Prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağackəsmənin Bakıda tam şəkildə dayandırılması və buna görə qanunun sərtləşdirilməsinin vacib olduğunu söyləyib.
“İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Ölkə başçısı bildirib ki, bununla bağlı aidiyyəti qurumlar təklif versinlər. Odur ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir.
Qeyd edək ki, meşə fonduna daxil olan ağacların mühafizəsi və istifadəsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Belə ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədərsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə aparıla bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Modern.az-a bildirib ki, hazırda Milli Məclisdə “Ətraf mühitin mühafizəsi haqqında” Qanun müzakirə olunur. Onun sözlərinə görə, həmin qanunda kifayət qədər sərt tədbirlər nəzərdə tutulur. Digər orqanlar tərəfindən də qanuna dəyişikliklərin təklif olunması gözlənilir.
“Ağac kəsintisinin qarşısını almaq üçün Nazirliyin aidiyyatı şöbələrinin əməkdaşları buna qarşı mübarizə aparırlar. Nazirlik ağacları qeyri-qanuni kəsənlərə qarşı iddialar qaldırır, cərimələr tətbiq edir. Yəni öhdəsinə düşən işi görsə də, sonrakı mərhələlərdə cərimələr ödənmir. Bu səbəbdən də indiyədək 4 milyon 25 min manat cərimə sanksiyasından 25 min 537 manatı ödənilib”.
Göründüyü kimi, nazirlik qanunla qeyri-qanuni ağac kəsənlərə qarşı cərimələr tətbiq etsə də, ağac kəsənlərin böyük bir hissəsi cərimələri ödəmir. Əksər hallarda isə məhkəmələrə kimi gedib çıxan iş son anda elə ağac kəsənlərin xeyrinə həll olunur. Odur ki, qanunda dəyişikliklərin edilməsinə ciddi ehtiyac var.
Gültəkin ƏLƏSGƏR