Modern.az

Fəlakət zonasındakı tibb məntəqələrinə 50 min müraciət daxil olub

Fəlakət zonasındakı tibb məntəqələrinə 50 min müraciət daxil olub

8 İyun 2010, 18:31

Səhiyyə Nazirliyi bəyan edib ki, Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar zərər çəkmiş rayonlarda əhali arasında yarana biləcək yoluxucu xəstəliklərin qarşısının alınması, fəlakət zonasında əhaliyə ixtisaslaşmış tibbi xidmətin göstərilməsi, eləcə də fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə yaradılan qərargah işini davam etdirir.

“Daşqının ilk günü Sabirabad, Zərdab rayonlarının və Şirvan şəhərinin hər birinə dezinfeksiya və dezinseksiya işlərinin aparılması üçün kifayət qədər xlorlu əhəng, xloramin, didifos, deltametrin, eləcə də xüsusi geyim komplektləri, çiləyicilər, birdəfəlik respirator və s ləvazimatlar göndərilib. Zərər çəkmiş rayonlarda epidemioloji vəziyyətin qiymətləndirilməsi və nəzarətdə saxlanılması üçün operativ məlumatın Qərargaha təqdim olunması məqsədilə xəbərdarlıq sxemi hazırlanıb və növbətçi telefonlar müəyyənləşdirilib”. Nazirliyin məlumatına görə, zərər çəkmiş ərazilərdə əlavə əksepidemik tədbirlərin aparılması məqsədilə tələbat öyrənilərək dezinfeksiya, dezinseksiya preparatlarının, malyariyaya qarşı dərman preparatlarının, eləcə də laborator xidmətinin gücləndirilməsi üçün lazımi qidalı mühitlər, reaktivlər, diaqnostikumlar və digər immunobioloji preparatların kifayət miqdarda ehtiyatı yaradılıb. Daşqınların təsir ərazilərində yaşayan əhali arasında yoluxucu xəstəliklərin fəal aşkar edilməsi və əhali arasında sanitariya-maarifi işlərinin aparılması üçün zərərçəkmiş rayonların tibb müəssisələrinin mütəxəssislərindən ibarət tibbi briqadalar yaradılaraq evbəev gəzintilərə başlayıb. Su basmış ərazilərdən köçürülmüş ailələrin kütləvi şəkildə müvəqqəti məskunlaşdığı bütün yerlərdə tibbi xidmət təşkil edilib. Yaradılmış 17 tibb məntəqəsi və 20-dən artıq səyyar tibb briqadaları kifayət qədər dərman preparatları, sarğı materialları və tibbi ləvazimatlarla təmin edilib. Əhalinin kütləvi məskunlaşdığı yerlərdə yaradılmış tibb məntəqələrinə bu müddət ərzində 50 mindən artıq müraciət olunub və onlara müvafiq tibbi yardım göstərilib. Fəlakətdən zərər çəkmiş əhalidən 200 nəfərdən artıq vətəndaş stasionar müalicəyə cəlb olunub, 4 nəfər cərrahi əməliyyat olunub, 56 doğuş qəbul edilib. Hazırda bu əhalidən 39 nəfəri stasionar müalicədədir. Yeni doğulmuşlar üçün Səhiyyə Nazirliyi tərəfindən uşaq arabaları, uşaq bezləri, yataq, bələk dəstləri, uşaq qidaları, gigiyenik vasitələr və s. alınaraq yerlərə çatdırılıb. Hadisələrdə əhali arasında ən çox psixoemosional gərginliyin keçirilməsini nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislər yerlərdə əhali arasında psixoloji yardımın göstərilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirirlər. Əhalinin kütləvi məskunlaşdığı bütün yerlərdə su təchizatı, tullantıların kənarlaşdırılması və qidalanmasının təşkili üzərində sanitariya-epidemioloji nəzarət təmin edilmiş və mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Kür çayının daşması nəticəsində Sabirabad rayonunun su basmış kəndlərindəki zərərçəkmiş 1935 nəfər əhali Şirvan şəhərində Fövqəladə Hallar nazirliyi tərəfindən yaradılmış “Çadır şəhərciyi”ndə və 2 məktəbdə məskunlaşıb. Müvəqqəti məskunlaşma yerlərində qalan əhaliyə tibbi xidmətin göstərilməsi məqsədilə 3 tibb məntəqəsi və 4 tibb briqadası fəaliyyət göstərir, təcili yardım briqadalarının və nəqliyyatının daimi növbətçiliyi təşkil edilib. Sabirabad rayonunda 31.05.2010-cu il tarixinə əlavə olaraq köçürülmüş 18255 nəfər əhali Sabirabad rayonunda 5 məktəb binasında və 1 çadır şəhərçiyində məskunlaşıb. Saatlı rayonu üzrə su basmış məntəqələrdən köçürülmüş 4863 nəfər əhalidən 695 nəfəri məktəblərdə və s. inzibati binalarda yerləşdirilib. 15 kütləvi məskunlaşma yerlərində 8 tibb məntəqəsi təşkil olunub. Bu ərazilərdə yaşayan əhali arasında kütləvi qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində də müəyyən işlər görülüb. Belə ki, qida sənayesi obyektləri, ictimai iaşə, ticarət, uşaq və yeniyetmə müəssisələri üzərində nəzarət artırılmış, küçə ticarətinin, nəzərdə tutulmayan yerlərdə ət kəsiminin qarşısının alınması üçün dövlət sanitariya nəzarəti gücləndirilib. Əhalinin istifadə etdiyi su mənbələri üzərində laborator nəzarəti təmin edilib. Malyariya xəstəliyinin profilaktikası məqsədilə fəal malyariya ocaqlarında epidemioloji vəziyyətdən asılı olaraq lokal kimyəvi profilaktikanın və dezinseksiya tədbirlərinin aparılması su basmış ərazilərdə entomoloji tədqiqatların aparılması ilə su durğunluqlarında delarvasiya işinin aparılmasına başlanıb. Sel basmış və qrunt sularının qalxması nəticəsində su altında qalmış 2,8 milyon kvadrat metr ərazidə qurudulduqdan sonra dezinfeksiya, 5,4 milyon kvadratmetr ərazidə isə dezinseksiya tədbirlərinin aparılması tələb olunur. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI