Milli Məclisin iclasında deputat Rəfael Cəbrayılov “Yol hərəkəti haqqında” Qanun layihəsinə dəyişikliklərdən danışarkən bildirib ki, xüsusi siqnallarla təchiz olunmuş avtomobillərə yol verilməməsi ilə bağlı qayda pozuntusunu digər qayda pozuntusu ilə müqayisədə təhlükəlidir. “Söhbət yol polisi, yanğınsöndürən, təcili yardım maşınlarından gedir. Sürücülər polis maşınlarına yol verirlər. Bunun səbəbləri aydındır. Yanğınsöndürən maşınlara da yol verilir. Çünki onların qabariti böyükdür və toqquşma təhlükəsi baxımından onlara da yol verilir. Lakin təcili yardım maşınlarına yol verilməməsi çox geniş yayılıb. Burada insan sağlamlığından söhbət getdiyi üçün məsələ daha təhlükəlidir”.
Modern.az-ın məlumatına görə, R. Cəbrayılov bəzi təkliflər verib: “Qanun layihəsinin 151-ci maddəsində sadalanan əməllərlə birgə 60 manat cərimə olunma ayrı bir maddədə verilməlidir. Nəzərə çatdırım ki, Milli Məclisin belə bir təcrübəsi var. Piyadaların keçid zolağı üzərinə çıxan andan onlara sürücü tərəfindən yol verilməsini iki il bundan öncə ayrı bir maddədə yerləşdirdik. Təbii ki, bu da lazımı effekt verdi. Xüsusi səs siqnalları, sayrışan işıqlarla təchiz olunmuş avtomobillərə yol verilməməsinə görə inzibati məsuliyyət 151.2-ci maddədən çıxarılıb ayrıca maddədə verilsin və sanksiya ən azı 100 manata kimi qaldırılsın”.
Gültəkin ƏLƏSGƏR