Modern.az

“Fu, iyrənc... O kimi oynayır???”

“Fu, iyrənc... O kimi oynayır???”

17 Aprel 2014, 12:10

Biz “fahişə” sözünü işlədənlərə etiraz edirik. Biz fahişələrdən iyrənirik. Avtobusda piyinin iyi duxusunun iyinə, o da ənliyinin iyinə qarışıb sarımsaqlı kolbasa iyinə çevrilmiş ətli-canlı “madmazelə”  yer vermirik.

Bizdə ətli-canlı qadınlar andamını açıb tökmürlər. Dar şalvara pərçimlənmirlər. Qısa ətək geyinmirlər.

Bizim xalq bütövlükdə namuslu xalqdır. Bizi fransızla müqayisə edəni ətini didib, itlərə yem edərik. Fransızlar isə fahişədirlər. Hamılıqca, bir xalq olaraq. Almanlar da elədirlər, ingilislər də. Bizdə fahişəlik yoxdur. Bizdə ümumiyyətlə, seks yoxdur. Biz paltarlı yatırıq.

Dubaydan, Türkiyədən sorağı gələnlər bizim xalqın nümayəndəsi deyillər, lənətə gəlmiş fransılardır, almanlardır. Bakıda hər həftə aşkarlanan pritonlar da onlarındır.

Bizdə atanın qızını, qardaşın bacısını pula satması, qaynatanın gəlinə pis gözlə baxması, evli qadının pis yola getməsi... yoxdur belə şeylər, qətiyyən. Yoxdur, olmayıb, olmayacaq da!

Mentalitetimiz deyir, yoxdur, mentalitetimiz deyir , olmamalıdır, vəssalam! Bu mentalitet daş kitabədir, ona bir cızıq belə salmaq olmaz təzədən. Nə var, odur, dəyişmir, deformasiyaya uğramır. Biz dəyişsək də, biz deformasiyaya uğrasaq da o, dəyişmir. Ona görə də bizim haqqımız var ağızdolusu deməyə ki, bizim mentalitetimizdə namussuzluq yoxdur. Yoxdur canım, mərc gələk gedək baxaq. Orda belə söz yazılmayıb. 

...Bəs bu aktrisa kimi oynayıb?  Hansı xalqın nümayəndəsini? Kimdir bu öz məşuquna qızını da satan? Eyni kişini qızıyla bölə bilməyən? Kimdir bu ərinə xəyanət edən? Qızını da öz yoluyla aparan?

Kimdir bu sinəsini açıb, çölə tökən? Fu, iyrənc... Bizim kişilər belə qadınlara gözünün ucu ilə də baxmaz axı? Üzlərini turşudub, gözlərini çevirərlər.

Bəs bu qadın, bu kök, ətli-canlı qadın, bəs bu aktrisa kimi oynayır axı? Kimi???!!!

Qızılgül Abdinova   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU