Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Əli Hüseynli mətbuatda gedən yalan xəbərlərdən şikayətlənib. “Təəssüf ki, bir sıra beynəlxalq təşkilatların mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatları dərc olunur. Bunların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Onu da qeyd etmək istəyirəm ki, parlament açıq, şəffaf orqandır. İstənilən məsələni açıq şəkildə müzakirə etməyə hazırıq. Amma bir neçə gün bundan əvvəl “Beynəlxalq Şəffaflıq - Azərbaycan” təşkilatının hesabatı dərc olunub. Hesabatın parlamentə aid olan hissədə qərəz dolu və böhtan var”.
Ə. Hüseynli qeyd edib ki, Milli Məclisi şəffaflıq prosesini pozmaqda ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü də Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn korrupsiya əməlinə yol verib. “Bu günlərdə erməni kəşfiyyatı ilə əlaqədə suçlanan Leyla Yunus külli miqdarda, 100 minlərlə dollar vəsaitin nağdlaşdırılmasının iştirakçılarından biri də şəffaflıqdan danışan Rəna Səfərəliyevadır. Bu hesabata geniş şərh vermək istəmirəm. Amma hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentariləri isə bundan sonra həmin təşkilatla heç bir əlaqə qurmamalıdır”.
Gültəkin ƏLƏSGƏR