Yanğınların statistikası və təhlili göstərir ki, yanğınların genişlənməsinin başlıca səbəblərindən biri yanğın baş verən yerdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə edə bilməmələridir. Bunu nəzərə alaraq FHN Dövlət Yanğın Nəzarəti Xidməti yerlərdə müvafiq maarifləndirmə işlərini davam etdirir.
Xidmətin Naftalan şəhərində “Rixos Hotel”də və Yevlax rayonunda "Azərtoxum" MMC toxumçuluq müəssisəsində keçirdiyi Tailandda istehsalal olunmuş avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimi də məhz insanların ilkin yanğınsöndürmə vasitələri haqqında bilgilərini artırmağa xidmət etmişdir.
Avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimlərində bildirilib ki, insan müdaxiləsi, mexaniki təsir olmadan topa kiçik bir alışma, alov toxunarkən aktivləşir, yanğın 3-5 saniyə müddətində sönür.
Tədbir iştirakçılarına avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri haqqında məlumat verilərək qeyd olunub ki, bu yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür və onu yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur, ekoloji cəhətdən təhlükəsizdir.
Yanğınsöndürmədə yeni texnologiya olan avtomatik yanğınsöndürmə topunun həm də siqnalizasiya vasitəsi, 6 il müddətində istismara yararlı olması, bu müddətdə yenidən doldurulmasına və işlək vəziyyətdə olmasına nəzarət edilməsinə ehtiyac olmaması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, uşaq topuna bənzəyən, çəkisi 1,3 kq olan bu avtomatik yanğınsöndürmə vasitəsi hazırda istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən 5-10 dəfə yüngüldür və A, B, C sinif yanğınları, həmçinin 1300V gərginlik altında olan elektrik qurğularında baş vermiş yanğınları söndürmək iqtidarındadır.
Təqdimat mərasimlərində tədbir iştirakçıları avtomatik yanğınsöndürmə topunun saxlanılması qaydaları haqqında məlumatlandırılaraq onlarin çoxsaylı sualları cavablandırılıb.
Hikmət Xudiyev,
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi,
daxili xidmət polkovniki