Modern.az

Deputatlar hansı xəbər mənbələrini etibarlı sayır? - “Eşitdiyim xəbərə dərhal inanmıram” - SORĞU

Deputatlar hansı xəbər mənbələrini etibarlı sayır? - “Eşitdiyim xəbərə dərhal inanmıram”  - SORĞU

23 Aprel 2014, 12:50

İnformasiya mənbələri və xəbər bolluğunun hökm sürdüyü bir zamanda Milli Məclis üzvləri daha çox hansı qaynağı etibarlı hesab edir?

Modern.az saytı bu mövzuda deputatlarla sorğu keçirib.

Tahir Rzayev: “İnformasiyanı demək olar ki, internetdən izləyirəm. Televiziya və radiodan izləməyə o qədər də vaxt qalmır. Yerli saytları da mütləq izləyirəm. AzərTAc-ın xəbərlərinə nisbətən etibar edirəm”.

Fazil Mustafa: “Konkret olaraq izlədiyim müxalifət və iqtidar xəbər mənbələri var. Xəbərlərinin doğruluğuna əminliklə inandığım informasiya mənbəyi yoxdur. İnformasiyanı oxuduqdan sonra öz təhlillərimi aparıb yekun nəticə çıxarıram”.

Fəzail İbrahimli: “Mən də digərləri kimi informasiyanı internet və televiziya vasitəsilə alıram. Vaxtım olduqca informasiya kanallarını izləyirəm. Saytlarla daim göz gəzdirirəm. Bir informasiyanı eşidən kimi ona inanan insan çox sadəlövh insandır. İlk növbədə, informasiyanı eşidən zaman ona məntiqlə yanaşmaq lazımdır. İndi əksəriyyət bazara girmək, şou yaratmaq, kimisə qaralamaq məqsədilə yalan informasiyalar çox yayır. Fərqləndirmək istəməzdim. Sizinlə danışdığım üçün demirəm, Modern.az-a inanıram. Lakin tam etibar etdiyim bir xəbər mənbəyi yoxdur”.

Zahid Oruc: “İndi hamı informasiyanı dəqiqləşdirmədən ilk yayıcı olmaq istəyir. Məlumat yayılır, dəqiqləşdirmələr sonradan baş verir. Evimdə açdığım kanallar və saytlar var. Bu o demək deyil ki, mötəbərlik naminə onlara etibar edirəm. İnformasiya özünün kondensə olunmuş halına gəlib çatmalıdır. Etiraf edirəm ki, bəzi rus və müstəqil televiziya kanallarına daha çox üstünlük verirəm. Çalışıram ki, müqayisəli şəkildə təhlil aparım. Şübhəsiz ki, ölkəiçi mediada bu fərqlidir. Mən elektron KİV-in adlarını çəkərək onları reklam etmək istəmirəm. Mütləq aparıcı saytların xəbər bloklarına baxıram. Ən etibar etdiyim AzərTAc-dır. Ola bilər ki, brauzerimdə bir çox saytları açıram. Amma bu onların mötəbərlik göstəricisi deyil”.

Vahid Əhmədov: “İnformasiyanı əsasən mətbuat, internet vasitəsilə alıram. Konkret etibar etdiyim Moderator.az, Modern.az, Haqqın.az saytlardır. Ən çox izlədiyim televiziya kanalı isə ANS və Lider TV-dir”.

Bəxtiyar Sadıqov:
“İnformasiya-kommunikasiya texnologiyaları o qədər inkişaf edib ki, artıq gün ərzində qısa vaxt müddətdə operativ şəkildə müxtəlif informasiyalar almaq imkanımız var. Xüsusilə internetin meydana gəlməsi bu işi daha da sürətli edir. Hətta ayrı-ayrı saytların öz mobil telefonumuza bir işarə atması və ya xəbərin özünü göndərməsi bizim operativ və baş xəbərlərdən dərhal xali olmağımıza, hər bir hadisə barədə operativ xəbər tutmağımıza imkan yaradır. Amma informasiya mənbələrinin çoxluğu informasiyanın səfehliyinə gətirib çıxarır. Bəziləri birincilik qazanmaq üçün xəbəri öz səhifələrində yerləşdirirlər, lakin onun dəqiqləşdirilməsi qayğısına qalmırlar. Hətta elə də olur ki, xəbəri eşidən kimi qoyurlar, bir də görürsən bir müddət sonra onu öz səhifələrindən çıxarırlar. Belə hallar baş verdiyinə görə, mən eşitdiyim bir xəbərə dərhal inanmıram. Mütləq dəqiqləşdirirəm. Bu, çox təəssüf doğuran haldır. Yeganə inandığım AzərTAc-dır. Onlar xəbəri dönə-dönə yoxlayırlar. Təbii ki, saytlar arasında da öz işinə hörmətlə yanaşan qələm sahibləri var. Hansı ki, birincilik yarışında olmaqla yanaşı, dəqiqləşdirmə prinsipini də əsas götürürlər. Lakin 100 faiz etibarımı və etimadımı qazanmış  elektron informasiya agentliyi, xəbər mənbəyi yoxdur”.

Elmira Axundova: “Özüm də jurnalist kimi Moskva mətbuatında çalışmışam. Son vaxtlar xəbərləri daha çox saytlardan izləyirəm. Oxuduğum yeganə qəzet “Kaspi”dir. Maarifçilik, mədəniyyət missiyasını yerinə yetirdiyinə görə mənə çox maraqlı gəlir. Gündəlik bir sıra rəsmi qəzetlərin xronikasına baxıram. Yeni sərəncamlar, qərarları izləyirəm. Demək olar ki, televiziya və radio izləmirəm. Əsasən Ukrayna hadisələrini izləmək üçün Rusiya kanallarına baxırdım. İndi onların xəbərlərinə baxa bilmirəm, çünki qərəzli informasiyalar verirlər. Öz saytlarımızdan isə Modern.az və 1News.az mənim əsas xəbər mənbələrimdir”.

Musa Quliyev: “Həqiqiliyinə inandığm və yeganə yoxlamadığım məlumat mənbəyi AzərTAc, habelə Modern.az saytıdır - adınızı sizinlə danışdığım üçün çəkmədim. Bir çox saytlar informasiyanı dəqiqləşdirmədən verirlər. Hətta olmayan xəbərləri yazanlar kifayət qədərdir. Əsas etibarilə saytları izləyirəm, rusdilli qəzetləri oxuyuram”.

Rövşən Rzayev: “İnformasiyanı daha çox saytlar və televiziyadan alıram. Mənbə müxtəlifdir. İnformasiyanın doğruluğuna 100 faizlik inanmaq mümkün deyil. Modern.az, Day.az, etibar etdiyim xəbər portallarıdır”.

Fərəc Quliyev: “Bütün imkanlardan istifadə edirəm. Yerli və xarici saytlar, qəzetləri gündəlik olaraq izləyirəm. Həm bütün mənbələrə güvənirəm, həm də heç bir mənbəyə güvənmirəm. Hər yerdən informasiyanı götürürəm özüm onu təhlil edərək ortaq məxrəcə gəlirəm. Mən kiminsə ictimai rəy yaratmaq istəyinin quluna çevrilmək niyyətində deyiləm. Ona görə də informasiya öz qənaətimə uyğun olaraq formalaşır. Etibar etdiyim xəbər mənbəyi yoxdur ki, oradan informasiyanı oxuyan zaman onun doğruluğuna inanım”.

Aqil Abbas: “Yerli qəzetlərdən “Azadlıq”, “Yeni Müsavat”, “525-ci qəzet” , “Şərq”, “Ayna-Zerkolo” qəzetlərini daim oxuyuram. Rus, türk kanal və saytlarını izləyirəm. Mənim üçün əminliklə inandığım xəbər mənbəyi yoxdur. Buna baxmayaraq, AzərTAc, “Trend”, “Lent.az” bilirəm ki, səhv informasiya verməz. Modern.az saytına daha çox köşə yazılar və özəl yazılar üçün müraciət edirəm. 40 ilin jurnalistiyəm, informasiyanı oxuyarkən onun nə dərəcədə dürüst olduğunu anlaya billirəm”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama