Dağlıq Qarabağ münaqişəsi 1994-cü ildə müvəqqəti atəşkəslə əvəzləndikdən sonra beynəlxalq birlik tərəfindən “müstəqilliyi” tanınmayan əraziyə siyasi-ictimai xadimlərlə bərabər, mədəniyyət xadimləri də dəvət olunmasına başlandı. Separatçı rejimin ilk dəvətliləri rus estradasının “ulduzlar”ı idi.
2005-ci ilin iyulunda Rusiya estradasının bir çox “ulduz”u, o cümlədən Soso Pavliaşvili, Katya Lel, Aziza və rus estradasının əsas ulduzlarından sayılan Fillip Kirkorovun atası Bedros Kirkorov Xankəndi stadionunda konsert proqramı ilə çıxış ediblər. Bu hadisə Azərbaycanda geniş əks-səda doğurmuşdu. Lakin xarici vətəndaşların işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməsi ilə bağlı prosedurları pozan təkcə onlar olmayıb.
Doğrudur, ilk “turistlər”dən biri – Soso Pavliaşvili mətbuata açıqlamasında yalnız Yerevanda konsert proqramı ilə çıxış etmək üçün gəldiyini və qəfildən helikopterə mindirilərək Dağlıq Qarabağ gətirildiyini söyləməklə özünə bəraət qazanmağa çalışdı. Bedros Kirkoriv istisna olmaqla, digər müğənnilər isə siyasətlə maraqlanmadıqlarını və konfliktdən xəbərsiz olduqlarını dilə gətirdilər. Buna görə də bir sıra mədəniyyət xadimləri, o cümlədən müğənni Katya Lel Azərbaycan hakimiyyətindən üzr istəyib “qara siyahı”dan adını çıxartmağa nail oldu.
Qeyd edək ki, yalnız 2009-cu ilin iyulunda Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi “qara siyahı” praktikasından istifadə etməyə başladı və Dağlıq Qarabağa qanunsuz səfər edən müğənnilərin Azərbaycanda konsert vermələrinə qadağa qoydu. Lakin Dağlıq Qarabağ erməniləri müəyyən dövrülüklə Xankəndinə xarici müğənniləri dəvət etməkdə davam edirdilər.
2010-cu ilin payızında Dağlıq Qarabağda anadan olan rusiyalı biznesmen Levon Ayrapetyanın dəvəti ilə tanınmış italyan müğənni Al Bano da Ağdərənin Vəngli kəndində konsert proqramı ilə çıxış edib. Soyuq hava şəraitində, fonoqram altında çıxış edən Al Bano bu cansıxıcı konsertinə görə, rusiyalı biznesmendən böyük məbləğdə qonorar alır.
Qarabağ ermənilərinin hər il keçirdikləri eşşək yarışlarına da tamaşa edən Al Bano 2013-cü ilin sentyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin təxminən 300 nəfərdən ibarət “qara siyahısı”nda yer aldı. Lakin təxminən iki ay sonra Xarici İşlər Nazirliyi italiyan müğənnini Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını istədiyi barədə məlumat verdi. Müğənninin münaqişədən xəbərsiz olduğu və əməlinə görə təəssüf hissi keçirildiyi vurğulanırdı. Bunu nəzərə alaraq Azərbaycan XİN-i Al Banonun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarmaq barədə qərar verdi.
Müğənni 2013-cü il dekabrın 17-də Heydər Əliyev adına sarayda keçirilən və “San Remo ulduzları Bakıda” adlı konsert proqramında çıxış edir. Lakin heç də bütün müğənnilər peşmançılıq hissi keçirmirlər.
2013-cü ilin iyununda dünyaca tanınan miqyasında tanınan ispan opera müğənnisi Monserrat Kabalye Ermənistana səfəri çərçivəsində gözlənilmədən Dağlıq Qarabağa səfər edir. Yerli separatçıların lideri Bako Saakyanla görüşən Kabalye Dağlıq Qarabağı “xristianlıq adası” adlandırır. Maraqlıdır ki, ispan müğənni işğal olunmuş torpaqlarda konsertlə çıxış etmir. Qatı katolik olan müğənni sadəcə, ermənilərlə xristian həmrəyliyi nümayiş etdirmək üçün buraya səfər etdiyini açıqlayıb. Lakin bir neçə müddət sonra onun “Ermənistan və Arçax: Xristianlıq adası” adlı mahnısı Parisdə təntənəli şəkildə təqdim olunur. Dərhal Azərbaycan XİN-inin “arzuolunmaz şəxslər” siyahısına daxil edilən Kabalyeni görünür ki, bu fakt çox da narahat etmir. Çətin ki, ispan priması nə vaxtsa, adının bu siyahıdan çıxarılması üçün müraciət etsin. Lakin ispan opera ustalarını bürüyən erməni sevgisi tezliklə başqa tenoru da bürüyür.
Əfsanəvi tenor Plasido Dominqonun eyniadlı bəstəkar və müğənni oğlu 2013-cü il noyabrın 17-də Dağlıq Qarabağa səfər edir. Yerli ermənilərlə hərtərəfli görüşlər keçirən, simvolik sülh ağacı əkən və konsert proqramı ilə çıxış edən müğənni də gözlənildiyi kimi “qara siyahı”ya salınır. Bundan başqa, incəsənətlə bu və ya digər dərəcədə əlaqəsi olan bir sıra müğənnilər, heykəltəraşlar, rəssamlar da müxtəlif vaxtlarda Qarabağa qanunsuz səfərlər ediblər. Bu faktlar müəyyən olunan kimi onların Azərbaycana gəlişinə qadağalar qoyulsa da, əcnəbi incəsənət xadimlərinin Dağlıq Qarabağ səfər etmələrinin qarşısını faktiki olaraq almaq üçün heç bir işlək hüquqi məngənə yoxdur.
Vüqar İsmayılov