Modern.az

Siyavuş Novruzov: “İnsan səsvermənin nəticəsi ilə “istiqlalçı” olmur”

Siyavuş Novruzov: “İnsan səsvermənin nəticəsi ilə “istiqlalçı” olmur”

30 Aprel 2014, 10:00

“İndiki Milli Məclisin əsas fəaliyyəti 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul olunduqdan sonra birinci çağırışla başlayıb. “Deputat statusu haqqında” qanun da Milli Məclisə birinci çağırışın tələbləri əsasında formalaşıb”.

Bunu Modern.az-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov 1990-1995-ci illərdə Ali Sovetdə deputat olan şəxslərin pensiya təminatında yaranan problemləri şərh edərkən deyib. Onun sözlərinə görə, 1990-cı ilin parlament seçkiləri müstəqillik dövrünə təsadüf etmədiyindən həmin ildə deputat olan insanların pensiya məsələsi əvvəlki qanunvericiliyin tələblərinə uyğun tənzimlənməlidir. YAP rəsmisi Ali Sovetə seçkilərin SSRİ qanunvericiliyi tələbləri çərçivəsində həyata keçirildiyinə diqqət çəkib. O bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: “Müstəqil Azərbaycanda qanun qəbul olunubsa, ondan sonra deputat seçilən şəxslərə şamil olunur”.

YAP funksioneri “istiqlalçı deputatlar”ın da pensiya və sosial təminatına da toxunub. O, Ali Sovetin deputatlarının müstəqillik illərindəki fəaliyyətinin onların pensiya probleminin həllinə nə dərəcədə təsir edəcəyindən də danışıb: “Qeyri-qanuni olaraq “istiqlalçı deputatlar” parlamentin tərkibini kiçildərək 50 nəfərə endirdi. 350 deputatdan 50-si o vaxtkı Milli Şuraya seçildi. İndi həmin 50 nəfərə təminatın ödənilməsi, yerdə qalan 300-nə isə heç bir təminatın verilməməsi ədalətsizlik olar. Halbuki həmin 350 nəfərin də heç bir fəaliyyəti olmayıb. Onların deputat kimi adı gedib, amma fəaliyyət göstərməyiblər. İndi Azərbaycanda cənab prezident tərəfindən tanınmış insanlara, incəsənət və mədəniyyət nümayəndələrinə, şəhid ailələrinə, veteranlara, bir sözlə bütün sahələrdə çalışan şəxslərə diqqət göstərilir. Bununla da onların sosial şəraiti yaxşılaşır. Bu proses gedir”.

YAP təmsilçisi onu da qeyd edib ki, 1990-1995-ci illərdə deputat olan adamların pensiya məsələsində qanunun yeni formalarını axtarıb tapmaq lazımdır: “50 il Kommunist Partiyasına qulluq edənlər bu gün özünü “istiqlalçı deputat” adlandırır. Ali Sovetdə Azərbaycan müstəqilliyi ilə bağlı məsələ səsə qoyulub və kimlərsə lehinə səs verib. Səsvermənin nəticəsi ilə insan “istiqlalçı” olmur. Hər şeyin əsasında isə qanun dayanır. Pensiya məsələsi də qanun çərçivəsində tənzimlənməlidir”.

 

  Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi