Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür. İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb. Bakı şəhərində – 5367 , Naxçıvanda – 27 , Gəncədə – 865, Sumqayıtda – 524, Şəkidə – 357, Ağcabədidə – 102, Göyçayda – 206, Şirvanda – 128, Lənkəranda – 134, Xaçmazda – 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub. Mayın 4-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini aprelin 25-dək təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcək. “Elektron ərizə”lərini aprelin 25-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2014-cü il iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2014-cü il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Misranə Həsənzadə