Modern.az

Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməllərini açıqladı

Baş Prokurorluq vəzifəli şəxslərin korrupsiya əməllərini açıqladı

8 İyun 2010, 14:43

Baş Prokurorluq korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərə dair açıqlama verib.

Modern.az xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin müvafiq dövründə mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürünə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlər həyata keçirilib.

Belə ki, cari ilin müvafiq dövrü ərzində idarə tərəfindən 88 şəxs barəsində 47 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq və digər cinayətlərlə bağlı olub.

DSMF-nin Goranboy rayon şöbəsinin müdirin korrupsiya əməlləri Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyevin qulluq mövqeyindən sui-istifadə edərək özgə əmlakını mənimsəməsi faktı üzrə başlanmış cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilib ki, o, həmin vəzifədə işləyərkən etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə şöbənin baş mühasibi Ömər Bayramov, məsləhətçi Mehman Hüseynov, rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsinin rəisi Hidayət Süleymanov və qeyriləri ilə qabaqcadan əlbir olub. Onlar cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2007-ci ilin noyabrından 2009-cu ilin yanvarınadək olan müddət ərzində 64 nəfər, o cümlədən 51, ümumiyyətlə, mövcud olmayan şəxsə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırıblar. Saxta sənədlər əsasında pensiya işlərinin açılmasına, plastik ödəmə kartlarının sifarişlərinin verilməsinə, pensiya məbləğlərinin hesablanması və ödənişə göndərilməsinə nail olunub. Qrupun üzvləri həmin sənədləri imzalayıb möhür vurmaqla təsdiqləyərək vəzifə saxtakarlığı edib, ilkin və aylıq məbləğləri ilə birlikdə Yeganə Hacıyeva və qeyrilərinə (cəmi 64 nəfər) əmək pensiyalarının təyin edilməsini təmin ediblər. Allahverdi Əliyev pensiyaçıların "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində açılmış şəxsi hesablarına köçürülmüş cəmi 310 min 663 manat məbləğində vəsaiti M.Behbudov, H.Süleymanov, Ö.Bayramov, M.Hüseynov və A.Əkbərovun vasitəsilə Goranboy rayon poçt filialının Aşağı Ağcakənd qəsəbə poçt şöbəsində 9 nömrəli əlavə (P2) formalar, müxtəlif banklarda və bankomatlarda plastik kartlar vasitəsilə ayrı-ayrı vaxtlarda nağdlaşdırıb, dövlətə külli miqdarda ziyan vurub. Bundan başqa, o, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə şöbənin işçilərinə şöbədə aparılmış yoxlama zamanı aşkar edilmiş əsassız ödənişlərin bərpa edilməsi üçün pul yığmaq lazım olduğunu bildirib. İşçiləri yığılacaq pul vəsaitinin maddi ziyanın ödənilməsinə yönəldiləcəyinə inandıraraq 2009-cu ilin fevral-mart ayları ərzində Goranboy rayonunda cəmi 10 min 900 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Törətdikləri əməllərinə görə Allahverdi Əliyev Cinayət Məcəlləsinin 179.3.2, 178.3.2, 308.2 və 313-cü, Mikayıl Behbudov Cinayət Məcəlləsinin 179.3.2, 320.1, 320.2-ci, Ömər Bayramov və Hidayət Süleymanov Cinayət Məcəlləsinin 179.3.2, 313, 308.2, 320.1 və 320.2-ci, Azər Əkbərov Cinayət Məcəlləsinin 179.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs, Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddəsi ilə ittiham olunan Mehman Hüseynov barəsində isə digər qətimkan tədbiri seçilməklə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib. 

"Azərenerji" ASC-nin "fərasətli" işçisi

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Azərenerji" ASC ilə birgə apardığı araşdırma zamanı müəyyən edilib ki, Afiq Məmmədov "Gəncə Tekstil" ASC-də baş mexanik-energetik vəzifəsində işləyərkən "Azərenerji" ASC-nin "Gəncəregionalenerjitəchizat" MMC-nin Gəncə şəhər elektrik şəbəkəsinin rejim üzrə mühəndisi vəzifəsində işləyən Maarif Mehdiyev və fiziki şəxs Fazil Nağıyev ilə cinayət əlaqəsinə girib. O, işlədiyi müəssisənin uçotdan kənar elektrik enerjisinin verilməsini və ödənişsiz istifadə edilməsini təmin etməsi məqsədilə 2009-cu ilin yanvar ayında elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran qurğunu düzəltməyi və sayğaca quraşdırmağı F.Nağıyevə sifariş edib. Bundan sonra o, sonuncu ilə birlikdə "Toxucu" yarımstansiyasına gələrək "Gəncə Tekstil" ASC-ni elektrik enerjisi ilə qidalandıran kabel xətti üzərində olan "Enerqomer" markalı 2 sayğaca elektrik enerjisindən istifadə olunduğu halda sayğacı dayandıran məsafədən pultla idarə olunan qurğu quraşdırılmasını təşkil edib. Sayğacların dayandırılması nəticəsində 2009-cu ilin yanvar-avqust ayları ərzində "Gəncə-Tekstil" ASC tərəfindən uçotdan kənar 139 min 110 manat dəyərində 2.318.504 kVt/saat elektrik enerjisi sərf olunub, "Azərenerji" ASC-yə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurulub.

Törətdiyi cinayət əməllərinə görə A.Məmmədov və M.Mehdiyev Cinayət Məcəlləsinin 308.2-ci, F.Nağıyev isə 189-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib. Mütəşəkkil dəstənin fırıldaqları Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hüseyn Səfərovun təşkilatçılığı ilə yaradılmış və "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adı altında aldatma yolu ilə vətəndaşların əmlakını ələ keçirən mütəşəkkil dəstənin üzvləri ifşa edilərək zərərsizləşdirilib.

Həmin faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq zamanı müəyyən edilib ki, Hüseyn Səfərov 2005-ci ilin dekabr ayında Bakı şəhərində "Satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət mərkəzi" adlı bir qurum yaradıb, qurumu Ədliyyə Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatından keçirmədən həmin mərkəzə Alim Bəylərbəyov, Müsavət Məmmədov, Natiq Məmmədli, Rizvan Əliyev, Xudaverdi Abbasov, Cəlal Teymurov, Taleh Abbasov, Nofəl Əliyev və Müslüm Qasımovu üzv kimi qəbul edib. H.Səfərov aralarında iş və ərazi bölgüsü müəyyən edilən, peşəkarlardan ibarət olan mütəşəkkil dəstənin hər bir üzvünə öz imzası və möhürü ilə təsdiq etdiyi vəsiqə və "mandat" verib. 2006-2009-cu illərdə Bakı şəhərində və respublikanın ayrı-ayrı rayonlarında ticarət, iaşə obyektlərində və apteklərdə satılan və istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək adı ilə həmin şəxslər qrup şəklində ayrı-ayrı rayonlara göndərib. Onlar özlərini vəzifəli şəxs kimi təqdim etməklə qanunsuz yoxlamalar aparmış, həmin obyektlərin sahiblərindən xeyli miqdarda pul almaqla onların əmlakını ələ keçiriblər.

Törətdiyi cinayət əməllərinə görə qeyd olunan şəxslər mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda, təkrar dələduzluğa və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 178.3.1-ci və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Hüseyn Səfərov, Müsavət Məmmədov, Alim Bəylərbəyov barəsində həbs, qeyriləri barəsində isə digər qətimkan tədbirləri seçilərək istintaq tamamlanmaqla cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.

 

Sosial yardımların mənimsənilməsi aAparılmış yoxlamalar zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətində bir sıra cinayət xarakterli qanun pozuntuları müəyyən edilib. Həmin faktlar üzrə Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin ayrı-ayrı əməkdaşlarının vətəndaşlardan müxtəlif məbləğlərdə pul almaqla onlara sosial yardımların ayrılması, digər hallarda isə vətəndaşlara veriləcək yardımların ilk 3-5 ayının pul vəsaitlərinin götürülməsi faktları üzrə cinayət işləri başlanılaraq ibtidai araşdırma aparılıb.

İstintaq zamanı müəyyən edilib ki, Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzində ünvanlı sosial yardım sektorunda baş məsləhətçi vəzifəsində işləyən Rəşid Həsənov və Rəşad Yaqubov, həmçinin Bakı şəhəri, Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda baş məsləhətçi işləyən Namiq Məhərrəmov ünvanlı sosial yardım almaq üçün müraciət etmiş şəxslərə ayrılmış ünvanlı sosial yardımların ilk iki-üç ayının pulunu götürəcəyini onlara bildirib. Həmin şəxslərin təqdim etdiyi sənədlər əsasında onlara ünvanlı sosial yardımlar təyin olunduqdan sonra, onların adına alınan plastik kartları və kartların pin kodlarını götürərək bankomatlarda istifadə edərək Sumqayıt şəhəri üzrə vətəndaşların 2 min 010 manat, Nizami rayonu üzrə isə 2 min 926 manat məbləğində pulunu götürərək mənimsəmə yolu ilə özgə əmlakını talayıblar.

Hər iki cinayət işi üzrə vətəndaşlara dəymiş ziyan ödənilməklə göstərilən cinayət əməllərini törətmiş R.Həsənov, R.Yaqubov və M.Məhərrəmov Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində olan cinayət işləri baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 42 cinayət işinin istintaqı davam etdirilir.

Özgə əmlakını talama Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Royal Bank" ASC-nin bir sıra filiallarının fəaliyyəti yoxlanılarkən aşkar edilmiş qanun pozuntuları üzrə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimov qulluq mövqeyindən istifadə etmə və vəzifə saxtakarlığı yolu ilə etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəyərək talayıb.

Anar Həşimov filial müdiri işləyərkən depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırıb, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb. Törətdiyi cinayət əməllərinə görə Anar Həşimov Cinayət Məcəlləsinin etibar edilmiş külli miqdarda özgə əmlakını talama və vəzifə saxtakalığına görə məsuliyyət nəzərdə tutan 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, Mərkəzi Bank tərəfindən aparılmış yoxlama zamanı depozitlərin qəbulu, kreditlərin verilməsi, müəssisələr arasında bank əməliyyatlarının həyata keçirilməsi prosesində aşkar edilmiş digər qanun pozuntuları üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Bələdiyyə sədrinin cinayətləri

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən torpaq sahələrinin qanunsuz satılması, zəbt edilməsi kimi aktuallığı ilə seçilən torpaq üzərində mülkiyyət hüququnun pozulması cinayətləri ilə mübarizə daha da gücləndirilməkdədir.

Belə ki, Balaxanı bələdiyyəsi tərəfindən torpaq sahələrinin qanunsuz satılması barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material üzrə kifayət qədər əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci, 311.2-ci və 313-cü maddələri ilə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Cavanşir Aslan oğlu Məmmədov Balaxanı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb. Qanunvericiliklə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirildiyi halda, o, qanunun tələblərini pozaraq 2008-ci il yanvarın 23-dən 2009-cu il iyulun 10-dək olan müddətdə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Balaxanı bələdiyyəsinin ərazisində yaşamayan və ya həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına, ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair təkbaşına qərarlar qəbul edib. C.Məmmədov həmin torpaqların alqı-satqı yolu ilə vətəndaşların mülkiyyətinə verilməsini təşkil etmiş, Balaxanı bələdiyyəsinin qanunla qorunan mənafelərinə zərər vurmuşdur.

Bundan əlavə, o, yenə həmin vəzifədə işləyərkən mülkiyyətində olmasa da, faktiki istifadə etdiyi 850 kvadratmetr torpaq sahəsini satması və torpaq sahəsinə bələdiyyədən sənəd verilməsi üçün 2009-cu il oktyabrın sonunda ona müraciət edən Balaxanı qəsəbəsinin sakini Ədalət Əliyevdən həmin torpaq sahəsinə digər şəxsin adına köhnə tarixə, yəni 2005-ci il üçün sənəd verməsinə görə 3 min ABŞ dolları məbləğində rüşvət alıb.

Törətdiyi cinayət əməllərinə görə Cavanşir Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci, 311.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

Saxta kreditlər "Azərdəmiryolbank" ASC-nin "Gəncə-2" filialının 2008-ci il yanvarın 1-dən 2009-cu il iyulun 7-dək olan dövr ərzində fəaliyyəti bankın kredit və daxili audit departamentinin auditorları tərəfindən yoxlanılarkən plastik kart vasitəsilə kreditlərin verilməsi prosesində, biznes və digər məqsədlər, eləcə də avtomobil almaq üçün kreditlərin verilməsi zamanı külli miqdarda pul vəsaitinin talanması faktları aşkar edilib. Toplanmış material hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmin material üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, "Azərdəmiryolbank" ASC-nin "Gəncə-2" filialının müdiri vəzifəsində işləyən Fərid Qurbanov 2006-cı ildə dostu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Malik Hüseynov ilə qabaqcadan cinayət əlaqəsinə girərək sonuncunun icarəyə götürüb işlətdiyi çoxsaylı mağaza və iaşə obyektlərinə işə götürdüyü, eləcə də qohumluq və tanışlıq münasibətində olduqları şəxslərin, yaxud əvvəllər filialın xidmətlərindən istifadə etmiş şəxslərin adlarına 2006-2009-cu illərdə kredit verilməsinə dair saxta müqavilələr və digər rəsmi sənədlər tərtib edib. Bundan əlavə, vətəndaşların qanuni şəkildə götürdüyü kredit hesabına apardıqları ödəmə pullarını uçotdan gizlədərək ələ keçirmiş və bununla da "Azərdəmiryolbank" ASC-yə məxsus 1 milyon 678 min 255 manat məbləğində külli miqdarda nağd pul vəsaitini talayıb.

Törətdikləri cinayət əməllərinə görə Fərid Qurbanov və Malik Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Rüşvətxor direktor Ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri və "Kapitalbank" ASC-nin 1 nömrəli Binəqədi rayon filialının vəzifəli şəxsləri barəsində toplanmış materiallar üzrə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2 min 500 manat məbləğində rüşvət alıb.

Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilmişdir ki, 2006-2009-cu illərdə Ş.Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapital Bank"ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilmiş, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş.Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.

Bundan sonra bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka krediti rəsmiləşdirərək həmin borcları ödəmişdir.

İstintaqla müəyyən edilib ki, Ş.Gülmalıyeva qeyd olunan illər ərzində "Nikoil Bank"ın 2 nömərli filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürüb, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Hazırda həmin iş üzrə araşdırma davam etdirilir. Zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilməklə Ş.Gülmalıyevanın və cinayətin digər iştirakçılarının əməllərinə hüquqi qiymət veriləcək.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bəyan edib ki, bundan sonra da digər hüquq-mühafizə orqanlarının bu sahədə ixtisaslaşmış qurumları ilə əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI