Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.
2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Dövlət başçısı bir neçə dəfə tikinti işlərinin gedişi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlət başçısına və xanımına təqdim edib.
Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev çıxış edib.
Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış olub.
Qeyd edək ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Birinci mərtəbə uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının alınması üçün nəzərdə tutulub. Burada, həmçinin “biznes-klass” sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcək. Aerovağzal kompleksinin ikinci mərtəbəsi isə uçuşdan gələn sərnişinlər üçün nəzərdə tutulub. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər üçün istirahət zonaları yaradılıb. Sərnişinlərin gedişi üçün nəzərdə tutulan üçüncü mərtəbədə müasir sərnişindaşınma texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları, kafelər fəaliyyət göstərir. Aerovağzal binasının dördüncü mərtəbəsində də “bizness klass” sərnişinlərə xidmət göstərmək məqsədilə bar və kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat tabloları yerləşdirilib.
Yeni terminalın binasında müasir eskalatorlar və liftlər quraşdırılıb. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaq. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaq. Aerovağzal binasında sərnişinlərin dincəlməsi üçün yüksək standartlar nəzərə alınıb. Burada sərnişinlərin zövqünü oxşamaq üçün yaşıl zonalar xüsusi dizaynla yerləşdirilib. Binanın ərazisində eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılmışdır. Teleskopik traplardan ikisi dünyanın ən böyük sərnişin təyyarəsini – ikigöyərtəli “Airbus A380” hava gəmisini qəbul etmək üçün nəzərdə tutulmuşdur. Təhlükəsizlik tədbirləri ən müasir standartlar səviyyəsində həyata keçirilir.
Prezidentə məlumat verilib ki, aerovağzal binasında mühəndis-texniki, sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı kadrların işə qəbulu müsabiqə yolu ilə aparılıb. Yeni işçilərin qəbulu və məşqləri ilə bağlı bütün tədbirlər başa çatıb. Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi infrastruktur mövcuddur.
Qeyd olunub ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində Azərbaycana “1-ci dərəcə” statusu verilib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Respublika daxilində isə Naxçıvan, Gəncə, Qəbələ şəhərlərinə müntəzəm, Zaqatala və Lənkəran şəhərlərinə isə çarter reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə və geriyə 2 milyon 857 min sərnişin daşınıb. Bu göstəricilər son illərdə ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinin və təyyarə parkının müasir, yeni təyyarələrlə daha da zənginləşməsi sayəsində əldə olunub. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilmiş, ətrafda geniş yaşıllaşdırma işləri aparılıb.
Dövlət başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşüb.
Modern.az