Modern.az

Ermənistana getmiş QHT rəhbərləri DANIŞDI: “Hamımız qorxuya düşmüşük”- SORĞU

Ermənistana getmiş QHT rəhbərləri DANIŞDI: “Hamımız qorxuya düşmüşük”- SORĞU

29 Aprel 2014, 17:02


Dağlıq Qarabağ probleminin çözülməsi üçün istifadə olunan “xalq diplomatiyası”nın perspektivləri özünü doğrultmayıb. Son zamanlar rəsmi Bakının belə təmasların əleyhinə çıxış etməsi və Ermənistana səfərlərin  arzuolunmaz sayılması ictimai müstəvidə müzakirələrə rəvac verib. Modern.az müxtəlif vaxtlarda “xalq diplomatiyası” çərçivəsində Ermənistana səfər etmiş QHT rəhbərlərindən “Xalq diplomatiyası lazımdırmı?”, “Ermənistana gedərsinizmi?” sualları ilə sorğu aparıb. Cavabları oxuculara təqdim edirik:

“Xalq diplomatiyasının imkanlarından kifayət qədər istifadə olunmayıb” 

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov: “Yenidən Ermənistana getmərəm. Onsuzda çoxdan Ermənistana getməyin mənim üçün mənasız olduğunu izah eləmişdim. Konkret hansısa tədbirlərə gedib öz fikirlərimi bildirməyi mənasız saydım. Çünki həmin qayda ilə biz ermənilərlə Strasburqda, Brüsseldə, Londonda görüşə bilərik. Mən fikirləşirdim ki, xalq diplomatiyasının nümayəndələri daha çox Ermənistan cəmiyyətinin yumşaldılmasına, öz hökümətlərinə ciddi təsir edərək Dağlıq Qarabağ məsələsində onların ədalətli bir mövqeyə gəlməsində böyük rol oynaya bilərdi. İndi də bu ümidlərimi üzməmişəm. Amma fikrimcə, Azərbaycanda xalq diplomatiyasının imkanlarından indiyə kimi kifayət qədər istifadə olunmayıb. Bu özü lazımi qaydada həm təsirini göstərə bilməyib, həm də dəstəyini ala bilməyib.

Perspektivləri baxımından ümumiyyətlə, xalq diplomatiyası Azərbaycan üçün nəyə lazımdır?  Hökümətin birbaşa Ermənistanla, Ermənistan cəmiyyəti ilə təmasları yoxdur. Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT-lər istər Ermənistana gedəndə, istər hansısa bir beynəlxalq tədbirlərdə ermənilərlə üz-üzə gələndə biz hər dəfə onların bu yalanlarını farş edirik. Hər dəfə öz çıxışlarımızla beynəlxalq ictimaiyyətə sübut edirik ki, Azərbaycanda  öz vətəndaşı saydığı Dağlıq Qarabağ ermənilərinə Ermənistanın təqdim etdiyi qədər nifrət yoxdur. Bu münaqişədən bizimlə bərabər əziyyət çəkən Dağlıq Qarabağ ermənilərini biz həmişə ayırırdıq. Bu mesajı QHT-lərdən, vətəndaş cəmiyyətindən başqa heç kim beynəlxalq tədbirlərdə səsləndirə bilmir. İndi gəlin bu kanalı bağlayaq. Ermənilər orada at oynatsın, biz də bu işlə məşğul olan bütün insanlarımıza böhtan ataq, deyək ki, onlar ermənilərə işləyirlər.

O adamlar ki, xalq diplomatiyası ilə məşğuldurlar. O insanlar özlərinin, öz gördükləri işin professionalıdırlar. Onlar kifayət qədər təcrübə toplamış, kifayət qədər beynəlxalq aləmdə tanınmış insanlardır. Yəni, onların perspektivi ilə, onların patensialından hələ bu diplomatiya istifadə etməyib. Prezident yaxşı başa düşür ki, xalq diplomatiyası sülh danışıqları getdiyi və regionda vəziyyətin bu qədər çətin olduğu bir ərəfədə Azərbaycana ziyan gətirəcək addım deyil. Ümidlə prezidentə müraciət edirik ki, bu məsələdə bir az cəmiyyətdə olan əhval-ruhiyyəni cilovlasın. Yəni, bu insanları məhv etməklə Azərbaycanın özünün auditoriyası məhv olacaq.

“İnformasiya dalınca cəhənnəmə də gedərəm” 

Jurnalist, Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev: “Mən heç vaxt xalq diplomatiyasında iştirak etməmişəm. Ermənistanda jurnalist kimi olmuşam. Hesab edirəm ki, indi xalq diplomatiyasının olması üçün heç bir zəmin yoxdur. Xalq diplomatiyasının əsas məqsədi və vəzifəsi nədən ibarətdir? Dövlətlərarası sülh əldə olunandan, iki ölkə arasında barış əldə olunandan sonra, diplomatik münasibətlər artıq formalaşandan sonra müharibə içində olan, bir-birinə tarixi ədavət edən xalqları yaxınlaşdırmaq üçün olan bir körpüdür. Müharibə şəraiti içində olan iki ölkə arasında hardan xalq diplomatiyası ola bilər ki?

Təsəvvür edin, Ermənistandan olan bir bəstəkar və Azərbaycandan olan bir xanəndə oturub xalq diplomatiyası çərçivəsində görüşürlər. Bu deyir “Qarabağ bizimdir”, o biri deyir, “yox, bizimdir”. İstər-istəməz bütün bu söhbətlər əslində yeni bir münaqişəyə gətirib çıxarır. Siyasi münaqişə çözülmədən hansı xalq diplomatiyasından danışmaq olar? İndiki şəraitdə xalq diplomatiyası yeni münaqişlər doğurur. Mən Ermənistana gedib reportaj hazırlamışam. Jurnalist kimi əlbəttə, yenə Ermənistana gedərəm. İnformasiya dalınca cəhənnəmə də gedərəm.

“Camaat arasında belə söhbət gəzir ki, sonuncu həbslər də təsadüfi deyil” 

Yazıçı, publisist Həmid Herisçi:  “Əgər təklif ciddi yerdən gəlsə gedərəm. Dəfələrlə Ermənistana getmişəm, Serj Sarkisyanla, Robert Köçəryanla da görüşmüşəm. Mən siyasi mühacir ailəsində doğulmuşam. Yəni, dövlət işləri, insanın hansı həddə qədər danışa bilmək qabiliyyəti, harada susmalı, necə danışmalı-bunları bilirəm. Yadıma gəlir Robert Köçəryan dedi, “gəl bir yerdə şəkil çəkdirək”. Mən çəkdirmədim. Bu, onun xoşuna gəldi və dedi ki, “siz çox səliqəli və ehtiyatlı adamsınız”. Dedim, “əlbəttə, mən sizinlə nə üçün təkbətək şəkil çəkdirməliyəm. Hamımız bir yerdə çəkdirə bilərəm. Amma təkbətək mənə lazım deyil”. Mənim nəyimə lazım idi Köçəryanla təkbətək şəkil çəkdirim. Mən onu demək istəyirəm ki, Ermənistana gedən adam başa düşməlidir ki, müharibə gedir, burada dövlət sirləri var, ermənilərin öz maraqları var. Bunlar sadə məsələ deyil. Səslər yazılır, görüntülər çəkilir. Adətən, o görüşlərdə təkcə erməni kəşfiyyatı işləmir, ingilis kəşfiyyatı, yəhudi kəşfiyyatı, rus kəşfiyyatı da işləyir. Onlar o xalq nümayəndələrini çəkir, zəif yerlərini axtarır, sənədləşdirir, sonra istifadə edirlər. Yəni, bu gün görürük nələr baş verir. Camaat arasında belə söhbət gəzir ki, sonuncu həbslər də təsadüfi deyil. Yəni, hamısı bir-biri ilə əlaqəlidir. Cəmiyyəti sarsıtmaq üçün görünür, indi ona başqa adlar qoyurlar. Ancaq bütün həbslər bəlkə də bir şəbəkədir”. 

“Hamımız qorxuya düşmüşük” 

Hüquq müdafiəçisi Arzu Abdullayeva: “Bəli, Ermənistana gedərəm. Mən müharibə perspektivini görmürəm və buna görə yeganə qalan yol xalq diplomatiyası yoludur. Diplomatiya təkcə rəsmi diplomatiya olmamalıdır. Vətən bizim hamımızın vətənidir. Azərbaycan bizim vətənimizdir, onun hər qarış torpağı da bizim üçün əzizdir. Bunun üçün çalışmaq hamımızın borcudur. Xalq diplomatiyası da bu məqsədə qulluq edir. Həmin şəxslərin indi xəyanətdə suçlandırılması  hamısı cəfəngiyatdır. Buna heç kəs inanmır. Belə daxili siyasət başucalığı gətirmir və bu Azərbaycan üçün çox mənfi bir ssenari ilə nəticələnə bilər. Bu barədə hamımız qorxuya düşmüşük. Fikirləşirik ki, Azərbaycanın aqibəti nə ola bilər".

 

Misranə Həsənzadə

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu