“Prezidentin aqrar sektorla bağlı son fərmanı kənd təsərrüfatı məhsullarının istehsalının artmasına təkan verəcək”. Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib. Onun sözlərinə görə, fərmanda söhbət kənd təsərrüfatının strukturundan gedir.
“Bütün rayonlarda nazirliyin idarələri, “Aqrolizinq”in bazası olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazımi texnika və mütəxəssis ehtiyacı təmin olunacaq. Bundan başqa, iri təsərrüfatların yaradılması nəzərdə tutulub”.
E. İbrahimov qeyd edib ki, artıq uzun müddətdir ki, hazırlanmış “Kooperasiya haqqında” Qanunun qəbulu sürətlənəcək.
“Bir sözlə, kənd təsərrüfatı sahəsində rəhbər orqanların səlahiyyətlərinin daha da artırılması nəzərdə tutulur. Əsas məsələ məhsul istehsalının artması və ərzaq təhlükəsizliyini təmin edilməsidir”.
Eldar İbrahimov onu da qeyd edib ki, 1996-cı ildə torpaq islahatı haqqında qanun qəbul edərkən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə dair qadağalara baxmayaraq, bu qanunun müəyyən maddələri işləmir.
““Torpaq islahatı” haqqında qanununda əlavə və dəyişikliklərin edilə, hətta yeri gələrsə, qanun yenidən işlənib hazırlana bilər. Həqiqətən kənd təsərrüfatı üçün yararlı torpaqların azalması, ondan qeyri-məqsədlər üçün istifadə edilməsi halları mövcuddur. Əsasən də xüsusi mülkiyyətə verilən torpaq sahələrində. Buna görə də qanundakı bəzi qadağanedici maddələri gücləndirmək lazımdır”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev də Prezidentin fərmanını yüksək qiymətləndirərək onun kənd təsərrüfatına böyük töhfə verəcəyini bildirib.
“Bu fərman kənd təsərrüfatının inkişafı üçün təkan olacaq. Bir növ, bu fərman Kənd Təsərrüfatı Nazirliyini kəndə yaxınlaşdırdı. Yəni rayonlarda yerli strukturların açılması ilə əlaqədar olaraq artıq sahibkarlar kənd təsərrüfatı ilə məşğul olan, amma Bakı şəhərində yerləşən nazirliyə deyil, rayonların özündə əlaqə saxlaya biləcəklər”.
“Kooperasiya haqqında” Qanunun qəbul olunması ilə bağlı fərmanda yer alan bəndə xüsusi diqqət çəkən E. Quliyevin sözlərinə görə, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib.
“Layihə artıq yaz sessiyasında qəbul edilə bilər. Bu da gələcəkdə iri təsərrüfatların yaradılmasın təkan vermiş olacaq”.
E.Quliyev qeyd edib ki, fərmanda həmçinin aqrar məhsulların qiymətlərinə də dövlət nəzarəti qeyd olunub. “Bu da mühüm məsələdir”.
Xatırladaq ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərman kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyır.
Bu fərmanla Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri yaradılacaq.
Gültəkin ƏLƏSGƏR