Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Murtuz Ələsgərov mənə görə BDU-da olmayan bir təyinat verdi” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Murtuz Ələsgərov mənə görə BDU-da olmayan bir təyinat verdi” - RUBRİKA

28 Aprel 2014, 08:19


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir. 

Aznews.az-ın redaktoru Ramil Məmmədli öz ixtisası üzrə işləməyə cəhd göstərib: “2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsini bitirmişəm. Bu sahənin fiziologiya istiqamətinə həddindən artıq marağım var idi. Ona görə də tələbə olduğum dövrdə işlə yaxından tanış olmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza İnstitunda bir müddət təcrübə kursu keçmişəm. Universiteti bitirəndə uzun fasilədən sonra BDU-da təyinat verilməyə başladı. Həmin təyinatı rektor Abel Məhərrəmov özü şəxsən təqdim edirdi. Hərə müxtəlif yerlərə düşdü. Mənim qismətimə isə Quba rayonu düşdü, təyinatımı ora verdilər. Əlbəttə ki, Qubaya getdim. Çünki çox sevdiyim bölgələrdən biridir. Qubaya getdim, Təhsil şöbəsinin müdiri ilə görüşdük, sonra təyinatım olan məktəblə tanış oldum. Amma orada müəllim kimi işləyə bilmədim. Şərait həddindən artıq çətin idi. Təyinatım olan kənd çox ucqar bir ərazidə yerləşirdi. Həmin kənddə mənim qalıb işləməyim çox çətin olardı. Kənd rayon mərkəzindən çox uzaq idi və qalmaq imkanım da yox idi. Ona görə də alınmadı. Açığı, ekzotik bir yer olduğundan qalıb işləmək istəyirdim. Amma bu şəraitsizlik heç cür mənə imkan vermədi ki, orada müəllim işləyəm. Bundan başqa müəllim kimi fəaliyyətim olmayıb. Ancaq bu sənəti çox sevirəm. Qubadan Bakıya, öz evimə qayıtdım.

Jurnalistikaya gəlişim orta məktəb illərinə təsadüf edir. Qəbul etsək də, etməsək də Sovet sisteminin müsbət, maraqlı cəhətləri var idi. Müsbət cəhətlərindən biri də o idi ki, məktəblilərin ictimai işlərə cəlb olunması mərhələli və fəal şəkildə həyata keçirilirdi. Bizim dövrümüzdə məktəblilərin mətbuata çıxış imkanları asan idi. “Azərbaycan müəllimi” kimi qəzetlər var idi ki, burada məktəblilərin yazılarına yer ayrılırdı. Mən həm jurnalda, həm də qəzetdə kiçik uşaq təxəyyülümdən gələn yazılarla çıxış etmişəm. Əlbəttə, bu məsələdə mənə atam kömək edib. Çünki atam öz dövrünün tanınmış jurnalistlərindən biri olub. Sovet İttifaqı zamanı Azərbaycanda çıxan “Elm və həyat” jurnalı, “Şərq qapısı”, “Kommunist” qəzeti kimi ən nüfuzlu mətbuat orqanlarında çalışıb. Evimizdə daim yazı-pozu olduğundan qəzet iyi, yazı masası, atamın qələmləri, kağızları, əlyazmaları-hamısı gözümün qabağında olub. Hətta məni dəfələrlə mətbəəyə də aparıb.

Tələbəlik dövründə də jurnalistikaya çox böyük həvəsim var idi. Həmin vaxtı çalışmışam ki, mətbu orqanlarda yazılarım getsin. Bu, ilkin olaraq alınmayıb. Sonradan isə ilk iş yerim “Paritet” qəzeti olub. Bir müddət sonra onun fəaliyyəti dayandı. Mən Namiq müəllim, Cəmaləddin Quliyevin adını qeyd etmək istəyirəm. Düzdür, ictimai işlərlə, yazı-pozu ilə də məşğul idim. Amma müasir juralistikanın tələblərini “Paritet” qəzetində öyrənmişəm. Həm Namiq müəllim, həm Cəmaləddin müəllim bu məsələlərdə mənə çox kömək edib. Orada işləyəndən bir müddət sonra hərbi xidmətə getmişəm. Mətbuatda işlədiyim sonrakı dövr artıq APA informasiya agentliyinin adıyla bağlıdır. İndi də Aznews.az-da redaktoram.

Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Peşmançılıq o zaman olar ki, ordan hansısa bir ziyan dəyər. Bu olmadığı təqdirdə peşmanam demək mümkün deyil. Ən azından jurnalistikada olduğum dövrdə çoxlu dostlar qazanmış, həmfikir insanlarla tanış olmuşam. Və bu gün də onlarla yoldaşlıq edirik. Hətta bəziləri ilə ailəvi münasibətimiz, dostluğumuz var. Öz fikirlərimi, mövqeyimi də əks etdirə bilirəm. Yəni, fikirlərim beynimdə çürüyüb qalmır. Bu mənada da mətbuata, mediaya gəlməyimi təqdir edirəm. Mənim bir tələbə yoldaşım var. O da Azərbaycan mətbuatının nümayəndəsidir: Natiq Güləhmədoğlu Ədilov, indi “Azadlıq” qəzetindədir. Bir dəfə aramızda belə bir söhbət olmuşdu ki, qeyri-ixtisaslı jurnalistlərin mətbuata gəlməsi elə bil Azərbaycan mətbuatının bir taleyidir. Azərbaycan mətbuatının bünövrəsini də jurnalistika sahəsindən kənar olan bir şəxs, biloloq Həsən bəy Zərdabi qoyub. Bu Azərbaycan mətbuatının bir taleyidir, amma müsbət bir taledir. “Əkinçi”dən tutmuş bu günə qədər qeyri-ixtisaslı jurnalistlərimiz, mətbuat nümayəndələrimiz həm öz qələmləri, mövqeləri, həm də iradələri ilə ixtisaslı mətbuat nümayəndələrindən geri qalmayıb. Bu mənada bu məsələni tənqid obyekti kimi ortaya çıxarmağı düzgün hesab etmirəm”.

“Azərbaycan qadını” jurnalının redaktor müavini Laura Cəbrayıllı öz sənətinə xilaf çıxmadığını düşünür: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini qırmızı diplomla bitirmişəm. İxtisasca dilçiyəm, Azərbaycan dili üzrə mütəxəssis sayılıram. Öz ixtisasım üzrə işləməmişəm. Elə 4-cü kursdan təhsil almaqla yanaşı, radioda işləməyə başladım. Deməli, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Güney Azərbaycan redaksiyasında redaktor vəzifəsində işləməyə başladım. Verilişlərim var idi, o verilişlərin müəllifi və redaktoru idim. Bu şəkildə əmək fəaliyyətimə başladım. Universiteti bitirəndən sonra da jurnalistika sahəsində fəaliyyətimi davam etdirdim. Baxmayaraq ki, o vaxt bizdə təyinat idi, amma mən jurnalist olmaq, ədəbiyyatla daha yaxından məşğul olmaq, yəni, ədəbi prosesi izləmək istəyirdim. Özüm üçün daha dinamik bir həyat arzulayırdım. Bu baxımdan çox hörmətli müəllimlərim dilçi olub universitetdə qalmağımı, sonra elmi fəaliyyətlə məşğul olmağımı istəsələr də, məni anladılar. Çox sağ olsunlar, o vaxtkı universitetin rəhbərliyi, o vaxtkı rektor Murtuz Ələsgərov dedi ki, “qızım belə bir hal yoxdur. Amma madam ki, sizin belə bir arzunuz var, istisna hal kimi sizin təyinatınızı Dövlət Radiosuna verirəm. Gedin, öz arzuladığınız bir işlə məşğul olun”. Mən çox gənc idim, 20 yaşım var idi. Müəllimlərimə həmişə çox böyük hörmətlə yanaşıram ki, o vaxt məni anlayışla qarşıladılar. Təyinatla Dövlət Radiosuna gəldim və 5 il burada işlədim. O gündən bu günə qədər də öz ixtisasım üzrə işləmədim. Ötən dövrdə müxtəlif KİV-lərdə çalışmışam.

İndi də “Azərbaycan qadını” jurnalında redaktor assenti işləyirəm.Yenə də jurnalistikadayam. Tam mənasında demək olmaz ki, mən öz sənətimə, ixtisasıma xilaf çıxmışam. Çünki həmişə ədəbiyyatımızla, ədəbi-bədii yaradıcılıqla bağlı materiallar işləmişəm. Həmişə jurnalistikanın humanitar sahəsində yazmışam. Yazını, yaradıcılığı çox sevirəm. Hesab etmirəm ki, jurnalistika ilə ədəbiyyat, ədəbi proses arasında çox kəskin sərhəd qoymaq lazımdır. Hər biri yaradıcılıqla məşğuldur və yaradıcılığa xidmət edir. Əslində uzun müddət onlar elə bir ixtisas sayılıb, bir fakültə olublar. Jurnalistika sonra müstəqil bir fakültə kimi ayrılıb, nisbətən gənc sahə sayılır.

Özümü hər zaman yazının yanında görmək istəmişəm. Heç də peşman deyiləm. Hesab edirəm ki, jurnalistikamız həmişə elə yazının, yaradıcılığın ən aktiv və dinamik bir sahəsi olub. Mən də belə bir dinamik sahədə çalışmışam və buna görə də qətiyyən peşman deyiləm. Düzdür, hərdən Azərbaycan dilinin qanunlarını  çox sevdiyimdən həmkarlarım nələrisə düzgün yazmayanda və ya hansısa ifadə yerinə düşməyəndə köks ötürürəm. Fikirləşirəm ki, bəlkə mən dilçi olardım. Amma həmişə dilimizin daha düzgün işlənməsinə nail olmağa çalışmışam. Ən azı həmişə çalışmışam öz işlədiyim yerdə və ya köşəmdə, səhifəmdə, balaca bir hücrəmdə dilimizlə bağlı nələrsə düzgün olsun, hansısa bir qüsurlu fikir alınmasın. Nə qədər nail olmuşam, bunu əlbəttə, indi özüm bilmirəm. Amma sona qədər mübariz olmuşam. Hər halda çalışmışam ki, həmişə balaca guşəmdə Azərbaycan dilinin təmizliyi, saflığını qoruyum”.

ANS TV-nin “Bazar səhəri” verilişinin aparıcısı Rövşanə Bektaşi: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Əlbəttə, öz ixtisasım üzrə işləmişəm. Azərbaycan Beynəlxalq Universitetində işləmişəm. İndi də Azərbaycan Universitetində müəllimə işləyirəm.

Jurnalistika fəaliyyətinə 1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında “Səhər” proqramı ilə başlamışam. Rəhbərimiz Qulu Məhərrəmliydi. Elə tam təsadüfən gəldim. “Səhər” proqramında 15 dəqiqədən bir yayımlanan “Xəbərlər” bölümü var idi. Əvvəl müxbir kimi işə götürüldüm, sonra isə aparıcı oldum. Həmin “Xəbərlər” bölümündə aparıcı kimi efirə çıxırdım. İki il Azərbaycan Dövlət Televiziyasında işlədim, sonra 10 il “Space” televiziyasında “Səhər” proqramında aparıcı və Layihələr Departamentinin rəhbəri olmuşam. İndi də ANS-də çalışıram.

Jurnalistikada olduğuma görə qətiyyən peşman deyiləm. Hər halda bu sahə mənə olduqca yaxşı dostlar qazandırıb, yaxşı insanlarla tanış edib. Bu sahənin hələ də üstünlüyü odur ki, başqa peşələrdən fərqli olaraq öz sözümüzü insanlara çatdıra, fikirlərimizi izah edə bilirik. Başqa sahələrdə bu hardasa məhdud bir şeydir. Amma hər halda jurnalistin işi bu baxımdan işıqlıdır”.

 “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: “Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini “Tarixçi-tarix müəllimi” ixtisası üzrə (1992-1997-ci illərdə) bitirmişəm. Əmək fəaliyyətinə 1997-ci ildə “Ekspress” qəzetində müxbir kimi başlamışam. 1998-ci ildə “Vətəndaş həmrəyliyi”, 1999-cu ildə “Avrasiya” qəzetində çalışmışam. “Azadinform”a 1999-cu ildə müxbir kimi gəlmişəm və agentlik fəaliyyətə başlayanda ilk informasiyanı mən vermişəm.
2000-2003-cü illərdə AMEA-da Aspirantura şöbəsində təhsil almışam. Müxbirlik fəaliyyəti ilə yanaşı, həm də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda (2000-2003-cü illərdə) kiçik elmi işçi vəzifəsində çalışmışam. 2005-ci ilə kimi “Azadinform”un Parlament və Prezident Aparatı üzrə müxbiri, Siyasət şöbəsinin müdiri olmuşam. 2006-2012-ci ilə kimi redaktor, 2013-cü ildən sonra isə baş redaktor vəzifəsində çalışıram.

Etiraf edim ki, jurnalistikaya gəliş səbəbim ixtisasım üzrə işləmək istəməməyim olub. Amma jurnalistikada da vəziyyət ürəkaçan deyildi. 90-cı illərin sonlarında Azərbaycanda mətbuatın durumu çox ağır idi, əmək haqqı çox aşağı idi, indiki kimi iş tapmaq elə də asan deyildi. Amma bütün bunlara baxmayaraq jurnalistikaya tez uyğunlaşmış, tanınmış jurnalistlərlə bir yerdə işləmiş və onlardan çox şey öyrənmişəm. Bu sahədə təcrübəmi artırmaq üçün onlarla təlimlərdə iştirak etmişəm. Açığı statistikasını aparmamışam, amma 5-10 təltifim var. Təbii ki, bunlardan ən yaddaqalanı 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif və 2013-cü ildə evlə təmin olunmağımdır.

Düzdür, çətinliklərimiz çox olub, amma narazı deyiləm. İndi imkanlar çox genişdir, amma keyfiyyət yoxdur. Bu zamana kimi işimi sevə-sevə görmüşəm, ən başlıcası “Mediada müxtəliflik” sahəsi üzrə ixtisaslaşmışam. Artıq 17 ildir bu cameədəyəm, indi jurnalistika mənim üçün doğmadır, perspektivdə nə zaman mətbuatdan ayrılsam, düşünürəm ki, jurnalistikaya yaxın sahəni seçərəm”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi