Modern.az

Gəncənin deputatı: “Perspektivli gəncləri sıradan çıxarmağa çalışanlar var”

Gəncənin deputatı: “Perspektivli gəncləri sıradan çıxarmağa çalışanlar var”

Parlament

16 Aprel 2014, 12:36

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də mətbuatda “nurçu”luqda ittiham olunanlar siyahısındadır. Modern.az saytı bununla bağlı Yeni Azərbaycan Partiyasının funksioneri, Milli Məclisin Gəncədən seçilən deputatı Musa Quliyevdən münasibət öyrənib. O, bildirib ki, xəbər olduqca çirkin informasiyadır:

“Təəssüf edirəm ki, bizim istedadlı, savadlı perspektivli gənclərimizi belə bir hay-küyə, çirkli axına qoşub sıradan çıxarmağa, onları şərləməyə, böhtanda suçlamağa həvəsli olanlarımız da var. Bu, məni çox narahat edir. Naqif Həmzəyevi çox yaxşı tanıyıram. Savadlı,Vətəninə, millətinə sadiq, yüksək təhsil almış, müasir texnologiyanı bilən gənc bir kadrdır. O, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına rəhbərlik edir. Artıq 1 ilə yaxındır ki, bu vəzifəni daşıyır və təşkilatda müsbət istiqamətdə ciddi dəyişikliklər aparılıb. Gəncədə sağlam ictimai-siyasi, mənəvi mühit var. Bu mühitin yaradılmasında şübhəsiz Gəncə şəhər İcra Hakimiyyətinin böyük rolu var. Bu mühitin davam edilməsində, Gəncə əhalisinin rifahının yüksəldilməsində YAP-ın böyük rolu var. Burada söhbət yalnız Naqif Həmzəyevdən getmir”.



Deputat bildirib ki, yeri gəldi, gəlmədi bir sıra gəncləri “nurçu”luqla bağlı ittiham etmək məntiqə sığmır: “Mən bunların çoxuna ciddi baxmıram. Ancaq bu məsələ qısa müddətli olsa da, insanların həyatında, ailələrində, yaxınlarında ciddi narahatçılıq törədir. Belə böhtan, rəzalət dolu yazıların mətbuatda yer almasına təəssüf edirəm. İnanıram ki, ağlı olan, araşdırma apamağı bacaran, normal düşünən insanlar belə yazılara çox uymurlar. Ancaq bütövlükdə belə yazıların mətbuata ayaq açması yolverilməz haldır. Hesab edirəm ki, təkcə Naqif Həmzəyev haqqında deyil, hər hansı ciddi, əsaslı faktlara söykənən məlumatlar olmadan kiminsə barəsində belə yazıların verilməsi düzgün deyil. Bu, nə qanuna, nə də mənəviyyata uyğundur. Bütün saytları vətəndaşlara, perspektivli gənclərə qarşı diqqətli olmağa çağırıram”.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...