Modern.az

Vahid Əhmədov: “Azərbaycan prezidentinin Ukraynadakı böhranla bağlı mövqeyi təqdir olunmalıdır”

Vahid Əhmədov: “Azərbaycan prezidentinin Ukraynadakı böhranla bağlı mövqeyi təqdir olunmalıdır”

19 Aprel 2014, 13:49


“Dünyanın hələ də bir nömrəli gündəmini məşğul edən Ukrayna böhranına və bunun fonunda baş verən bir neçə məqama toxunmaq istəyirəm”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib: “Əvvəlcə Azərbaycanın bu böhranda rolu və davranışı ilə bağlı demək istəyirəm ki, dövlətimiz və prezidentimiz İlham Əliyevin ortaya qoyduğu mövqe doğrudur və təqdir olunmalıdır. Ona görə yox ki, Azərbaycan BMT-də  Ukraynanın təqdim etdiyi bəyannamə layihəsinə səs verdi. Ona görə ki, Azərbaycan bu cəsarətli addımıyla beynəlxalq hüququn, dövlətlərarası sazişlərin qeyd-şərtsiz yerinə yetirilməsinin, qlobal təhlükəsizlik sistemlərinin yanında olduğunu nümayiş etdirdi. Eyni zamanda, bu cür davranışla Azərbaycan dünya təhlükəsizlik qaydalarına uyğun bütöv bir baxış ortaya qoydu ki, bu da ərazisinin 20 faizi işğal olunmuş bir ölkə üçün ədaləti, sülhü özündə daşıyan prinsipial yanaşma, mövqe kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, bəzi siyasətçilər, ekspertlər daha radikal mövqenin ortaya qoyulmasını tələb edirdilər. Ancaq Krımın ilhaqı, rus qoşunlarının Ukraynanın cənub-şərq sərhədlərinə, Moldovanın Dnestryanı bölgəsinə  yığılması, hər  an qlobal təhlükəsizliyin pozulması kimi təhlükənin real olduğu bir vəziyyətdə  Azərbaycan dövlət başçısının seçdiyi mövqe düzgündür, uzaqgörəndir və Türkiyə ordusunun baş qərargah rəisinin və baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməli, təqdir olunmalıdır”.

Vahid Əhmədovun fikrincə, ancaq bu prosesdə təəssüfə səbəb olan məqamlar da az deyil: “Belə ki, Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi  qüvvələr tələskənliyə yol verdilər, bununla da həqiqi iç üzlərini ortaya qoydular. Təəssüf ki,  bu cür Azərbaycan əleyhinə mövqe ortaya qoyanlar arasında Azərbaycana bağlı həm ölkə xaricində, həm də daxildə fəaliyyət göstərən insanlar da tapıldı. Bunlar o insanlardır ki, zamanında Azərbaycanın müstəqilliyinin əleyhinə olublar, lakin buna baxmayaraq, 23 illik  müstəqillik  dövründə  ən  çox  bəhrələnən  də  onlardır. Belə insanlar Azərbaycan cəmiyyətinin müxtəlif sferalarında, hətta idarəetmə orqanlarında da  var.

Bu dəstəyə son zamanlar bəzi dini cərəyanların Azərbaycanda fəaliyyətini də aid etmək istəyirəm. Xüsusilə, din pərdəsi altında fəaliyyət göstərən bəzi şəbəkələrin hakimiyyət strukturlarına sızması haqda informasiyaları Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli sayıram. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması gələcəkdə dövlət içində dövlətin yaranması ilə nəticələnə bilər. Bu da gələcəkdə Azərbaycanın müstəqilliyinə və heç bir xarici iradədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyətlər yaradar. Bunun qarşısının alınmasını doğru hesab edirəm və inanıram ki, bu, belə də olacaq.  

Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyətlər millətin və dövlətin əbədiliyi, təhlükəsizliyi və xalqımızın rifahı üçündür. Azərbaycanın müstəqilliyi bizim üçün ən böyük dəyərdir və dövlətin toxunulmazlığı, qırmızı xəttdir”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama