Modern.az

“Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır”

“Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır”

23 Aprel 2014, 17:12

Yadımdadır, bir vaxtlar Azərbaycanın kəndlərinə hətta, Bakıətrafı rayonlara bütün şirkətlər maliyyə yatırmaqdan imtina etmişdi. Bölgələrdəki infrostruktur yoxluğunu, əlverişsiz şərait şirkətləri həmin ərazlərdə iş görməkdən çəkindirirdi. Bölgəyə yartırım edəcəyi təqdirdə iflasa uğramaq xofu yaşayan investorlar son andaca rayonlara yatırımdan imtina edirdilər. Bəlkə də bu səbəbdəndir ki, əvvəllər müxtəlif rayonlarında işsizlik böhran həddinə çatmışdı. Hətta 7-dən 77-yə kənd və rayonların bütün kişiləri xarici ölkələrə, əsasən də Rusiyaya bir tikə çörəkpulu qazanmaq üçün üz tuturdular. Təbii ki, bu da xoş rifahın hərtərəfli təmin olunmasına şərait yaratmırdı. Acınacaqlı vəziyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsinə qədər davam etdi. O, erməni işğalının qarşısının alınması, sabitliyin bərpası, iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsini dövlət qarşısında vacib vəzifələr kimi qoydu. Onun bu siyasəti nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində köklü islahatlara start verildi, bir sıra yeniliklər tətbiq olundu, müasir dövrün tələblərinə uyğun yeni-yeni istehsal müəssisələrinin yaradılmasına başlanıldı. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, 2003-cü ildə xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də iqtisadi sahədə bir çox uğurlara imza atıldı. Təməli yeni-yeni layihələrlə qoyulan ölkə, prezidentin regionlara ayırdığı diqqət və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı haqqında fərmanın imzalanmasından sonra daha da gücləndi. Heydər Əliyevin ölkə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin əsası olaraq bir müddət əvvəl  Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzaladı. Fərmandan irəli gələcək tədbirlərdən öncə ötən 10 il ərzində görülmüş işlərə diqqət çəkmək istədik.

Ötən 10 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə Dövlət Proqramları mühüm rol oynayıb. Məlum olduğu kimi regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub. Regional inkişaf proqramı ölkə iqtisadiyyatının çoxşaxəli inkişafının təmin olunmasında güclü təkanverici faktora çevrilən investisiya qoyuluşunun artmasında da mühüm rol oynayıb. Yaradılan əlverişli sərmayə iqlimi və həyata keçirilən səmərəli investisiya siyasəti nəticəsində daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artıb. İcrası başa çatmış iki Dövlət Proqramı çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib.

Son 10 ildə regionlarda 56 minə yaxın müəssisənin fəaliyyətə başlaması isə 1,2 milyondan çox yeni iş yerinin yaradılması ilə nəticələnib ki, bunun da 900 mini daimi iş yerləridir. İş yerlərinin 81%-ə yaxını regionların payına düşür. Bu da təsadüfi deyil. Paytaxtda sıxlığın qarşısının alınamsı, Bakıya axının dayandırılması,  regionlara məşğulluğun artırılması, bölgələrdəki yoxsulluğun aşağı salınması məqsədilə qəbul olunan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə artıq bu kimi problemlər öz həllini ildən –ilə tapmaqdadır. Ötən on ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində də məqsədyönlü tədbirlər görüb. Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Başa vurduğumuz 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib. Hazırda isə 30-a yaxın müəssisə üzrə işlər davam etdirilir. Ümumiyyətlə, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkədə qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Bütün bu kimi inkişafa yaxın vaxtlarda yeniləei də qoşulacaq. Çünki yeni imzalanmış üçüncü Dövlət Proqramı bölgələrin inkişafında yeni mərhələ açmış olacaq.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”da regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət qarşıdakı 5 ildə möhkəm siyasi stabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm vacib faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib. Odur ki, yeni proqramın əsas hədəfi regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir. Bölgələrdəki istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə gətirilməsi üçün kənd təsərrüfatının, aqrar-sənaye, emal komlekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulması işləri həyata keçiriləcək. Çünki kənd təsərrüfatının inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramındakı yeni texnologiyaların tətbiqi, aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan verəcək. Bundan başqa, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının bazarlara çıxış imkanlarının artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi də əsas prioritetlərdəndir. İlk olaraq sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Sənayeləşmə siyasəti çərçivəsində ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi, qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesinin inkişaf etdirilməsi ilə əlaqədar layihələr həyata keçiriləcək. 2014-2018-ci illərdə əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə regionlarda yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərin davam etdirilməsi, regionlarda sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların növləri və şəbəkəsinin genişləndirilməsindən ibarət olacaq. Bir sözlə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.

 

Gültəkin ƏLƏSGƏR

“İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi