“Hazırda mən TRT müxbiriyəm. Postsovet məkanına daha yaxından bələd olduğum və rusca bildiyim üçün bu bölgədəki hadisələri izləyirəm, analiz yazıram, hər hansı yenilik olduğu zaman da bu bölgələrə göndərilirəm. Son bir ildə Azərbaycan, Gürcüstan, Qırğızıstan, Rusiya və Qazaxıstanda olmuşam.
Ukraynaya 3 dəfə getmişəm. Həm Kiyevdəki hadisələri, həm də Krımın işğalı prosesini izləmişəm. Hazırda Ukraynada başqa bir qrupumuz işləyir, amma orada nə daimi büromuz, nə də müxbirimiz var”.
Bunu Modern.az-a açıqlamasında TRT-də çalışan azərbaycanlı jurnalist Könül Şamilqızı deyib. Onun sözlərinə görə TRT Türk kanalında fəaliyyətə başlaması uğurlu alınıb:
“Daha “TRT Azərbaycan” saytında çalışmıram. Bir ildi TRT Türk kanalındayam. “Trtturk.com”da postsovet məkanı yüklü analiz-xəbər yazıram. Və dediyim kimi, mümkün olduğu qədər postsovet məkanındakı siyasi prosesləri yerində izləyirəm. Beləcə, həm imzam itməmiş olur, həm çox sevdiyim sahədə özümü inkişaf etdirmiş oluram. Bu arada, yaxın günlərdə yenə Ukraynaya gedirəm. Bu, son 5 ayda Ukraynaya 4-cü səfər olacaq.
“TRT Azərbaycan” saytında 3 il çalışdım, amma bu müddətdə TRT Türk-də “Haberdar” proqramıyla əməkdaşlığım da davam edirdi. Həm oradakı dostlarımın, həm mənim istəyimlə qərara aldıq ki, faəliyyətimə TRT Türk-də davam edim. Doğru qərar verdiyimə də qısa müddət sonra əmin oldum. Türkcə yazmaq - zənn edildiyi qədər asan deyil - imkanı, ekran imkanı, hadisələri yerində izləmək imkanı yarandı. Bunların hər biri bir jurnalist üçün çox mühümdü”.
Misranə Həsənzadə