Modern.az

Bakıda həbs edilən jurnalist vətənə xəyanətdə ittiham olunur - YENİLƏNİB

Bakıda həbs edilən jurnalist vətənə xəyanətdə ittiham olunur - YENİLƏNİB

20 Aprel 2014, 12:45

Aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunan “Ayna”-“Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi, jurnalist Rauf Mirqədirovun Bakıya gətirildiyi deyilsə də, indiyə qədər onun harada saxlanması ilə bağlı  heç bir xəbər yoxdur.
 
“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının “Azadlıq” radiosuna dediyinə görə, ötən gündən davam etdirdikləri axtarışlar da bir nəticə verməyib.
 
Jurnalistin müdafiəsinə başlayan vəkil Fuad Ağayev Rauf Mirqədirovun  Milli Təhlükəsizlik nazirliyində saxlandığını ehtimal edir.
 
“Raufun harada olması ilə bağlı heç bir rəsmi məlumat əldə edə bilməmişik. Amma ehtimal edirik ki,  o, MTN-də saxlanılır. Adətən bu kimi saxlanmaları MTN həyata keçirir”.
 
Vəkilə görə, jurnalistin hansı qurum tərəfindən saxlanmasından asılı olmayaraq, artıq qanunvericiliyin tələbləri pozulub. 
 
“Ümumiyyətlə ona imkan verilməli idi ki, zəng edib məlumat versin. Müdafiə hüququnun təmin olunması ilə bağlı mənə zəng olunmalı idi. Bunlar olmadığı üçün deyə bilərik ki, artıq pozuntular baş verib”.
 
Dörd ildən bəri Türkiyədə yaşayan Rauf Mirqədirovun akkreditasiyası aprelin 8-də dayanadırılıb. Ailəsi və işlədiyi media qurumunun rəhbərliyi jurnalistin polisin müşayiəti ilə Ankara-Bakı təyyarəsinə mindirildiyini və az sonra onun Bakıda olacağı barədə məlumat yayıb.
 
Amma deyilən tarixdə Bakı hava limanında jurnalisti gözləyənlər onu sözügedən təyyarə reysindən düşən sərnişinlər arasında görməyiblər.
 
“Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərindən deyilənlərə hələki hər hansı münasibət almaq mümkün olmayıb.

***

Modern.az saytı xəbər verir ki, Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb. Bu barədə məlumatı Musavat.com-a vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edib. Müstəntiq bildirib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib. 
 
Vəkil sabah Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi