Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov həbs edilib. Modern.az saytı ANS TV-yə istinadən xəbər verir ki, ölkədə zəlzələşünas alim kimi kimi tanınmış, Müdafiə nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, bu qurum tərəfindən aparılan yoxlama nəticəsində Elçin Xəlilovun Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərliyi müddətdə ciddi qanun pozuntularına yol verdiyi aşkar edilib. Bununla əlaqədar E.Xəlilov barəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.
Xatırladaq ki, Elçin Xəlilov Səfər Əbiyevin komandasından həbs edilən ilk şəxs deyil. Bundan əvvəl HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bərabər daha bir neçə nəfər, qərargah rəisi Yunis Məmmədov, ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, birinci dərəcəli kapitan Qasım Quliyev, mülki şəxs Elxan Hacıyev və digərləri də həbs edilib.
Modern.az