Modern.az

Kadrarxası - ““Arxadan vurulan zərbə”də Cəbinin yas mərasimi səhnəsini “qayçıladılar””

Kadrarxası - ““Arxadan vurulan zərbə”də Cəbinin yas mərasimi səhnəsini “qayçıladılar””

3 May 2014, 13:35


Modern.az
saytının “Kadrarxası” layihəsi davam edir. Bu həftə “Kadraraxası”nda “Arxadan vurulan zərbə” filmidir. O illərə, filmin çəkiliş prosesinə xalq artisti Amaliya Pənahova (Ziba), əməkdar artist Ənvər Həsənovun (Oqtay) xatirində qalanlarla nəzər salacağıq.

“Arxadan vurulan zərbə” filmi Elçinin "Ox kimi bıçaq" povesti əsasında 1977-ci ildə çəkilib. Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyini, Vətən məhəbbətinin hər şeydən üstün olmasını diqqətə çatdırıblar.

“Filmin çəkilişində bir həftə oldum”



Amaliya Pənahova:
“O vaxt “Gün keçdi” filminə çəkilirdim. Anlaşılmazlıq yarandı deyə, həmin filmdə rol almadım. Sadəcə səsləndirmədə iştirak etdim. Ziba rolunu rejissor Arif Bababyevin istəyi ilə oynadım. “Arxadan vurulan zərbə” filminə qədər təxminən 20 filmə çəkilmişdim. Filmin çəkilişləri uzun müddət davam etdi. Amma mən oynadığım epizod təxminən 1 həftəyə ərsəyə gəldi. Çəkilişlərim əsasən Şəki küçələrində aparılırdı. Epizod olmasına baxmayaraq, çəkilişlər həm də pavilyonda aparıldı deyə, vaxt uzandı. Polis məntəqəsindəki çəkiliş Bakıda pavilyonda baş tutub. Mən, Şahmar Ələkbərov və Rasim Balayevlə tərəf müqabili olmuşam. Çəkiliş müddətində hər şey normal idi, mehriban kollektivdə çalışırdıq.”

Ənvər Həsənov: “Filmin rejissoru mərhum Arif Babayev idi. Onun çəkdiyi 9 filmdən 5-də rol almışam. Filmin çəkilişləri başlayanda məni Oktay roluna çəkilməyə dəvət etdi. Mən də böyük məmuniyyətlə qəbul etdim. Yaş fərqimiz olmasına baxmayaraq, biz Arif müəllimlə dost idik”.

“Cəbinin yas mərasimi ilə bağlı çəkilən səhnə efirə verilmədi”

Amaliya Pənahova: “Filmdə çəkilən, lakin efirə getməyən kadrlar oldu. Yadımdadır, Cəbinin ölümü ilə bağlı olan yas mərasimi səhnəsi sonradan çıxarıldı və efirə getmədi. Səbəbini bilmirəm. Amma çox ağır səhnə idi. Filmin çəkilişi zamanı hər hansı problem yaşamadım. Arif Babayev özü çox professional rejissor, gözəl sənətkar idi deyə, hər şey çox gözəl şəkildə həyata keçirildi.”

“Film Şəki, Zaqatala, Qaxda çəkildi”



Ənvər Həsənov:
“Filmin çəkilişləri əsasən Şəki, Zaqatala, Qaxda aparılırdı. Təbiət səhnələrinin çəkilməsi üçün seçilən məkanlar məhz həmin regionlarda idi. Cəfər Cabbarlı adına Kinostudiyanın nəzdində iki böyük pavilyon var ki, məhz otaq, zal, qapalı məkanların çəkilişləri pavilyonda aparılırdı. Lazım olan mənzərənin yaranması üçün bu 3 yer arasında gedib-gəlirdik. Arif müəllim yaradıcılığı boyu hər zaman çox gözəl aktyor heyəti seçirdi. Filmdə Yusif Vəliyev, Amaliya Pənahova, Şahmar Ələkbərov, Adil İsgəndərov kimi güclü aktyorlar rol alıb. Filmin müvəffəqiyyətli olmasında təbii ki, aktyorların rolu danılmazdır. Yardıcı və aktyor heyəti ümdə bir məsləyə qulluq etdiyi üçün sonluq istənilən nəticəni verdi. Bu səbəbdəndir ki, uzun illər keçməsinə baxmayaraq fim hələ də sevilir.”

“Ə, bu nə maşındır, maşın tapmadın?”

Aktrisa Ziba roluunu yaradarkən çətinlik çəkmədiyini deyir:

Amaliya Pənahova: “Ziba o qədər də mürəkkəb rol deyildi ki, mən hər hansı bir çətinlik yaşayam. Çox asanlıqla oynadığım rollardan biri oldu. Zibanı bölməyə apardıqları səhnədə bir improvizəm də oldu. Demək rejissora bildirdim ki, bir improvizə etmək istəyirəm. Arif Babayev dedi ki, de görək nə deyəcəksən. Zibanı aparmağa gələn maşın çox köhnə idi deyə, görəndə dedim ki, ə, bu nə maşındır, başqa maşın tapmadın? Çəkiliş heyəti bu sözdən sonra xeyli güldü”.

“Şahmar Ələkbərovla dost idik”


Ənvər Həsənov: “Filmdə o qədər də improvizələr olduğu yadıma gəlmir. Bu film çəkiləndə mən artıq püxtələşmiş bir aktyor idim, kinofestivallarada mükafat almışdım. Tərəf müqabili ilə çalışmaq mənim üçün rahat idi. Prokuror rolunu oynayan Adil İsgəndərov universitetdə mənim müəllimim olmuşdu. Onun kimi sənətkarın yanında yaxşı oynanamaq mümkünsüz idi. Çəkiliş müddətində aktyorlar arasında münasibət çox yüksək səviyyədə idi. Bu özünü səhnədə də göstərirdi. Azərbaycanada həmişə gözəl aktyor, yaradıcı heyət olub. Çox təəssüf ki, bu gün həmin insanlar bizim yanımızda deyil. Şahmar Ələkbərovla ilk dəfə olaraq “Yeddi oğul istərəm” filmində tərəf müqabili olmuşduq. O, Qəzənfəri, mənsə Cəlalı oynaırdım. Elə o dövrdən də dostluğumuz başladı. Tale elə gətirdi ki, “Qatır Məmməd” filmində rastlaşdıq, daha sonra “Bizim məhəllənin uşaqları” filminə çəkildik. Demək olar ki, “Arxadan vurulan zərbə” filminə qədər biz artıq 4-5 filmdə tərəf müqabili olmuşduq.

“Yeddi oğul istərəm” filmi çəkilən vaxtı biz hamımız atçılıq təlimlərinə gemişdik və at sürməyi bacarırdıq. Orda da aktyorlar atı özü minmişdi, heç bir dublyordan istifadə edilməmişdi”.

“Rasim Balayevin oğlu sən demə mənə fikir verirmiş”


Ənvər Həsənov:
“Çəkiliş vaxtı hamımız Şəkidə mehmanxanada qalırdıq. O vaxt elə idi ki, kim istəyirdisə, öz övladını çəkilişə gətirə bilirdi. Baxmayaraq ki, filmdə rol almamışdı Rasim Balayev öz oğlunu da gətirmişdi. Şahmar Ələkbərov, Rasim Balayev və mən eyni mərtəbədə yerləşmişdik. Rasim Balayevin oğlu da orada idi. Balaca uşaq idi o vaxtlar. Uşaq mənimlə bir otaqda qalırdı, Şahmarla Rasim isə digər otaqda. Şahmarla gedəsi yerimiz vardı. Səhər tezdən oyandım, üzümü qırxdım, yuyundum, otaqdan çıxdım. Məndən 10 dəqiqə sonra Şahmar otağa girib, soruşub ki, “Hanı Ənvər əmi?”. Uşaq da eləmə tənbəllik, mən nə etmişəmsə bir-bir hamısını diqtə edib: “Əmi yuxudan durdu, çimdi, üzünü qırxdı, sonra başını daradı, getdi”. Bu bütün çəkiliş qrupunun dilinə düşmüşdü”.

Ənvər Həsənov: “Mən bütün çəkilişlərdə oldum. Bazamız Şəkidə yerləşirdi. Şəki ilə Zaqatalanın arası 76 km idi. Gedib çəkilişimi edib yenidən bazaya qayıdırdıq. Məsələn, Qaxda, Zaqatalada olacaq 2-3 günlük çəkilişə görə hər şeyi ora aparmaq çətin idi. Ona görə də çəkilişimizi edib, Şəkiyə qayıdırdıq. Bəzən lazım olan məkanları Şəkidə tapa bilmirdik deyə,  digər regiona gedəsi olurduq. Əsasən təbiət səhnələri üçün idi. Rafiq Əzimova bıçaq atılan səhnə Qaxda çəkilmişdi. Şahmar Ələkbərovun maşın sürdüyü, Cəbininin öldürüldüyü epizod  Zaqatalada çəkilmişdi. Şəki dağlıq idi, Qaxda isə düz yollar çox idi deyə, müəyyən səhnələr orada olurdu.  Əsas yerlər Şəkidə aparılmışdı”.

“Yusif Vəliyev məni qətifəyə büküb bayıra çıxartdı”

Ənvər Həsənov: “Yusif Vəliyev çox gözəl sənətkar idi. Mən onunla yol yoldaşı da olmuşam. Bir xatirə gəlir yadıma. Günlərin bir günü bizi Düşənbəyə film üçün məşqlərə çağırdılar. Yusif müəllim dedi ki, gəl bir yerdə gedək. Bildirdim ki, Yusif müəllim siz gedin, mənim bu gün çəkilişim var. Sabah Allah qoysa, görüşərik. Səhəri günü mən ora çatanda məni qrup qarşladı. Onların arasında Yusif müəllim də vardı. Dedi ki, bir gün səni görmədim darıxdım. Nə isə birlikdə “Tacikistan” mehmanxanasına gəldik. O təklif etdi ki, gedək yemək yeyək. Mən dedim ki, Yusif müəllim, icazə verin mən əşyalarımı yerləşdirim, yuyunum gəlim. Dedi ki, “yaxşı, mən səni parkın içindəki restoranda gözləyirəm”. Mən də qalxdım yuxarı, nə yaxşı ki, otağın qapısını bağlamamışdım. Bir də gördüm Yusif müəllim hamamın qapısını açdı  ki, “buna bax, zəlzələdir, aləm küçədədir, sən burda çimirsən. Hələ bir mahnı da oxuyursan”. Mənim qətifəyə bürünüb bayıra çıxmağıma kömək oldu. Ətrafda hamı təəccüblə mənə baxırdı ki, bu kimidir qətifə ilə bayıra çıxıb”.  

Qurd Cəbrayılın tutulduğu səhnə

Ənvər Həsənov: “Son səhnədə Qurd Cəbrayılın ələ keçdiyi səhnədə mən, Şahmar, Həsən, Adil iştirak edirdik. O səhnədə Yusif müəllim elə oynadı ki, biz hamımız heyran qaldıq. Tutulandan sonra polis maşınına oturdulan vaxtı şüşədən baxması səhnəsini necə gözəl oynadısa, çəkiliş bitəndə Arif müəllim onu öpüb bildirdi ki, son dərəcə gözəl alındı. Bundan yaxşı ola bilməzdi. Bilirsiniz, həmin səhnədə bütün hisslərinin gözündə oynaması ilə bərabər, burnunu tərpətməsini heç kim onun kimi mükəmməl oynaya bilməzdi. Gündüzün belinə banka qoyduğu səhnə isə Bakıda pavilyonda olmuşdu”.  

Aktyor bildirir ki, çəkiliş qrupuna olan diqqət çox böyük olub. Bu səbbədən də çəkiliş müddətində və filmin çəkilişlərini bitirəndə raykom katibliyi, polis idarəsi, prokurorluq, xəstəxanada çalışanlar onlara çox kömək edib və hörmətlə yola salıblar.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi