Modern.az

Sənət yanğısı və ya Van Qoq fenomeni

Sənət yanğısı və ya Van Qoq fenomeni

Ədəbiyyat

21 Aprel 2014, 00:21

XIX əsrin sonunda həyatın ani və ötəri effektlərinin təsvir olunmasına əsaslanan İmpressionizm cərəyanı tənəzzül dövrü keçriməyə başladı. Bu zaman yeni təsvir vasitələri tapmağa təfəkkür məhdudluğunu aradan qaldırmağa çalışan rəssamlar impressionimzə xas anilik və ötərilikdən uzaqlaşaraq predmetin uzun sürən mənəvi və maddi vəziyyətlərinin təsvirinə keçməyə cəhd göstərirdilər. Bir qrup rəssamın yaratdığı bu cərəyan təsviri sənət tarixi və nəzəriyyəsinə Postimpressionizm adı altında daxil edilmişdir.

Bu rəssamlar sırasında dünya təsviri sənətinin ən görkəmli nümayəndlərindən olan Pol Sezann, Pol Qogen, Odilon Redon, Pol Sinyak, Henri Tuluz Lotrek, Emil Bernard kimi fırça sahibləri yer alırdı. Postimpressionizm cərəyanının əsas nümayəndəsi isə şübhəsiz ki, Vinsent Van Qoqdur. Texnikası, əsərlərindəki individual rəng qamması, təsvirin müqayisəyəgəlməz uzun zaman yaddaşda qalan təəssüratı ilə Van Qoq bədii irsi günümüzdə dünya incəsənətinin ayrılmaz tərkib hissələrindən birini təşkil edir. Vinsent Van Qoq təsviri sənət xəzinəsinə nə az, nə çox 5000-ə yaxın təsviri sənət əsəri bəxş etmişdir. Baxmayaraq ki, cəmi 37 il yaşamışdır.

Onun qısa, lakin, məhsuldar həyatı ziddiyyətlər burulğanını xatırladır. Sosial baxımdan tamamilə təmin olunmuş ailənin övladı, ölkəsində kifayət qədər nüfuz mənsəb sahibi olan nəslin davamçısı olmasına baxmayaraq, demək olar ki, ömrünü səfalət içərisində sürmüşdür. İlk əvvəl əmisinin yanında Qupil rəsm qalereyasında satıcı vəzifəsində çalışan Vinsent, sonradan qalereyanın Haaqa, Brüssel, Paris şəhərlərindəki filiallarında eyni vəzifəni icra edir. Dünyaca məşhur sələflərinin əsərləri ilə tanışlıq, onlardan aldığı təəssürat Van Qoqda rəssamlığa qarşı böyük həvəs yaradır. Lakin, atasının israrlı təkidi ilə o tam başqa ixtisas üzrə təhsil alır. Teoloji məktəbdə təhsil alan Van Qoq, sonradan Belçikanın Borinaj şəhərinə ezam olunur. Burada yaşayan insanlar çətin güzəran keçirir, ağır iş şəraitində kiçik məvaciblə dolanırlar. Burada kişilərin demək olar ki, hamısı müəyyən yaş dövrünü keçdikdən sonra şaxtada həyatla ölüm arasında çarpışa-çarpışa ailələrini dolandırmağa çalışırlar. Çoxusu da erkən yaşlardan ağır xəstəliyə tutulur. Bu çətin şəraitdə Vinsentin boynuna düşən vəzifə insanlarda stimul yaratmaq, onları həyata, yaşama həvəsləndirməkdir. Nihilizmin astanasında olan Borinaj sakinləri üçün Van Qoqun moizələri keçərli olmur. Əvvəlcə müəyyən maraq göstərsələr də, sonradan getdikcə ondan uzaqlaşırlar. Onu boşboğaz adlandırırlar. Vinsent özü də vəziyyəti görür və bu cür ağır həyat keçirən insanlara moizələri ilə təsir etməyin ifrat idealizm olduğunu dərk edir. Bu zaman onun artıq nə az, nə çox 27 yaşı vardı. Ömrünün sonuna cəmi 10 il qalırdı. Məhz bu on il Van Qoq fenomeninin təsviri sənət dünyasında sözünü dediyi dövr olur. Borinaj fəhlələrini, onların ailələrinin məişətini, bölgənin təbiətini fırçaya alan Van Qoq bununla yanaşı onların portretini də yaradırdı. Həyatın dözülməz məşəqqətinin, ağır yaşam qanunlarının təsiri altında yaşayan insanların simasındakı xarakteri ustalıqla kətana yansıdan Vinsentin yaradıcılığının Borinaj dövründəki ən uğurlu əsəri "Kartofyeyənlər" tablosudur. Süfrə başına toplaşmış sısqa bədənli, mənəvi, fiziki yorulmuş ailənin təsvir edildiyi bu tablo bütünlüklə Borinaj mühitinin əyani ifadəsidir.


Vinsent bütün qohumları ilə demək olar qiyabi münasibət saxlayırdı. Hətta ailəsi ilə də belə idi. Bircə, qardaşı Teo istisna olmaqla. Teo bir növ onun hamisi idi. İstər maddi, istərsə də mənəvi nöqteyi-nəzərindən. Baxmayaraq ki, yaşca ondan balaca idi. Teo Vinsentə nisbətdə meşşan həyatına yaxın insan idi. Rəsm qalereyasında satış icraçısı işləyirdi. Qazancı da normal idi. Hər ay Vinsentlə sövdələşməyə əsasən, ona məvacibinin müəyyən bir hissəsini ayırırdı. Bu onun məişət qayğılarını və sənətinin tələb etdiyi ehtiyaclarını ödəmək üçün idi. Teo qardaşını çox sevirdi. Bu xeyirxahlıqda da təmənna güdmürdü desək, yanılmarıq. Sadəcə sövdələşmənin zahiri tərəfini nəzərə almaqla Vinsentin qüruruna toxunmamaq şərtiylə nə zamansa, onun əsərlərinin gələcək satışından gələn gəliri yarı bölməyi təklif edirdi.

Onun yaradıcılığının Haaqa və Amsterdam dövrü axtarışlarla xarakterizə olunur. Elə də məhsuldar olmayan bu dövrdən çox danışmasaq yaxşıdır.

Yaradıcılığını daha da təkmilləşdirmək məqsədi ilə Teo onu Fransaya göndərir. Burada olan yaradıcı mühit, məşhur impressionistlərin toplandığı çevrə Van Qoq yaradıcılığında yeni səhifə açır. Pol Qogen, Klod Mone, Eduard Mane, Pol Sezann, Corc Pyer Sera kimi sənətkarlar tanışlıq Van Qoqun təsviri sənət aləminə tamamilə adaptasiya olmasına zəmin yaradır. Miqyası bir o qədər geniş olmasa da rəssamların özləri tərəfindən təşkil edilən sərgilər, yaradıcı mühitin əhatəsində olmaq Van Qoqun sənət eşqini daha da alovlandırır. Yuxarıda adı çəkilən rəssamlar arasında onun ən yaxın münasibətdə olduğu Pol Qogen olur. Fransız rəssamıyla onu qəribə bağlılıq birləşdirir. Belə baxanda onlar arasında dostluğun hər hansı dünyəviliyindən də danışmaq absurd olardı. Onları birləşdirən bir qüvvə vardı; Sənətə ortaq baxış.(Hərçənd bu məsələdə də təzadlı məqamlar vardı) Van Qoq Qogeni model olaraq da sınayardı. Təsadüfi deyil ki, onun yaradıcılığında Qogenin bir neçə müxtəlif rakursdan olan portreti yer alır.

1888-ci ildə Vinsent Arl şəhərinə gəlir. Burada o metod və üslub axtarışllarını demək olar ki, yekunləşdırır. Arlda yaradılan əsərlər müqayisədə müəyyən "ziddiyyətlər" ortaya çıxarır. Əgər bir sıra əsərlərdə, günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar. Bir sıra əsərlərdə iş başında zəhmətkeş insanlar, digərlərində "yüngül" pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Yaradıcılığının Arl dövrü onun ən məşhur əsərləri ilə xarakterizə olunur."Arl kafesi", " Arl küçəsi", "Arlda gecə" ,"Ulduzlu gecə" kimi günümüzdə də aktuallığını qoruyan əsərlər Van Qoqun sevimli şəhərinin adı ilə bağlıdır. Arl Van Qoqa şöhrət gətirdiyi qədər də bədbəxtlik gətirir. Saysız maddi problemlər, depressiya, sənətinə qarşı laqeydlik, həyatındakı ziddiyyətlər sonucu o ağır psixoloji xəstəliyə tutulur.

Əvvəlcə elə Arlda psixi xəstəxanaya yerləşdirilir. Bu zaman artıq onun yanında heç kim yox idi. Qardaşı Teodan savayı. Həkimi də ona qarşı qayğıyla yanaşırdı. Sənət sevgisi yaşayıb yaratmaq yanğısı burada da onu tək buraxmır. O xəstəxana həyətini yerləşdirildiyi palatanı fırçaya almaqla öz taleyi ilə baş-başa qalmış insanın keçirdiyi hissləri, tənhalığı təsvir etməyə çalışır.

Bir neçə müddət sonra xəstəliyinin ağırlaşması səbəbiylə Sen-Remiyə göndərilir. Burada çox qərar tutmur. Bu kiçik dövr ərzində onun sənətə qarşı marağı da yox olur. Artıq yaşayıb-yaratmaq istəyi əvvəlki tək onunla deyildi. Sənətə bağlılığının itməsini görən Teo onu Overə aparmaq qərarına gəlir.

Over Van Qoqun həyatının son aylarını keçirdiyi şəhər olur. Bu bir neş ay ərzində o əvvəlki yanğıyla olmasa da yenidən fırçanı əlinə alır. Burada "Over kilsəsi" , "Over təpəsindəki ağac" kimi əsərlərlə sənət xəzinəsini daha da genişləndirir.

1890-cı ilin yayı onun xəstəliyinin şiddətləndiyi dövr olur. Qəfil özündəngetmələrlə müşayiət olunan xəstəliyin ağırlaşması Van Qoqun yaratmaq eşqini də tamamilə məhv edir. Onu artıq istər maddi istərsə də mənəvi aləmə heç nə bağlamır. 1890-cı ilin 29 iyulunda özünə qəsd edir. Buna baxmayaraq o bir neçə gün yaşayır. Ölüm ayağında qardaşı Teo onun yanında olur və bu sözləri eşidir; "La tristesse durera toujours" (Qəm daim davam edəcək).

Van Qoq da digər dühalar kimi sağlığında layiqli qiymətini almayanlardandır. Yaşadığı dövr ərzində satılmayan kütləvi sərgilərdə sərgilənməyən əsərləri ölümündən bir neçə il sonra Paris, Amsterdam, Köln, Berlin, Nyu-York kimi şəhərlərin mötəbər sərgi salonlarına çıxarılır.Son 15 ildə isə auksionlarda rekord qiymətə satılır.

Bir çox sənət biliciləri onun ölümündən sonrakı məşhurluğunu keçirdiyi ağır həyatı ilə bağlayaraq, elə də ciddi yanaşmır. Ancaq bu fikirlər subyektiv olaraq da da qalır. Van Qoq əsərlərinin təsviri üçün sözlər kifayət etmir, ən azı ona görə ki, hər bir insanın bu əsərlərin seyrindən sonra keçirdiyi hisslər müxtəlifdir. Burada hər şey insanın qavrayışından, həssaslığından, emossionallığından asılıdır. Onun əsərlərinə diqqət yetirən hər kəs buradakı rənq koloritini, təsvir olunan predmetin həyatiliyini, küçədəki abu-havanı, portretlərindəki xarakteri duyur. Bu Van Qoq fenomeninin dahiliyindən xəbər verir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi