Modern.az

Tanınmış telesimalar yeni açılan “Region” TV-də: “Biz fərqli kanal olacağıq” - MÜSAHİBƏ

Tanınmış telesimalar yeni açılan “Region” TV-də: “Biz fərqli kanal olacağıq” - MÜSAHİBƏ

23 Aprel 2014, 17:54


Mayın əvvəlindən etibarən Azərbaycan məkanında yeni telekanal “Region” TV yayıma başlayacaq. Modern.az saytı “Region” TV- nin Media Mərkəzinin direktoru Elnur Şibliyevlə müsahibəni təqdim edir.

– “Region” TV yaratmaq ideyası necə yarandı? 

– Milli Tеlеviziyа və Rаdiо Şurаsının (MTRŞ) ölkənin regionlarında baş verənlərə daha çox diqqət ayıracaq yeni telekanalın yaradılması ilə bağlı tender elan etməsindən sonra belə bir fikir ortaya çıxdı. Regional telekanalların rəhbərləri bu haqda müəyyən müzakirələrdən sonra güclərini birləşdirmək qərarına gəldilər. Ümumi qurum – “Region” TV yaradıldı və onun regional telekanalların rəhbərlərindən ibarət idarə həyəti təşkil olundu. Əslində, bir-neçə ildir bu regional kanallar arasında əməkdaşlıq, teleproduksiya mübadiləsi mövcud idi. Məhz bu kanalların birgə potensialını MTRŞ da yüksək qiymətləndirdi və “Region” TV-ni tenderin qalibi elan etdi.     

– Yeni yaradılan “Region” TV hansı istiqamətdə fəaliyyət göstərəcək?

– “Region” TV öz yayım üsulu ilə, yanaşması ilə tamamilə fərqli telekanal olacaq. Əsas prioriteti regionlar, orada baş verən sosial iqtisadi, mədəni yeniliklər olduğu üçün hazırlanan bütün TV məhsullarında bu amil nəzərə alınacaq.

– “Region” TV digər telekanallardan hansı xüsusiyyətləri ilə seçiləcək?

– Onun fərqi və ən önəmli özəlliyi teleşəbəkə olmasıdır. Bu teleşəbəkəni 6 müxtəlif regional telekanal birgə yaradıb və bu cür televiziya təcrübəsi Cənubi Qafqazda ilkdir. Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV (Tovuz) yeni - “Region” TV teleşəbəkəsinin təsisçiləri hesab olunur.

“Region” TV məhz regionların həyatına daha çox diqqət ayırması ilə də paytaxt kanallarından fərqlənəcək. Verilişlərin bir çoxu məhz regionlarda çəkiləcək. Ortaq yayımda bir fərqli məqam hər bir kanalın özünün regional pəncərəsinin olması ilə bağlıdır. Bu o deməkdir ki, səhər verilişi və günorta saatlarında yayımlanması planlaşdırılan talk şouları hər bir telekanal özü hazırlayacaq. Məsələn, Lənkəranda fəaliyyət göstərən CTV cənub zonasının tamaşaçıları, Xaçmazdakı RTV isə şimal zonasında yaşayanlar üçün səhər proqramı və talk-şoular hazırlayacaq. Digər telekanallarda həmçinin. Amma bu verilişlərin xronometrajları, hətta reklam blokları da ümumi yayım cədvəlindəki vaxta uyğun olacaq. Teleşəbəkədə xəbərlər isə TTV-nin bazasında hazırlanacaq və gündə 4 buraxılış təqdim olunacaq. Bundan əlavə, hər bir telekanalın sırf öz yerləşdiyi bölgəni əhatə edəcək 2 əlavə xəbər buraxılışı hazırlaması planlaşdırılır. 

– Tamaşaçıların görüşünə hansı layihələrlə gələcəksiniz?

Ümumilikdə “Region” TV-nin yayıma başlamasına hazırlıq məqsədi  ilə Bakıda və regional telekanallarda 50-dən çox veriliş hazırlanır. Təbii ki, bu verilişlər arasında ölkə telekanallarında bənzəri olmayan layihələr də var. Bu yeni layihələri tamaşaçılar may ayının əvvəlindən etibarən bizim efirimizdə izləyə biləcəklər.  

– Hansı tanınmış jurnalistləri “Region” TV-nin efirində görəcəyik?

– “Region” TV-ni təsis edən regional telekanallar bildiniz kimi bir-neçə ildir fəaliyyətdədir və artıq kifayət qədər bu sahədə peşəkar mütəxəssislər yetişdirə bilib. “Region” TV yayıma başladıqdan sonra paytaxt tamaşaçıları bizim aparıcıların təcrübə və bacarıqlarının şahidi olacaqlar. Bundan başqa təbii ki, ölkə televiziyalarında artıq öz tərzi, aparıcı keyfiyyətləri ilə markalaşmış şəxslər də “Region” TV-yə dəvət olunur. Bunlardan artıq, bizimlə çalışanları da var. Bunlara Şahin Əliyev, Səlminə Ələkbərli, Orxan Fikrətoğlu, Sənubər İsgəndərli, Zümrüd Qasımova, Həmidə Ömərova, Nadir Bədəlov, Azər Süleymanlı, Mehman Piriyev, Rəşad Kəsəmənli və digərlərini misal çəkmək olar. 

– Yeni telekanal hansı əraziləri əhatə edəcək?

– “Region” TV bütün ölkə ərazisini əhatə edəcək. Telekanalın yayım mərkəzi “Kəpəz” TV-nin bazasında yaradılıb. Hazırda bütün regional televiziyalar üçün ümumi optik şəbəkə qurulub. Bu xətlər imkan verir ki, bütün televiziyalar öz siqnallarını “Region” TV-nin yayım mərkəzi ilə birləşdirsin. Hazırlanan bütün verilişlər burada - yayım mərkəzində toplanır, proqram cədvəlinə uyğun olaraq ümumi siqnalla peykə ötürülür. Regional telekanallar məhz bu siqnalları qəbul edərək öz yayım dairəsinə ötürəcək. Beləliklə, ümumi proqram çarxı əsasında yayım reallaşacaq.

– Bəs gənc jurnalistləri öz ətrafınıza toplayacaqsınızmı?

– Hazırda bizim teleşəbəkədə ümumilikdə 800-dən çox əməkdaş çalışır. Bu işçilərin əksəriyyəti məhz rayonlarda yaşayan və oradakı telekanallarda yetişən gənc kadrlardır. “Region” TV-nin fəaliyyətə başlaması bu gənc kadrların öz bacarıqlarını daha da inkişaf etdirməsinə zəmin yaradacaq. Həmçinin təbii ki, “Region” TV-də çalışmaq istəyən hər bir şəxs öz CV-sini [email protected] elektron ünvanına göndərə bilər.     

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı