Modern.az

SSRİ-nin bərpası yolunda Ukrayna cəbhəsi - TƏHLİL

SSRİ-nin bərpası yolunda Ukrayna cəbhəsi - TƏHLİL

6 May 2014, 08:47

Rusiya prezidenti Vladimir Putin öz çıxışlarının birində SSRİ-nin süqutunu XX əsrin ən böyük faciəsi adlandırıb.

 

Bu sözlər keçmiş sovet kəşfiyyat sisteminin və “soyuq müharibə”nin məhsulu olan Vladimir Putində sovet dövrünə qarşı nostalji hislərinin olduğunu göstərir. Putin hakimiyyətinin ilk illərinə nisbətən hazırda bu nostalgiya daha qabarıq şəkildə özünü biruzə verir.

 Bu gün Ukraynada baş verənləri də məhz Putinin bu “qlobal kaprizi” ilə birbaşa əlaqələndirmək olar. Çünki Ukrayna Avropa Birliyinə daxil olarsa, bu məkan Rusiya üçün birdəfəlik itirilmiş olacaq.

Ukraynasız isə SSRİ-ni bərpa etmək, yenidən Şərqi Avropada nüfuz sahibi olmaq mümkün deyil. Bunu yaxşı anlayan Putinin Krımla bağlı son radikal addımları yaxın gələcəkdə onsuz da uçuruma yuvarlanacaq “rus ayı”sının son həmləsidir.

Bu kontekstdə Putinin SSRİ-ni bərpa etmək arzularına bir çox siyasətçi və politoloq istinad edir. Məsələn, Rusiya prezidentinin xunta adlandırdığı və legitimliyini tanımadığı Ukrayna hökumətinin başçısı Arseni Yasenyuk aprelin 21-də Amerikanın NBC telekanalına verdiyi müsahibədə Putinin Ukraynadakı əsl planlarından bəhs edib. “Prezident Putinin bir arzusu var- Sovet İttifaqını bərpa etmək. Hər gün o daha çox qabağa gedir. Yalnız Allah bilir ki, o hara qədər irəliləyəcək”. Yaxud ABŞ-ın keçmiş Dövlət Katibi Hillari Klinton 2012-ci ilin 7 dekabrında İrlandiyanın paytaxtı Dublində insan haqları ilə bağlı keçirilən konfransda Vladimir Putinin yaradıcısı olduğu Avrasiya İttifaqının platformasında Sovet İttifaqını dirçəltmək istədiyini dilə gətirmişdi. “Regionun resovetləşməsi istiqamətində addımlar atılır. Bu layihə başqa cür adlanacaq. Gömrük İttifaqı, Avrasiya İttifaqı yaxud başqa adla. Biz məqsədin nə olduğunu bilirik və bu prosesi ləngitmək, ya da ümumiyyətlə, qarşısını almaq üçün effetli vasitələrdən istifadə etməliyik”.

 

Putin niyyətlərini ifşa edən digər çıxış isə Moldovada öz tarxi və mədəni maraqları olan Rumıniyanın dövlət başçısı Trayan Basesku tərəfindən söylənmişdi. “Keçmiş SSRİ-ni bərpa etməyə çalışan Vladimir Putin üçün Avropa Birliyi və NATO ilə sərhəddə yerləşən Ukrayna və Moldova geosiyasət baxımından prioritet əhəmiyyət kəsb edir”.

Göründüyü kimi istər Amerika, istərsə də “qoca qitə” Putinin müxtəlif formatlarda yaratdığı birliklərin əslində hansı məqsəd daşıdığından xəbərdardır. Əslində “çekist” Putin də məqsədlərini gizləmək niyyətində deyil.

Bəs keçmiş müttəfiq respublikaları SSRİ-nin bərpasını istəyirmi? Putin bu ölkələrdə hansı qüvvələrə güvənir?

İlk növbədə nəzərə almaq lazımdır ki, istər Rusiya rəhbərliyi, istərsə də sadə rus vətəndaşlar keçmiş SSRİ respublikalarını öz ərazisi, yaxud ən azından öz təsir dairələrində görürlər. Cəmiyyətdəki bu imperiya düşüncəsini adi sosioloji sorğularda belə görmək olar.

Bu ilin martında “Levada” araşdırmalar mərkəzi keçmiş sovet respublikalarının Rusiyaya daxil olunması ilə bağlı sorğu keçirib. Respondentlərin 58%-i etnik rusların yaşadığı bütün əraziləri geri qaytarmağı Rusiyanın hüququ adlandırıblar. Məhz etnik rusların yaşadıqları ərazilər. Onda Putinin siyasəti aydın olur - ölkələrdəki rus icmasından “5-ci kolon” kimi istifadə etmək! Ukraynada məhz bunun şahidi oluruq. Rusiya sərhədlərindən kənarda ən böyük diaspora olan ukraynalı ruslar Krımın ilhaqında əvəzsiz rol oynayıb. Yarımadanın 58%-ini təşkil edən ruslar Rusiya hərbçiləri ilə birlikdə “qansız işğal” həyata keçirdilər. Şərqi Ukraynada analoji planın icrası Krımın zəbtinə görə cəmi 9 rus vətəndaşının adını qara siyahıya salan və bununla işini bitmiş bilən Amerika və Avropa Birliyinin guya sərt etirazı ilə qarşılaşdı. Burada da etnik ruslar və rusdilli ukraynalılardan ibarət “5-ci kolon” mövcud olsa da Putin valı dəyişməyə və Şərqi Ukraynaya müdaxiləyə fasilə verməyə məcbur oldu. Krımdan fərqli olaraq Şərqi Ukraynada ruslar mütləq çoxluq deyildi. Bölgənin ən çox “rus” vilayət olan Luqanskda əhalinin 39,0%-nu ruslar təşkil edir. Rusiyanin iştah saldığı digər vilayətlərdə - Donetskdə 38,2%, Xarkovda 25,6%, Zaporojyedə 24,7% və Odessada isə 20,7% əhalini ruslar təşkil edir. Onsuz da sanksiyalar səbəbindən nəhəng maliyyə itkilərinə uğrayan Rusiya Ukraynaya qarşı açıq təcavüzə keçərsə, neft üzərində bünövrəsi qoyulmuş iqtisadiyyatı müəyyən vaxtdan sonra tam olaraq çökə bilər.

 Düzdür, bu illər ərzində dünya bazarlarında neftin qiymətinin kəskin qalxması şimal qonşumuzun öz valyuta ehtiyatlarını artırmağa imkan verib. Lakin bu 500 milyard dolarlıq rezerv ehtiyatı Qərbin kəskin sanksiyaalrı qarşısında 3-4 ilə əriyəcək.

Başqa bir məsələ isə Şərqi Ukrayna əhalisinin böyük əksəriyyətinin Rusiyanın tərkibinə keçməyə isti baxmamasıdır. Donetsk, Xarkov və Luqansk kimi milyonluq şəhərlərdə rus meylli qüvvələrin keçirdiyi mitinqlərə 1, maksimum 2 min insan toplaşır. Yəni separatizm bu bölgədə Krımdan fərqli olaraq kütləvi hal deyil. Rusiya təxribat maşını isə televiziya və mətbuatın simasında belə deyək “arzu olunanı həqiqət kimi” qələmə verir.

 

 

Reallıq Rusiyadan göndərilən xüsusi hazırlıqlı döyüşçülərin və yerli kollaborasionist qüvvələrin təxribatının baş tutmadığını göstərir.

Buütün bunlardan sonar belə bir nəticəyə gəlmək olar ki, Putinin SSRİ-ni bərpa etmək istəyində əsas dayanacaq olan Ukrayna planı hələ ki, qeyri-müyyən olaraq qalır. Müəyyən olan isə odur ki, çox güman ki, Putin Ukraynadan sonra digər Avropa sərhəddindəki üsyançı post sovet ölkəsi Moldovaya təzyiqlər edəcək.

 Nəzərə alsaq ki. Moldovaya təsir etmək üçün Rusiyanın əlində Dnestryanı kimi güclü “kozır”ı var, Putinin Moldovanı da Avropa yolundan döndərə biləcəyi ehtimalı yüksəkdir. Qərb sərhədlərində problemləri həll edən Putin bundan sonra diqqətini cənuba- Qafqaza və Mərkəzi Asiyaya yönəldəcəyi isə şübhəsizdir.

 Bütün bu amilləri nəzərə aldıqda, SSRİ-nin bərpa olunmaması üçün Ukrayna cəbhəsinin böyük önəmi var. Bütün postsovet ölkələri məhz buna görə, Ukraynanın taleyindən narahat olmalıdır.

 

 

Vüqar İSMAYILOV  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi