Modern.az

İqbal Ağazadənin amnistiya təklifinə deputatlardan reaksiya

İqbal Ağazadənin amnistiya təklifinə deputatlardan reaksiya

22 Aprel 2014, 08:57

Milli Məclisin son plenar iclasında deputat İqbal Ağazadə qarşıdan gələn 28 may Respublika Günü münasibəti ilə Amnistiya Aktının qəbul edilməsi təklifini irəli sürüb.

Onun bu təklifinə deputat həmkarları fərqli münasibət sərgiləyiblər.

 

 

 

Milli Məclis üzvü İlyas İsmayılov amnistiya təklifini müsbət qiymətləndirib. “Mütəmadi olaraq amnistiya aktları qəbul olunmalıdır. Məhkəmələr çox təəssüf ki, sifarişlə işləyirlər. Sonra onların səhvlərini aradan qaldırmaq çox çətin olur”.  

 Deputat Çingiz Qənizadə isə deyib ki, Amnistiya Aktının qəbul olunmasını humanist addım kimi qəbul edir: “ Bu qərar .Milli Məclis tərəfindən qəbul olunmalıdır. Konstitusiyada da qeyd olunur ki, hər bir millət vəkilinin amnistiya ilə bağlı təşəbbüs qaldıra bilər. Belə bir layihə hazırlanıb təhvil verilsə, o zaman bunun üzərində düşünmək olar. İqbal Ağazadə bu məsələni qaldırmaqla yanaşı təşəbbüskar olub. O, layihəni təqdim edə bilər. Ancaq belə bir layihə olmadığı üçün bir söz deyə bilmərəm”.  

 Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, bu məsələyə son vaxtlar bir neçə dəfə toxunub: “Bunun hüquqi tərəflərinin neçə həyata keçiriləcəklərini bilmirəm. Amnistiya Aktının həm Respublika, həm də başqa önəmli günlə əlaqədar qəbulu mümkündür”.  

 Deputat Rafael Cəbrayılov isə İqbal Ağazadənin təklifini belə qiymətləndirib: “İqbal Ağazadə Amnistiya Aktının qəbul olunmasını hamı haqqında deməyib. O, İsmayıllı hadisələriylə və digər konktret faktlarla bağlı həbs olunmuş insanların adını çəkib. Bu şəxslərin həbsində heç bir qanun pozuntusu yoxdur. Bundan əlavə, Amnistiya Aktı konkret insanlara tətbiq olunmur. O, artıq amnistiya deyil, əfvdir”.  

 Qeyd edək ki, son Amnistiya Aktı 2013-cü il mayın 7-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul edilib.   Ümumilikdə amnistiya aktı 9900-dən artıq şəxsə tətbiq edilib, 2267 məhkum azadlığa buraxılıb.

 

 

Rafiq Qənbərov      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama