Modern.az

Azərbaycan tarixi: türk və antitürk konsepsiyalar

Azərbaycan tarixi: türk və antitürk konsepsiyalar

Ədəbiyyat

20 Aprel 2014, 12:51

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,
dosent

Hər bir xalqın tarixi ilk növbədə, həmin millətin dili, mədəniyyəti, mentaliteti, fəlsəfəsi, dövlətçilik ənənələri ilə bağlıdır. Bu mənada, çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Türk tarixində bu məsələlərə münasibətdə  ikili baxış mövcuddur:  

1. Çağdaş azərbaycanlıların ulu əcdadları türk deyil, iran­dilli-farsdilli (madalı, azəri və b.) və yaxud da qaf­qaz­dilli (alban, udin və b.) tayfalardır; etnik mənşəyi türk ol­ma­yan azərbaycanlılar Azərbaycana «gəlmə» olan türklər tərə­fin­­dən assimilyasiya olmuş, onların dilini qəbul etməklə, bir növ «albandan dönmə», «farsdan dönmə» türkdilli xalqa, mil­lətə çevrilmişdir; «Azərbaycan» sözünün türklərə, türk dilinə heç bir aidiyyəti yoxdur. Bu müddəa ilə çıxış edən­ləri şərti olaraq «Qafqaz-İran konsepsiyasının ideoloq­ları» adlandırmaq olar. Çünki burada «Qafqaz» (mannalı, kas­pi, alban, udin, sovdey, leq və b.) və «İran» (maday, is­kit, sak, massaget, alan və b.) sözləri türk olmayan etnos­ların ümumiləşdirilmiş adı kimi ifadə olunur.

2. Çağdaş azərbaycanlıların ulu əcdadları türkdürlər və türk tayfaları Azərbaycanda yerli-avtoxtondurlar; bu ba­xım­dan Azərbaycan türkləri heç bir yad etnosdan (farsdilli, qafqazdilli) «dönmə» deyildir və indi «azərbaycanlı» ad­la­nan türklər həmişə doğma dilində – türk dilində danış­mış­lar; «Azərbaycan» sözü türklərə aiddir və türk dilində izah olunmalıdır və s. Bu müddəa ilə çıxış edənlərin adını isə şərti olaraq «Türk-Azərbaycan konsepsiyası ideoloqları» kimi də ifadə etmək olar. Çünki burada «Türk» və «Azərbay­can» an­layışları həm Azərbaycan türklərinin yerliliyini, həm də Azər­baycanın əzəldən türk yurdu olması və bu adın türk­lüyü ifadə etməsi ilə bağlıdır.

Əslində bizim «Qafqaz-İran», «Türk-Azərbaycan» söz­lərindən istifadə etməyimizə səbəb, yuxardakı məsələlərlə bağlı istər Sovetlər Birliyi, istərsə də müstəqillik dövründə bir-birinə daban-dabana zidd olan baxışlar, mülahizələr, ideyalar və müddəalardır. Başqa tərəfdən mövzumuzla bağlı tədqiq etdiyimiz məsələlərin iki «konsepsiya» əsasında izah olunması isə, artıq bizdən öncə bir çox tədqiqatçılar – Z.Bünyadov, Y.Yuifov, S.Əliyarlı, T.Hacıyev və b. tərəfindən dəfələrlə vurğulanmasıdır.

Akademik Ziya Bünyadov müstəqilliyimizin bərpasının üstündən bir neçə il keçdikdən sonra qeyd edirdi ki, hazırda ən çətin və mübahisəli problem azərbaycanlıların soykökünün tarixi problemidir. Belə ki, həmin problemin bəzi məsələləri üzrə hələ də vahid fikir yoxdur: «Çünki bir tərəfdən xalqımızın et­nik tarixini subyektiv baxımdan izah edən və müəyyən si­ya­si məqsədlər güdən tendensiyalar uzun müddət öz möv­qe­yini saxlamış və təəssüf ki, indi də saxlamaqdadır. Guya azərbaycanlılar türk dillərinin birində danışan millət kimi bu torpaqlara yaxın keçmişdə gəlmişlər. Digər tərəfdən qə­dim zamanlardan azərbaycanlıların soykökünün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və formalaş­masında bilavasitə iştirak edən türk etnoslarının qədim­dən burada yaşamaları barədə mövzular 60-cı illərdən başla­ya­raq tədqiqat obyektinə çevrilmiş və son illər daha da geniş­lən­dirilmişdir. Bu müddəanın əsas məzmununu qədim za­man­lar­dan Azərbaycanda  qonşu ərazilərdə türk etnoslarının məs­kun olması fikri təşkil edir. Qaynaqların təhlili bu müd­dəanı təsdiqləyir (seçmə bizimdir – F.Ə.). Tarix boyu Azər­bay­canda məskunlaşan və müxtəlif dillərdə danış­an etnoslar islam dini çərçivəsində azərbaycanlılarla yaxın iqtisadi və mədəni əlaqədə olmuşlar. Onlar indi də dillərini saxlamaqla Azərbaycan türk xalqı (seçmə bizimdir – F.Ə.) ilə sıx tə­mas­da­dır».

Daha sonra Z.Bünyadov qeyd edir ki, bir sıra, xüsusilə qədim və erkən orta əsr tarixinə aid fikir və mü­lahizələr uzun illərdən bəri tarixşünaslıqda kök salmış müd­dəaları təkzib edir: «Lakin elm bir yerdə dayanmır, inkişaf edir, buna görə də Azərbaycan xalqının vacib tarixi prob­lemlərinin yeni istiqamətdə qoyuluşunu və həllini zəruri hesab etməklə bu münasibəti yalnız alqışlamaq olar». Bununla da, Z.Bünyadov Azərbaycan xalqının soy­kö­kü­nün tarixi ilə bağlı bir-birinə daban-dabana zidd iki «ten­den­siya»nın, «müddəa»nın və həmin «müddəalar»ın tərəf­dar­la­rının olmasını açıq şəkildə ifadə etmişdir. Azər­bay­can­lıların əcdadlarının «gəlmə» deyil, yerli (aborigen) türklər olduğunu iddia etməklə, Z.Bünyadov həmin müddəalardan birini, yəni «Türk-Azərbaycan» konsepsiyasını müdafiə etmiş, bu kon­sepsiyanın əksinə çıxış edərək türklərin Azərbaycana «gəlmə» olduğunu iddia edən konsepsiyanı isə tənqid etmişdir.

Tarixçi alim Yusif Yusifov da Z.Bünyadov kimi hesab edir ki, Azərbaycan xalqının soykökü, dili, tarixi SSRİ ideoloqları tərəfindən bilərəkdən dolaşdırılmış və problemə çevrilmiş­dir. Belə ki, sovet ideoloqları Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün qondarma müd­dəalar ortaya atmış və antitürk nəzəriyyələri Azərbaycan xalqının tarixinə calamışlar: «Bu proses indi də davam edir. Azəri türklərinin əsl soykökünü, dil  etnik kökünü araşdıranlara, yaxud bunun naminə səs qaldıranlara siyasi damğa  ləkə vurub sıradan çıxarırdılar (seçmə bizimdir–F.Ə.). Bəzi tədqi­qat­çılar­ımız çeynənmiş konsepsiya ilə silahlanaraq xal­qı­mızın fars­dilli əhalidən, farslardan, şimalda qafqazdilli etnoslardan dönmə olduğu kimi əsassız fikri tariximizə sırımağa çalışır­lar... Bu xalqların dönüb türk (Azərbaycan) dilində danışma­sına nə siyasi, nə iqtisadi, nə də ideoloji (dini) şərait olmamış­dır. Türk türklüyündə, fars farslığında, ləzgi də ləzgi­liyin­də qalırdı». Y.Yusifov doğru olaraq qeyd edir ki, sovet Rusiyasının antitürk əməllərinə qədər – 1930-cu illərin sonuna kimi azərbaycanlılar «türk, türk xalqı», dili isə «türk dili» adlanırdı. Lakin SSRİ rəhbərliyi bu dövrdən etibarən azərbaycanlıların mən­şə­yi məsələsinə siyasi rəng verərək, onu soykökündən ayır­mış və Azərbaycan xalqı­nın tarixini türk etnosları ilə bağ­la­yan tədqiqatçıları siyasi damğalar vurub cəzalandır­mışlar. Beləliklə, Azərbaycan xalqının və dilinin formalaşma­sı türk faktorundan kənarda, başqa ideyalar əsasında izah edil­mə­yə başlanmışdır ki, bununla da, Türk-Azərbaycan konsepsiyasına qarşı, antitürk-antiazərbaycan «konsep­siya» meydana çıxmışdır.

Dilçi alim Tofiq Hacıyev də Z.Bünyadov, Y.Yusifov kimi Azərbaycan dilinin türk mənşəliliyi, Azərbaycan xalqının etnogenezi ilə bağlı konkret iki baxışın olduğunu yazır: 1. Azərbaycanlıların etnik kökündə türk başlanğıcı yox­dur; 2. Azərbaycanlıların etnik kökündə türk başlanğıcı var. Birinci baxış, sovet hakimiyyətindən əvvəl zəif şəkildə olmuş, inqilabdan sonra isə 20-ci illərdə və 30-cu illərin ortalarına qədər, ümumiy­yətlə tərəfdar tapmamışdır: «30-cu illərin sonundan, qədim türklər adlanan əhalimizin «azər­bay­canlılar», türk dili olan və adlanan dilimizin «Azər­bay­can» adı ilə rəsmiləşdirilməsin­dən sonra, bu baxış aşkar güc­lən­mə­yə və hakim olmağa başlayır. Hətta 40-60-cı illərdə ye­ga­nə baxış olur. Dilimizin üstündən «türk» möhürü götü­rül­mək­lə ona siyasi təzyiq başlanmış, onun tarixinin cavan­laş­dırılmasına çalışılmış, etnogenezi təhrif yoluna düş­müş­dür – bu, elmi yox, düşünül­müş siyasi məqsəd olmuşdur. 40-cı illər­dən bu konsepsiyaya İ.M.Dyakonov, İ.Əliyev, E.Qran­tovs­ki və başqaları başçılıq edirlər». T.Ha­cı­ye­və görə, «ikinci baxış azərbaycan­şünas­lıqda sovet ha­ki­miy­yətindən əvvəl də mövcud olmuş, inqilabdan sonra 20-ci illərdə elmi cəhətdən daha da əsaslan­dır­ıl­mış və 30-cu illərin ortalarına qədər güclənə-güclənə davam etmişdir. Bu fikrin pionerləri Avropa şərqşünasları olmuş, midiyalıları turani saymışlar». Ancaq 30-cu illərin sonlarından bu kon­sep­siyanın üs­tündə siyasi tabu qoyulur, tərəfdarları pan­türkist kimi cə­za­landır­ılır və 40-cı illərdən dondurulur; yal­nız 70-80-ci il­lərdə yeni­dən dirçəlir.

Prof. Qiyasəddin Qeybullayevin də fikrincə, Azərbaycan xalqı­nın etnogenezi, dili, bu xalqın formalaşması ilə bağlı iki kon­sepsiya mövcuddur. Bunlardan biri 1940-cı illərdən son­ra qərarlaşan «yalançı konsepsiya», «hakim kon­sep­siya»dır. Bu konsepsiyaya («Qafqaz-İran» - F.Ə.) görə Azərbaycan türk dili XII-XIII əsrlərdən sonra kənardan gə­ti­rilən yad dildir; çünki həmin əsrlərə qədər cənubda fars­dilli, şimalda dağıstandilli əhali yaşayırmış. O yazır ki, cəfəngiyyata qarşı olan ikinci konsepsiya («Türk-Azərbaycan» - F.Ə.) isə qısaca belədir ki, kuti, lullubi və kaslar türk mənşəli etnoslar olmuş, onların birbaşa varisləri miladdan qabaq I minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix səhnəsinə çıxmışdır. Midiya ərazisində isə iranlılşama prosesi yox, türk mənşəli Atropaten xalqının tə­şəkkülü prosesi getmişdir. Miladdan əvvəl VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerilər, skiflər (işquzlar) və saklar da türk mənşəli etnoslar idilər. Q.Qeybullayev B.Bu­daqovla həmmüəllifi olduğu bir kitabda da «Türk-Azər­baycan» konsepsiya­sı­nın tərəfdarı olduğunu ortaya qoymuş və ona zidd olan konsepsiyanı isə tənqid etmişlər: «Bəzi Qər­bi Avropa, rus, erməni, gürcü və fars tarixçiləri tərə­fin­dən söylənilmiş bu saxta konsepsiya Azərbaycan tarixinə dair əsərlərdə öz əksini tapmışdı… Rus və erməni tarix­çi­lə­ri­nin nəsildən-nəslə keçmiş qatı antitürk emosiyası ucbatın­dan tarixi həqiqətin üstünə qara pərdə örtülmüşdü. Azər­bay­can tarixçiləri (İ.Əliyev, F.Məm­məd­ova və b.–F.Ə.) on­la­rın dediklərini təkrar etməklə kifayətlənməli olmuş və de­məli, bu antitürk emosiya onların da əsərlərində öz yerini tapmışdır».

Yuxarıdakı alimlərdən fərqli olaraq filoloq alim Nizami Cə­fə­rov məsələyə bir qədər fərqli yanaşır. O hesab edir ki, Azər­­bay­can xalqının etnogenezi, dili və bu xalqın formalaş­ması və s. məsələlər SSRİ dönəmində, konkret  1930-cu illər­­dən başlayaraq üç istiqamədə: 1) Türk; 2) İran; 3) Qafqaz (Al­ban) başlanğıcı əsasında «həll edilmişdir». Guya, bu ba­xım­dan «bu gün Azərbaycan dilinin, ədəbiyyatının, mə­dəniyyətinin təşəkkül tarixi barədə əsaslı (əksəriyyətin qəbul edəcəyi) bir fikir söyləmək olduqca çətindir; artıq mövqeyini möhkəmlətmiş «konsepsiyalar» mövcuddur ki, hər biri ye­ga­nə düzgün fikir sayılmaq iddiasındadır. Azər­bay­can aka­de­mik tarixşünaslığı bu cür konsepsiya bolluğu­na geniş şərait yaratmışdır». Fikrimizcə, əvvəla ortaya atılan hər hansı bir konsepsiya xalqın böyük əksəriyyəti tərəfindən qəbul olunmursa, həmin konsepsiya yalnız müəyyən kiçik bir qrup və onların arxasında dayanan maraqlı tərəflər üçün yeganə fikir sayıla bilər. İkincisi isə, bu cür konsepsiya bolluğu Azərbaycan akademik tarixşünasılığının «liberallığı» nəticəsində deyil, Rusiya, İran, İngiltərə ideoloqlarının əməyi sayəsində yaranmışdır. Hər halda N.Cəfərov özü də etiraf edir ki, türklük əleyhinə yönəlmiş «konsepsiyalar» yalnız səhv deyil, həm də mürtəcedir, xalqa öz keçmişini, etnik kimliyini unut­dur­maq «ehtiyac»ın­dan irəli gəlmişdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi