaricdə təhsil alanlar var. Lakin varlı, dövlətli insanlar da  təhsillərini xaricdə davam etdirirlər. Bu pis hal deyil.  Keçmişdədə belə olub, Azərbaycandan varlı insanların övladları Fransaya, Sankt-Peterburqa oxumağa göndərilirdi. Bunun nəyi pisdi ki... Yəni bunu mən çox normal qəbul edirəm. Ancaq Azərbaycanda güclü ali təhsil ocaqları azdır. İstərdim daha çox olsun. Qafqaz, Xəzər universitetləri çox güclü bilik verirlər. Qərb univeriteti əvvəl daha yaxşı idi. İndi bir az zəifləyib”.

 

Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI