Deputat Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Azərbaycanda Hepatit B və C virusuna yoluxanların getdikcə artdığını və bunun insan sağlamlığı üçün böyük faciələrə səbəb olduğunu deyib. Modern.az xəbər verir ki, deputatın fikrincə, Hepatit B və C-nin artmasının qarşısının alınması, bu virusdan əziyyət çəkən insanların müalicəsinə və əməliyyatına dövlət dəstəyini nəzərdə tutan dövlət proqramının qısa zamanda qəbul edilməsi vacibdir: “Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyərlə bağlı həyata keçirilən 58 qaraciyər köçürmə, transplantologiya əməliyyatı zamanı aydın olub ki, 58 xəstənin 45 faizinin qaraciyərinin bu vəziyyətə düşməsi Hepatit C, təxminən 40 faizi Hepatit B mənşəlidir. Təkcə son həftədə Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində həyata keçirilən qaraciyər köçürmə əməliyyatı zamanı məlum olub ki, xəstələrin üçünün qaraciyərinin ağır vəziyyətə düşməsinə səbəb Hepatit C olub. Bu əməliyyatların qiyməti isə aşağı və orta əmək haqlı Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır”.
Hepatit C-yə yoluxan xəstələrin qaraciyər köçürmə əməliyyatının 45 min manata, Hepatit B-li xəstələrdə isə qaraciyər əməliyyatında immunoqlobilinə ehtiyacı olduğu üçün 60 min manata başa gəldiyini deyən deputat bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə və Hepatit B və C-nin getdikcə artdığını nəzərə alaraq bir çox məsələləri özündə əks etdirən dövlət proqramına ciddi ehtiyac var.
Modern.az