Modern.az

Dövlət Torpaq Komitəsindən vəzifəli şəxslərin qanunsuz obyektləri barədə AÇIQLAMA

Dövlət Torpaq Komitəsindən vəzifəli şəxslərin qanunsuz obyektləri barədə AÇIQLAMA

İqtisadiyyat

17 Aprel 2014, 11:43

“Kənd təsərrüfatı təyinatlı torpaqların zəbti ilə bağlı cərimələr artırılacaq”

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi kənd təsərrüfatı təyinatlı torpaqlarının qanunsuz zəbt olunması faktlarını təsdiqləyib. Komitədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlərdə aparılan monitorinqlər, eləcə də ayrı-ayrı məlumatlardan məlum olub ki, torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələrinin və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının təyinatı dəyişdirilir.

“İstər fiziki, istər hüquqi şəxslər, eləcə də vəzifəli şəxslər bu ərazilərdə fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, istirahət zonaları və s. tikililər inşa edirlər”.

Bundan başqa, Komitədən onu da qeyd ediblər ki, İnzibati Xətalar Məcəlləsində torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi üçün cərimə hədləri aşağı olduğundan həmin halların qarşısının alınmasında çətinliklər yaranır.

“2013-cü il üzrə Komitə mütəxəssisləri ölkə ərazisində qanunvericiliyin pozulmasına dair 422 fakt aşkarlayıb. Bundan 150 hal üzrə 15.372 manat məbləğində inzibati cərimə tətbiq olunub. Odur ki, qiymətli kənd təsərrüfatı torpaqlarının zəbt olunaraq qanunsuz istifadə edilməsinin qarşısının alınması məqsədilə mövcud qanunvericilik aktlarının sərtləşdirilməsi, bu istiqamətdə yeni qanun layihəsinin hazırlanması məqsədəmüvafiq hesab olunub. Bu məqsədlə Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində kənd təsərrüfatı təyinatlı torpaqların qeyri məqsədlər üçün özbaşına tutulması, təyinatının dəyişdirilməsi, münbitliyinin aşağı salınması halları ilə bağlı cərimələrin miqdarının (sanksiyasının) artırılmasına dair qanun layihələri hazırlanıb. Hazırda həmin layihələri mərkəzi icra hakimiyyəti orqanlarında razılaşdırılma ərəfəsindədir”, – deyə Dövlət Komitəsindən bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzaladı. Fərmanda diqqət çəkən məqamlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlanması və Prezidentinə təqdim edilməsi ilə bağlı bənddir.



Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım