Modern.az

4 prezidentin komandasında eyni vəzifə almış Administrasiya məmurları

4 prezidentin komandasında eyni vəzifə almış Administrasiya məmurları

Ölkə

23 Aprel 2014, 23:56

Hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlardan bəziləri 20 ildən çoxdur eyni kürsüdə əyləşirlər. 4 iqtidarın prezidentiylə işləyən, müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddətdir eyni post tutmuş vəzifəli şəxslər kimi düşən bu səlahiyyət sahiblərini rekordsmen məmurlar da adlandırmaq olar.

Modern.az saytı uzun illərdir eyni vəzifədə çalışan, həm də 4 prezidentin komandasında təmsil olunan məmurları sizə təqdim edir. Onlar Azərbaycanda “Ağ Ev” adlandırılan Prezident Administrasiyasının rəhbər vəzifə sahibləridir.

Bu sırada ilk olaraq Vahid Axundovun adını çəkmək olar. 1991-ci ilin oktyabrında Prezident Aparatına vəzifəyə gətirilən V.Axundov qeyd etdiyimiz kimi 4 prezidentlə (Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev) işləyib.
İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri əvvəlcə eks-prezident Ayaz Mütəllibovun komandasına daxil olub.
O, Mütəllibovun komandasında 04.10.1991 - 31.10.1991-ci illərdə Prezidentinin İcra Aparatında Prezidentin müşaviri, 31.10.1991 - 06.05.1993-cü illərdə yenə “Ağ evd”də iqtisadi siyasət üzrə dövlət müşaviri postunu tutub. Yeri gəlmişkən, 1992-c ildə Mütəllibov hakimiyyətdən getmiş, prezidentliyə isə Əbülfəz Elçibəy gəlmişdi. Amma V.Axundov Prezidentin İcra Aparatındakı vəzifəsini qorumaqla Elçibəyin də komandasında yer ala bilmişdi.
Doğrudur, sonralar onu çox qısa müddətə (14.05.1993 - 23.11.1993) Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor vəzifəsinə göndərdilər. Amma V.Axundovun Nazirlər Kabinetində qalması uzun zaman çəkmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən az sonra (04.11.1993 –cü ildə) onu yenidən Prezident Aparatına qaytardılar. Bu dəfə Heydər Əliyein komandasına daxil olan Vahid Axundov yenə iqtisadi siyasət üzrə dövlət müşaviri postunda əyləşdi.
2003-cü ildə hakimiyyətə İlham Əliyev gəlsə də Vahid Axundov bu dəfə də vəzifə kürsüsünü qoruya bildi. O, əvvəlki kimi hazırda da Prezident Administrasiyasında iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviridir.

4 prezidentin İcra Aparatında yüksək vəzifə tutan məmurlardan digəri Şahin Əliyevdir.
Hüquq elmləri namizədi Şahin Əliyev də Mütəllibov, Elçibəy, Heydər Əliyev və nəhayət İlham Əliyev iqtidarı dövründə “Ağ ev”də 1-ci dərəcəli dövlət müşaviri olaraq Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri postunu tutur.
O, bu vəzifəyə 28.12.1991-ci il tarixində gətirilib və artıq 23-cü ildir eyni vəzifə kürsüsündə əyləşir. 

Mütəllibov dövründən Prezident Administrasiyasında yüksək post tutan və artıq 4-cü prezidentlə işləyən daha bir məmur var - Mail Rəhimov.
M.Rəhimov “Ağ ev”ə vəzifəyə 24.10.1991-ci il tarixində gətirilib. O, Prezidentin İcra Aparatında ölkə başçısının müşaviri xidmətində məsləhətçi, daha sonra (09.12.1991 - 12.05.1992) İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinin müdiri olub.
Elçibəy hakimiyyəti dövründə (12.05.1992 - 06.05.1993) Mail Rəhimov  Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinə müdirlik edib.
Daha sonra Heydər Əliyevin komandasında təmsil olunan Mail Rəhimov 28.12.1993 - 27.06.1996-cı illərdə Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsində böyük məsləhətçi vəzifəsini tutub. 27.06.1996-cı ildən indiyədək isə Prezident Administrasiyasında İqtisadi siyasət məsələləri şöbəsinin müdiridir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi