Modern.az

Vaqif Bayatlı Odər: “Bu yeniliklər İlahiyə də ləzzət edir” - MÜSAHİBƏ

Vaqif Bayatlı Odər: “Bu yeniliklər İlahiyə də ləzzət edir” - MÜSAHİBƏ

Mədəniyyət

26 Aprel 2014, 09:46

Modern.az saytı “XXI əsrin adamı” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirir, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışır. Budəfəki qonağımız isə Azərbaycanın dəyərli şairlərindən biri Vaqif Bayatlı Odərdir.

- Sözünüz zaman və məkan anlamlarına sığmır. Bu əsrdə bu gündə hara gedir sözünüz?

- Söz İlahiyə ən yaxın şeydir. İlahi nəyə sığır ki?! Heç nəyə! Söz də onun kimi olmalıdır. Mənim şerlərimdən biri də orada da deyirəm ki, bütün yazdıqlarımın hər şeydən qırağa çıxmalıdır.

- Amma kibernetika, kompüter əsri  olan XXI əsr bu İlahi uçuşun qarşısını ala bildimi?

- Adətən bütün əsrlərdə bu sualı verirlər. Qalileyin dövründə də, Şekspirin dövründə də , Füzulinin dövründə və məkanında bu inkişaf olur. Sadəcə birində bir az ləng, birində bir az sürətli. İndi daha sürətlidir. Amma bunların bir-birinə heç bir maneçiliyi yoxdur. İnformasiya kompüter əsri olmağın İlahi uçuşa heç bir təsiri yoxdur. əgər bir şey İlahi ilə bağlıdırsa deməli o təsadüfi deyil. Bir-birini tamamlayır.

- Bəs İlahi ilə bağlı olmasa necə?

- O şey ilahi ilə əlaqəli deyil artıq o yaşamayacaq. İlahi əvvəlcə insanı yaradır sonra öz vasitəçisi kimi hər şeyi onun öhdəsinə buraxır. Daha da təkmilləşdirmək üçün insana şərait yaradır. Odur ki, insanın təkmilləşdirdiyi bu yeniliklər İlahi uçuşa mane olmaz. Əslinə qalsa bu yeniliklər İlahiyə də ləzzət edir.

- Əsrimizdə qələmlə döyüşmək asandır,  yoxsa qılıncla ?

- Bütün zamanların qələm vuruşması da olub qılınc vuruşması da. İbtidai insandan başlayıb bu mübarizə. Əli Kərim şeiridir, gərək ki. Deyir insan əvvəlcə daş atdı, daş dönüb nizə oldu, nizə güllə, güllə top, top da raket oldu. Yəni üsul eynidir. Sadəcə vasitələr təkmilləşib. İndinin qılıncı yəni raketi əslində elə o ibtidai insanın atdığı daşdır.  Mahiyyət eynidir.  Bəşəriyyət irəliyə doğru inkişaf edir.  Amma o yenə də köhnənin üstündədir. Öz kökünün üstündədir.

- “Yupyumru bir eşq ilə” adlı kitabınızda insana müraciətlə səni Allah yaraldıbsa Allaha lazımsan demək., sözlərini deyirsiniz? Həqiqətənmi bütün insanlar Allaha lazımdı?

- Əlbəttə. Allah insanı ona görə yaradıb ki, ona lazımdır. Onu məqsədli şəkildə bir missiya üçün yaradıb.  Müəyyən məqamdan sonra Allah onun lazım olmadığını da görür. Amma çalışır ki, onu düzəltsin. Müəllimlərin, ustadların, ağıllı adamların dedikləri nəsihətlər hamısı Allahın işidir. O, məhz bu yolla, onlardan vasitə kimi istifadə etməklə insanı yönləndirməyə, düzəltməyə çalışır.

- Amma bu gün XXI əsr öz fəlakətlərini göz önündən çəkmir. Suriyada Əfqanıstanda, nə bilim harada insan əzir və əzilir.  Necə olacaq bunun axırı?

- Söhbətin əvvəlində dedim. Bu elə ilk ibtidai insanın atdığı daşdır. Getdikcə gedir və hələ gedəcək də. Amma mən bu gün düşünürəm ki, hər ey yaxşıya doğru gedir. Bəşəriyyət get gedə daha da təkmilləşir. Həm mənəvi, həm də düşüncə cəhətdən. İnsan hüquqları inkişaf edir. Onları qoruyan müəssisələr yaradılır, səriştəli insan kapitalı çoxalır. Bütün bunların hamısı İlahinin iradəsi ilə  baş verir. Mən elə fikirləşirəm ki, illər keçdikcə bu daha da güclənir.

- Yəni siz bu qədər nikbinsiz...

- Mən həmişə nikbin olmuşam. Həmişə də nikbin olmalıyam. Bu da İlahi həqiqətdən yaranır. Öz-özünə yaranmır ki. Məsələn, fikrimcə Füzuli dünyanın ən nikbin şairidir mənim üçün. Düzdür, hamı elə bilir ki, Füzuli çox bədbin, kədər şairidir, amma mənim üçün o çox nikbin biridir.

- Bəlkə bu kamillikdən doğur?

- Şübhəsiz! ən böyük nikbinlik elə İlahi kamillikdən doğur. Sən elə özün buna cavab tapdın.

- Sizin sözün neçə mərtəbəsi var.?

- Eyni sualı elə mən də sənə qaytarıram. Göy üzünün neçə qatı var?

- Əsasən yeddi deyilir, amma müxtəlif yanaşmalar var.

- Ay sağ ol. Bəzi mənbələrdə, dinlərdə  deyilir ki, göy yeddi təbəqədən ibarətdir. Bəzilərində, məsələn qədim türklərdə deyilir ki,  göyün 12 qatı var. Bunların hamısı müxtəlif yanaşmalardır. Mənim poeziyam türklərin düşündüyü kimi 12 mərtəbədən ibarətdir.

- 12 mərtəbəli olmaq sizi yazıçı tayfasından uzaqlaşdırıb deyəsən?

- Heç kimdən uzaqlaşdırmayıb. Əksinə deyim ki, yaxınlaşdırır.  Bilmirəm özləri bunu hiss edirlər ya yox. Amma mən get-gedə hər birinin ağrısını - acısını daha dərindən hiss etməyə çalışıram. Hamısına da dua edirəm ki, daha yaxşı sağlam yaşasınlar.

- Bəs Odər təxəllüsü haradan gəlir? İsa Muğannanın Saf Ağ fəlsəfəsindən?

- Yox, Odərin ona dəxli yoxdur. Mən bu təxəllüsü İsa Muğanna hələ Odəri götürməzdən qabaq daşıyırdım.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi