Abid Tahirli,
filologiya elmləri doktoru
Osmanlı, rus, Qərb, Şərq, xüsusən də Azərbaycan ədəbiyyatını dərindən bilən, ədəbi prosesi diqqətlə izləyən, bunlarla da kifayətlənməyən dahi İsmayıl Qaspiralı sənət, sənətkarlıq məsələlərinə, yazıçı məfkurəsi və missiyasına, əsərlərin mövzusu, ideya-istiqaməti, dil, üslub problemlərinə, eləcə də milli ədəbiyyatın inkişafına, tənqidçinin vəzifəsi və tənqidin ədəbi sözə təsirinə dair bu gün də aktuallığını və əhəmiyyətini zərrəcə itirməyən çox sayda məqalələr qələmə almışdır. İstedadlı yazıçı-publisist, naşir, redaktor və yeni üsullu məktəb yaradıcısı İ.Qaspiralının çoxşaxəli inadkar, fədakar, məhsuldar fəaliyyətinin bəzi sahələri ilə bağlı
araşdırmalar epizodik və səthi olsa da, aparılmışdır. Lakin onun zənginədəbi-tənqidi görüşləri, milli ədəbiyyatın, ədəbi dilin inkişafına həsr olunmuş irsi ürək ağrısı və acı təəssüf doğursa da, qeyd olunmalıdır ki, hələ də ədəbiyyatşünaslığımızın diqqətindən kənardadır.
Vaxtı ilə – İ.Qaspiralı sağ ikən, vəfat edəndən sonra da çar və sovet dövründə onun ideyaları «pantürkist», «panislamist» damğaları ilə gözdən salınmış, qatı rus millətçilərinin, şovinistlərin, türk düşmənlərinin, missionerlərin, xəfiyyə, senzor və məmurların, eləcə də milli satqınların təqibinə, təzyiqinə, aramsız, amansız hücumuna məruz qalmışdır. İş o həddə çatmışdır ki, İ.Qaspiralı rəsmən düşmən elan edilmiş, məzarı dağıdılmışdır. Qəhrəman və sarsılmaz Krım tatarlarının ana Vətəndən sürgün edilməsinə baxmayaraq, İ.Qaspiralının irsi, ideyaları doğma Baxçasarayda, Türkiyədə və Azərbaycan mühacirlərinin nəşri fəaliyyətində unudulmamış, diqqətdə saxlanılmışdır. Qardaş Türkiyədə qaspiralışünasla bağlı xeyli sayda dəyərli tədqiqatlar nəşr olunmuşdur. Təqdirəlayiqdir ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin də böyük dostu prof.dr. Əli Yavuz Akpinar XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının lideri İsmayıl Qaspiralının 3 cildlik seçilmiş əsərlərini hazırlayıb (I cildi Bayram Orak və Nazim Muradovla birlikdə) nəşr etdirmişdir (İstanbul, «Ötüken» nəşriyyatı. I cild, 2003-cü il, 476 səh., II cild 2004-cü il, 422 səh., III cild, 2008-ci il, 512 səh.). Xüsusi vurğulamağa ehtiyac vardır ki, Y.Akpinar hər üç cildə «Ön söz», II cildə irihəcmli «Giriş» yazmışdır. Türk-islam tarixinin mümtaz zəka sahiblərindən olan İ.Qaspiralının ədəbi baxışlarını, tənqid yaradıcılığını, tənqid konsepsiyasının mahiyyətini, məğzini aydın dərk etmək, düzgün dəyərləndirmək üçün müəllifin bu qəbildən olan yazılarının məzmununa görə aşağıdakı şəkildə təsnifatını aparmaq vacibdir:
- tənqid, onun elmi-nəzəri əsasları və vəzifələri;
- Osmanlı yazıçıları və ədəbi nümunələri;
-Qərb, rus yazıçıları və ədəbi nümunələri;
- Rusiya imperiyasında yaşayan türk xalqları yazıçıları və ədəbiyyatı;
- Azərbaycan yazıçıları və ədəbi əsərləri;
-milli ədəbiyyat və tərcümə prolemləri;
- ortaq ədəbi dil, üslub, sənətkarlıq məsələləri.
İ.Qaspiralı özünün tənqidlə, onun elmi-nəzəri əsasları ilə, Qərbdə, Rusiyada və Osmanlıda tənqid tarixi və tənqidə münasibətlə bağlı fikirlərini, mülahizə və mühakimələrini «Tərcüman» qəzetində dərc etdirdiyi çoxsaylı yazılarında («Osmanlı mətbuatı», «Tənqid», «Tənqid, yəni ölçü», «Muaheze», «Fəcr», «Məcburi deyil, lazımi cavab», «Nə səbəbdən geri qaldıq» və s.) geniş işıqlandırmışdır.
İ.Qaspiralı müasirlərinin, eləcə də klassik filosof və tənqidçilərin sahə ilə bağlı fikirləri, mühakimələri ilə yaxından maraqlanırdı. Aristotelin – Ərəstunun, Platonun– Əflatunun əsərlərində poeziya, dram və digər sənət sahələrinin tənqidinə ayrıca fəsil həsr olunduğunu, bu işin bir elm sahəsinə çevrildiyini qeyd edən müəllif tənqidin qədim Yunan və Romalılardan Avropaya keçdiyini, daha sonralar rus tənqidinin yarandığını göstərirdi. Müəllifin fikrincə, Rusiyada tənqid daha çox yayılmış və gözəl məsləyə çevrilmişdir, hətta burada «insanın fikrindən, qələmindən və əlindən zühur edən bütün əsərlərin ətraflı tənqidə çəkilməsi, hər əsərin gözəlliyinin və faydasının ölçülməsi bir qayda hökmünə girmişdir» (Tənqid. «Tərcüman», № 1, 7 yanvar 1896). Adını çəkdiyimiz yazıda İ.Qaspiralı bununla, belə müsəlman ədəbiyyatında tənqidin olmadığını təəssüflə bildirir. Bəziləri barədə həcv, yaxud mədhiyyələr yazılsa da, bunlar təhlildən sayılmaz. O yazır: «Halbuki, tənqid ədəbiyyatın tərəzisidir, tərəzisiz bazar, tənqidsiz ədəbiyyat lazımınca parlaq ola bilməz. Bez bazarına arşın, çörək bazarına okka necə lazımdırsa, ədəbiyyata ölçü olan tənqid, bəlkə daha artıq lazımdır. Ədəbiyyat maddidən daha vacib olan mənəvi qidamızdır ki, mizan istər. Hər nə olsa geymirik, hər nə olsa yemirik, elə isə hər nə olur-olsun oxunarmı?» Bədii nümunələri məfkurə məsələsi prizmasından dəyərləndirən İ.Qaspiralı tənqidin qarşısında konkret vəzifələr qoyur: tənqid bitərəf, obyektiv olmalıdır, yalnız nöqsanları göstərməklə kifayətlənməməlidir, əsərin nə dərəcədə yararlı olduğunu meydana çıxarmalı, isbat etməlidir; tərcümə olunan əsərlərin bir-birindən fərqi nədir, faydası nədir, müəllif nə deyir, düşüncəsi nədir, toplumun mühakiməsinə çıxardığı məslək nədir, roman nədir, hekayə nədir? – tənqid bunları açacaq, anladacaqdır.
Ədəbi-tənqidi görüşlərinin ən cazibədar cəhətinin bədii ədəbiyyata millilik amilinin aparıcı olduğunu irəli sürən İ.Qaspiralı Osmanlı ədəbiyyatında tənqidin yerini qeybətin tutduğunu yazır və bunu aslanın yuvasını zəbt etmiş tülküyə bənzədir. Sonra da sual edir ki, tənqid lazımdır, amma tənqidçi kim olacaq? Tənqidçidən məsuliyyətlilik, prinsipiallıq, hazırlıqlıq, cəsurluluq tələb edildiyini diqqətə çatdırmaq üçün yazır: «Bu belə işdir ki, çörəkçilikdən və vaqon kömürçülüyündən daha ağırdır…». İ.Qaspiralı irsində tənqidlə, onun qarşısında qoyulan vəzifələrlə bağlı müddəaları ümumiləşdirsək, aşağıdakı qənaətlər hasil olar:
- tənqid ədəbiyyatın, düşüncə və əməlin mizanı və ölçüsüdür ki, mütləq lazımdır;
- tənqidin mətləbi gerçəyin ortaya çıxarılmasıdır;
- tənqid hər əsərin, hər fikrin, hətta hər işin həqiqi dərəcəsini təyin və zahir
edir;
- tənqid bir ziyadır ki, gözəl düşüncə və əməl onun sayəsində təyin edilir;
- tənqid yoxdursa, gözəl düşüncənin, əməlin fəna, yaxud əksinə eybəcər düşüncənin,
pis əməlin gözəl görünməsi ehtimalı var;
- tənqid hər tərəfə baxan bir gözdür, yaxşı görərsə, çox iş görər;
- tənqid ən əvvəl əsərin dilinə göz edər: dil sadə, anlaşıqlı, təsirli, qüdrətli,
obrazlı olmalıdır;
- bir mövzudan iki qələm sahibi iki cür yazar. Bunların gözəlini, istifadəyə yararlısını müəyyənləşdirmək tənqidə, tənqidçiyə məxsusdur;
- ədəbi tənqidin meydanı çox genişdir: əsərin dili, üslubu, sənətkarlıq səviyyəsi, məzmunu, ideyası araşdırılır, bəyan və təyin edilir, istifadəyə yararlılığı müəyyənləşdirilir;
- əsər var ki, qayət gözəl və süslü dil ilə yazılır, fəqət istifadəyə yararsızdır, əsər var ki, dili qabadır, gözəl deyildir, fəqət fikri çox dəyərlidir – bunları tənqid üzə çıxarır;
- tənqidin ictimai həyata təsiri daha güclüdür: pis düşüncələri, əməlləri, köhnə, ziyanlı adət ənənələri rədd edib, ictimai şüuru oyandıran tənqiddir;
- tənqid obyektiv, tərəfsiz olmalıdır, günəş şüası kimi qaranlıqda görülməz şeyləri aşkar edir;
- tənqidçinin tərəzisi böyükdür: hər şeyi çəkər, ölçər.
Türk xalqları üçün ortaq, həm də sadə, hər kəs tərəfindən anlaşılan ədəbi dil uğrunda mücadilə aparan İ.Qaspiralı tənqidin dilinin də terminlərlə, uğursuz əcnəbi sözlərlə yükləməyin qəti əleyhdarı olmuşdur. O, ədəbi-tənqidi dildə işlənən bütün sözlərin, hətta Avropa dillərində «kritik», ərəblərdə «tənqid» kimi işlənən sözlərin də türkcəsinin tapılmasına çalışmışdır. «Tənqid»i ölçü və ya «çəki» sözləri ilə tərcümə etmək istəyirəm – yazan (Tənqid, yoxsa ölçü) İ.Qaspiralının fikrincə, ilk vaxtlar bu söz bəlkə bir qədər qaba görünər, lakin işləndikcə belə olmadığı üzə çıxacaq: «Bu dediyimi çəkiyə alınız: haqqım olub-olmadığını fikrə çəkiniz, əgər
çəkiniz doğru olub yanlışım çəki ilə meydana qoyularsa, bu çəkinizdən çox razı olaram». İ.Qaspiralı elçixanələrdəki əsgəri məmurlara «ateşe militer», «ateşe neval» deyilməsinə qarşıdır. Yaxud, o «təyyarə» kəlməsinin «uçquç» kimi işlədilməsini təklif edir. Bununla belə İ.Qaspiralının fikrincə, türkləşmiş ərəbcə sözlər çipçiy fransız istilasından daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək ki, termin problemi dilçiləri ədəbiyyatşünasları, tənqidçiləri daim düşündürmüşdür. «Təravətsiz, soyuq peşəkar nəfəsindən söz düzümü, söz sırası pozulan, epitet çuvalının, termin xurcununun ağırlığı altında əzab çəkən cümlələr» (Yaşar Qarayev. Meyar şəxsiyyətdir.
Bakı. Yazıçı, 1988. «Tənqidçi təfəkkürü və tənqidin dili» məqaləsindən, səh.356) bu gün də sahənin ciddi problemlərindəndir. Osmanlı yazıçıları və onların bədii əsərləri haqqında İ.Qaspiralının qələmə aldığı məqalələr onun ədəbi-tənqidi görüşləri barədə təəssüratı xeyli zənginləşdirir. Rəcaizadə Əkrəmin İstanbulda çıxan «İqdam» qəzetində dərc olunmuş «Saimə» adlı hekayəsi haqqında resenziyada («Tərcüman», 30 mart, № 13, 1897) əsəri «gözəl hekayə» kimi təqdim edir və bunu deməyə əsası olduğunu yazır: «Çünki «Saimə» bulvar qızının, yaxud kafe bülbülünün hekayəsi deyil, milli bir hekayədir». Tənqidçi Osmanlı həyatının, məişətinin mənzərəsini parlaq boyalarla, real əks etdirildiyini, faciələrlə dolu həyata məhkum olan Saimənin, atası «çiçək maraqlısı, kitab və mütaliə həvəslisi Sadıq əfəndinin, talesiz anası Səadət xanımın iztirablarını, qəlb çırpıntılarını inandırıcı şəkildə oxucuya çatdırıldığını və əsərin dərin tərbiyəvi təsirini məmnunluqla vurğulayır. İ.Qaspiralı özünün tənqidçi tələblərinə ciddi riayət edir. Əsərin süjeti, kompozisiyası, obrazları, dili barədə dolğun təhlil aparır. Hekayənin dilini təqdir edir: «Dili sadədir və sadəliyi ilə bərabər yaraşıqlı və ləzzətlidir. Ümidvarıq ki, bu hekayəni oxuyanlar dil və təsvirlər cəhətdən ləzzət alıb məmnun qalacaqlar». Bununla belə, İ.Qaspiralı hekayədə yol verilən yersiz terminlərə və xoş olmayan ifadələrə də rast gəldiyini vurğulayır və bu qüsurlara göz yummur. Şübhə etmir ki, yazıçı bu termin və ibarələrin «türkcəsini çox gözəl bilir, bildiyi halda yazması»nı da tələb edir. «Fəcr» adlı tənqid («Tərcüman», 18 avqust, № 32, 1896) İstanbul şairlərindən Abbas Xavərinin eyni adlı kitabına həsr olunmuşdur. Həcmcə kiçik olan məqalədə müəllif əsərlə bağlı çox əhatəli məlumatlar verməyə, kitabdakı şeir və hekayələri təhlil etməyə, dəyərləndirməyə müvəffəq olmuşdur. Kitabın həcmi (30 səh.), içindəkilər (beş-on parça şeir, bir-iki nəsir), tərtibatı (gözəl və sevimli), dili (sadə türkcə, gözəl yazılmış, rahat oxunan) barədə qısa, lakin kifayət qədər dolğun informasiyalar əsər barədə xeyli təəssürat yaradır. İ.Qaspiralı kitabdan sitatlar gətirərək şeir və hekayələrin məzmununun qısa xülasəsini verir, əsərin ideyası, yazıçının məramını təhlil edir, yazıların tərbiyəvi əhəmiyyətini məmnunluqla vurğulayır. Bəzən tənqidin dilini quru, rəsmi dilə bənzədirlər. İ.Qaspiralı tənqidi ilə bağlı bunları söyləmək olmur. Onun tənqidinin dili canlı, obrazlı, bədii dilə yaxındır. Elə haqqında bəhs etdiyimiz məqalədəki bir cümləyə diqqət yetirək: «Haqqında bəhs etdiyimiz əsər «Fəcr» olduğundan (dan yeri söküləndə üfüqdəki qızartı – T.A.) irəlidə daha parlaq sabahın və gündüzün görülməsini arzu edirik». İ.Qaspiralının tənqidçi «mən»i həmişə həm yazıçının, həm də oxucunun yanındadır. O, təhlil, tənqid, yaxud təqdir etməklə, dəyərləndirməklə kifayətlənmir. Tövsiyələrini də əsirgəmir: «…daim sadə yazmağa himmət edin. Bunu bacarırsınız. İstedadınızı Şirazivari gül, bülbül və qədəhə xidmətçi etməyin, bunlardan bezdik. Qəhrəmanları xatırlayın, cəhalət və nadanlığa qarşı mübarizə aparan böyük simaları təsvir edin. Belə əsər dildən-dilə dağları aşar, şüuru oyandırar, iş görər. «Fəcri» Kaşqara da göndərin, çünki sadə dili sayəsində orada da onu anlayacaqlar». İ.Qaspiralı tənqiddə prinsipial, qətiyyətli olduğu qədər səmimidir, arqumentləri inandırıcıdır. Ümumiyyətlə, tənqidçinin inandırmaq məharəti həmişə gündəlikdə olmuşdur, bu gün də aktuallığını itirməmişdir.
Görkəmli alim prof. Nizaməddin Şəmsizadə «Tənqidin ədəbi prosesdə rolu» monoqrafiyasında yazır ki, hər cür mühakimə kimi, tənqidi mühakimənin də birinci məziyyəti inandırmadır. O, həm yazıçını, həm də oxucunu eyni səviyyədə inandırmalıdır. İnandırmaq üçün, tənqidi mühakiməni irəli sürən subyektin ehtimal və fərziyyələri haqqında fikir söylənilən bədii obyektin tarixi vəziyyəti baxımından məntiqli, mülahizələri isə arqumentli olmalıdır (Nizaməddin Şəmsizadə. Seçilmiş əsərləri. Üç cilddə. Üçüncü cild. Bakı, «Elm», 2011, səh.27). Xələfin mühakimə və müddəaları sələf üçün hələ 100-150 il bundan əvvəl kredo olmuşdur – desək, yəqin
yanılmarıq.
İ.Qaspiralı yaradıcılığını Osmanlı həyatından, ədəbi, mətbu mühitindən kənar təsəvvür etmək qeyri-mümkündür. Onun ədəbi-tənqidi görüşlərinin formalaşmasında, inkişafında, zənginləşməsində bu faktorların yeri, rolu danılmazdır «Osmanlıların ən sevimli yazıçısı, İstanbulda ən mötəbər dil, səadətli Namiq Kamal, «sadədən sadə, açıqdan açıq ibarələri ilə məqbul» Sami Şəmsəddin, «Osmanlıların ən güclü publisistlərindən Midhət Əhməd», «Osmanlı mühərrirləri və naşirləri arasında şöhrətli Tofiq Əbüzziya», digər Osmanlı yazıçı, şairlərinin yaradıcılığı, İstanbulda nəşr olunan mətbu orqanların materialları ilə bağlı İ.Qaspiralının tənqidi bu gün də böyük maraq doğurur, aktualdır. Eyni sözləri Azərbaycan ədiblərinin yaradıcılığına həsr etdiyi yazılara da şamil etmək olar. M.F.Axundzadə, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı, Nəriman Nərimanov və s. kimi xadimlərin ədəbi-mədəni fəaliyyəti ilə bağlı çoxsaylı qeydləri, Seyid Əzim Şirvaninin şeirləri («Tərcüman», 1 oktyabr 1895), Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan tifaq» komediyası haqqında («Tərcüman», 18 oktyabr, 1899) rəy və resenziyaları, eləcə də «Əkinçi», «Ziyayi Qafqaziyyə», «Kəşkül», «Şərqi-Rus», «Həyat», «İrşad», «İqbal», «Səda», «Həqiqət», «Molla Nəsrəddin», «Məktəb» kimi Azərbaycan mətbuat nümunələri, xüsusi ilə onların dil sahəsindəki fəaliyyətləri ilə əlaqədar İ.Qaspiralının çoxsaylı mülahizə və mühakimələri onun ədəbi-tənqidi görüşlərini dəyərləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. XIX əsrin II yarısı Rusiya müsəlmanları üçün tərcümə ədəbiyyatı necə olmalıdır? Kimlər, hansı əsərlər tərcümə edilməlidir? Tərcümə ədəbiyyatı Rusiya müsəlmanları arasında hansı missiyanı daşımalıdır? Bu suallara Rusiya müsəlmanlarının tərcümanı İ.Qaspiralı «Tərcüman» qəzetinin bir neçə nömrəsində (20 noyabr, № 41, 12 dekabr, № 44, 1884; 17 yanvar, № 2, 15 fevral, № 6, 8 mart, № 9, 15 mart, № 10, 1885; 17 sentyabr, № 35, 1895) dərc etdirdiyi «Osmanlının məişət və ədəbiyyatı» adlı irihəcmli yazısında özünəməxsus tərzdə – ciddi arqumentlərə, konkret faktlara istinad edərək, ədəbi materialları dəyərləndirərək cavab verir. Məqalədə Osmanlıda Qərb ədəbiyyatından edilən tərcümələr timsalında İ.Qaspiralı fikir və mülahizələrini irəli sürür, tərcümə ədəbiyyatı ilə bağlı baxışlarını bölüşür. Müəllif əvvəlcədən bəyan edir ki, məqsədi mədhiyyə etmək yox, təhlil və tənqid etməkdir. Onu da bildirir ki, Osmanlıda belə bir ənənə yoxdur, odur ki, yazılanlarda nöqsan görüldükdə həmən birdən-birə ayıb dəftərinə yazılmasın». Tənqidçi son 10-15 ildə Osmanlıda kitab, qəzet nəşrinin xeyli irəlilədiyini vurğulasa da, onların sırasında Qərb ədəbiyyatının qorxulu melodramlarının, məişət romanlarının üstünlük təşkil etdiyini təəssüflə bildirir: «Əksəriyyəti Paris məişətini və Fransız ictimai fikrini təsvir edən romanların Osmanlı məişətinə təsiri ola bilərmi?.. Parisin Marqaritası, Jozefini, Lizası və onların tayları harada, İstanbulun Ayşə, Fatma mübarəkləri harada? Onların arasında dağlar var, deyilmi? Avropa ədəbiyyatının qədrini bilmədiyimizi, ona qarşı olduğumuzu zənn etməyin. Qətiyyən! Söyləyəcəyim ancaq budur ki, iki Fransız romanından bir milli hekayə mənfəətlidir». Yeri gəlmişkən, Rusiya müsəlmanlarının mövcud ağır, acı vəziyyətini, cəhalət, mövhumat, laqeydlik, durğunluq halını nəzərə alan və bundan çıxış yolunu arayan İ.Qaspiralı, fikrimizcə, haqlı olaraq şəraitə uyğun olaraq ədəbiyyata «ədəb, əxlaq, hünər və elm intişarına xidmət edən qələm əsərləri» tərifini vermişdi («Ədəbiyyatı cədidə» adlı məqalə. «Tərcüman», 1888-ci il, № 13). İ.Qaspiralı təəssüflə yazır ki, bizim məşhur Avropa əsərlərini mütaliə etmək zamanımız irəlidədir, səbr etməliyik. O, Qərb ədəbiyyatı nümunələrinin Şərqdə mütaliəsinin və onun ictimai fikrə təsirinin mümkünlüyünü, Şərq xalqlarının həyat və təfəkkür tərzində Avropalılarla müqayisədə «müştərək hallardan müştərək olmayan hallar daha ziyadə olmadığı» vəziyyətdə məqbul hesab edir. Müəllif fikrini əsaslandırmaq üçün Qərb ədəbiyyatının geniş yayılmış nümunələrindən çoxlu sitatlar gətirir. «La dame o Kamelya» adlı romanı parisli qadın oxuyanda gözləri yaşaracaq, İstanbullu xanım güləcək. Parisli müsyö «nə böyük, nə heyrətamiz bir varlıq» - deyəndə, İstanbullu bəy əfəndi «dəlimi bu, nədir belə? – deyəcək.
Qoca ərinə xəyanət edib cavan aşiq tapmış bir madama parisli «maşallah, bax, məhəbbət belə olar» - dedikdə, istanbullu bəyin dərhal «məlunun boğazına ip salın» - deyəcəyi şübhəsizdir. İ.Qaspiralı Avropa ədəbiyyatını birmənalı rədd etmir. Milli ədəbi irsə köklü və konseptual münasibəti ilə fərqlənən tənqidçi yazır: «Teatr və roman düşməni deyilik. Lakin Şekspir, Höte, Volter, Skott, Şatobrian, Spilhagen, Molyer və bunlara bənzər ünlü yazarların əsərlərini demirəm, amma Osmanlıların Pol de Kok, Qaburyo kimi yazıçıların əsərləri ilə gün keçirmələrini caiz görmürük». Ədəbiyyatda milli maraqların və xarakterlərin bədii ifadəsinin tərəfdarı olan İ.Qaspiralı bu qənaətini belə əsaslandırır ki, Pol de Kok və onun kimilərinin əsərləri bir əsrlik və bir məhəlləlikdir. Şekspir və onun kimilərinin əsərləri dünyanın hər tərəfinə, bütün əsrlərə, bütün millətlərə xidmət edir. O, yazır: «Bir «Hamlet» ilə bir «Otello» beş-on fransız melodramından çox faydalıdır».
Osmanlı ədəbiyyatının da parlaq nümunələrinin yaranacağına inanan, ümid edən səriştəli tənqidçi İ.Qaspiralı əmindir ki, vaxt gələcək İstanbul qəzetləri 5 sətirlik yazıya on sətirlik mədhiyyə yazmağı tərgidib «bu əsər yaxşıdır, bu əsər şor və gopdur» - deməyə cəsarət tapacaqdır. Müəllif məqalədə Osmanlı qəzetlərində (o vaxt Osmanlıda türk, ərəb, fransız, rum, erməni və s. dillərdə 140-a qədər qəzet çıxırdı – T.A.) dərc olunan materiallara, ədəbi nümunələrə diqqət yetirir, təhlil süzgəcindən keçirir. Həftəlik nəşrlər sırasında ən çox bəyəndiyi «qayət məlumatlı və ziyalanmış mühüm fikirli, məsləyi xaricində qələm çəkməz bir zat olan Şəmsəddin Sami bəyin» «Həftə» məcmuəsinin adını çəkir. «Həftə» məcmuəsinin dili sadə, açıq, divanxana dilindən və müşkil şivədən uzaqdır. Odur ki, bu məcmuəni oxuyan sadə istanbullu Volter və Russo kimi filosofun yazdıqlarını rahatlıqla anlaya bilir. «Osmanlı mətbuatı» adlı yazıda (17 sentyabr 1895, № 35) İ.Qaspiralı tərcümə ədəbiyyatı barədə söz açır, eyni zamanda tərcümə ədəbiyyatı ilə bağlı tənqidin qarşısında duran vəzifələri göstərir. Qeyd edir ki, son illər Osmanlıda Şekspir, Höte, La Fonten, Şiller, Bayron, Hüqo, eləcə də rus ədiblərindən Qriboyedov, Puşkin, Tolstoy, Lermontov kimi şair və yazıçıların əsərləri tərcümə edilmişdir. Bunları təqdir edən İsmayıl Qaspiralı təəssüflə yazır ki, Osmanlı ədəbiyyatının tərəqqisinə bir amil əngəldir. Bu tənqidin, təhlilin yoxluğudur. «Tənqid» adlı yazısında (8, 22, 29 oktyabr, № 38, 40, 41; 5 noyabr, № 42, 3 dekabr 1895; 7, 14, 28 yanvar, № 1, 2, 4, 1896) İ.Qaspiralı qeyd edir ki, son illər İstanbulda nəşr olunan ədəbi kitabların yarısı tərcümə romanlarından ibarətdir. Onun fikrincə, roman, xüsusi ilə tərcümə edilmiş roman vaxt keçirmək, könül əyləndirmək üçün olmamalıdır.
Tərcümə olunan roman oxucunun düşüncəsinə, tərbiyəsinə təsir etməyə, onun məlumatlandırılmasına xidmət etməlidir. Mövzularına görə romanları üç növə bölən (fikir, psixoloji və tarixi romanlar) İ.Qaspiralıya görə romançı gözəl və işlək qələm, zəngin düşüncə fikirləşdiyini mahir rəssam kimi, lakin fırça ilə yox, qələmlə təsvir etməyi bacaran istedad sahibi, insanın daxili, ruhi dünyasını duyan olmalıdır. Yoxsa, filan Jozefinanın filan Alfredlə olan sevişməsini və ya bizim Fatmalardan birinin, bizim Süleymanların birinə yaşmaq arxasından çəkdiyi ah-ufları hekayə etmək, roman yazmaq deyildir. İ.Qaspiralı Takerey, Hüqo, Spilhagen, Puşkin, Tolstoy, Filamaryon, Jül Vern kimi yazarları təqdir etsə də, Pol de Kok, Qaburyo və hətta Emil Zolya, Pol Berje kimi romançıları rədd edir və yazır ki, onların vasitəsi ilə Qərb həyat tərzini tanımaqdansa tanımasaq, onların yazdıqları ilə əylənməkdənsə əylənməsək yaxşıdır. Onlardansa, aşağı səviyyəli milli hekayələri oxumaq daha əfzəldir. İ.Qaspiralı «bayağı roman tərcümələrini yağmur kimi yağdırmanın», təsadüfi əcnəbi əsərlərinin tərcümə edilməsinin qəti əleyhinə çıxır və fikrini əsaslandırmaq üçün bu cür əsərlərin obrazlarının xarakterini, həyat və düşüncə tərzini nümayiş etdirən parçaları sitat gətirir, təhlil edir, dəyərləndirir və nəticə çıxarır: «belə romanların Şərq əhlinə verəcək dərsi, edəcək hüsni təsiri nədir: Heç bir şey!» İ.Qaspiralı bu qəbildən olan tərcümələrin nəşr olunmasını zərərli hal olduğuna işarət etməklə kifayətlənmir, milli, dəyərli roman yazmaq yollarını göstərir və Şərq həyatının roman üçün mövzuya yaramadığı fikrini irəli sürənlərlə barışmır: «Paris fahişəsinin başına gələnlərdən heyrətlənir, onun qəlb sızıltılarından gözümüz yaşarır. Bursa və Əskişəhər Fatmalarının halını yazan, hissiyyatlarını bəyan edən kamil ədib tapılsa, Dümaların, Zolyaların qələmlərindən tökülən madamlardan daha artıq ibrətli və təsirli dərs alınacağı şübhəsizdir». Müəllifə görə, roman və hekayə yazmaq üçün mütləq bulvara, yaxud pianolu salona getmək lazım deyildir.
Çaldıran döyüşü, Vyana mühasirəsi, Cəm Sultan faciəsi, Yunan, Misir üsyanları, Ankara hadisələri… müstəqil üç cildlik roman ola bilər. Bəla burasındadır ki, Osmanlı mühərrirləri Avropasayağı və Avropa həyatından roman yazmağa meyl göstərirlər, sanki Avropada romançı azdır və Şərqdən yardım istəmişlər. İ.Qaspiralı milli roman yazmaq əvəzinə zəif əcnəbi əsərləri tərcümə etməyə üstünlük verənlərlə qətiyyən barışmır: «Bəli, hər kəs roman yaza bilməz. Amma bu da tərcümələrə bel bağlamağa əsas vermir: gözəl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü olmayan, lakin faydalıca bir milli hekayə yazmaq daha əfzəldir». Tənqidçinin fikrincə, Osmanlı, islam tarixi, məişəti, indiki halı və gələcəyi o qədər dalğalı bir meydandır ki, yazmaqla, araşdırmaqla tükənməz. Anadolunun hər bir obası bir hekayədir. Osmanlı həyatı əsrlərcə gecə-gündüz davam edən parlaq bir hekayədir. Psixoloji roman üçün əri Kiritdə, böyük oğlu Qaradağda, digəri Plevnedə döyüşən Fatmaların birinin iç dünyasından uğurlu mövzu ola bilərmi?! Tərcümə ədəbiyyatını birmənalı rədd etməyən İ.Qaspiralının qənaəti budur: «Ədəbiyyatın əsası tərcümələr yox, milli hekayələr olmalıdır, milli sevgini, düşüncə və dili inkişaf etdirəcək, süstləndirəcək, xarakteri və əxlaqı tərbiyə edəcək milli hekayələr. Buna çalışmaq qələm əhlinin borcudur: millətin siması ədəbiyyatın şərəfidir». Tərcümə ədəbiyyatı problemi İ.Qaspiralını bütün yaradıcılığı boyu düşündürmüş, narahat etmişdir. Məsələyə dair ayrıca məqalələr həsr etməklə yanaşı, başqa ədəbi mövzularda qələmə aldığı yazılarda da müəllif yeri gəldikdə bu problemə toxunur. Bununla da kifayətlənmir. «Tərcüman»da əcnəbi dillərdən uğurla tərcümə edilmiş bədii parçalar dərc edir. İ.Qaspiralının ədəbi-tənqidi görüşlərini araşdırmaq və dəyərləndirmək, eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni, mətbu həyatınınb özəlliklərini, maarifçi xadimlərimizin fəaliyyət dairəsini öyrənmək baxımından maraqlıdır. Fikrimizcə, gənc tədqiqatçıların bu işə səfərbər olunması zamanıdır.