“Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq.
Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir”.
Bu sözləri 1934-cü ilin payızında uzaq Fransa məzarlıqlarının birində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə məsləkdaşı Əlimərdan bəy Topçubaşovun dəfnində deyib. Aralarında xeyli yaş fərqi olmasına baxmayaraq maarifçi, millətçilik meylləri onları çox yaxın dosta çevirmişdi. Təsadüfi deyil ki, qürbət ellərdə canlarını torpağa tapşıran bu aydınlar son nəfəslərinə qədər Azərbaycan məfkurəsi uğrunda döyüşməkdən yorulmadılar.
Beləliklə, Modern.az-ın “Qürbətin doğma məzarları” rubrikasında bu dəfə Azərbaycan ictimai-siyasi fikrində əsaslı rol oynayan Azərbaycan Xalq Cümhuriyyətində parlamentin sədri Əlimərdan bəy Topçubaşovdan danışacaq.
O, ilk dəfə çar Rusiyasının Dumasına seçilən ilk dörd müsəlmandan biri olub. Daha sonralar da seçkilərdə onun adı həmişə öncüllərin cərgəsində səsləndi və Topçubaşov Dumadakı “Müsəlman fraksiyasının ” rəhbəri oldu.
ADR-in süqutundan sonra ölkəni tərk etməyə məcbur olan və ömrünün qalan 14 ilini qürbətdə yaşayaraq məzarına da orada məskən seçən bu şəxsin bəzi ziyalı nöqtələrində toxunmaq lazımdır. Məhz bu nöqtələr onu qürbətdə, mühacirdə belə öz missiyasından kənarlaşmağa qoymadı. Vaxtilə ABŞ prezidenti Vudro Vilsonu da öz zəkası ilə təəccübləndirən, Amerika və Avropalıların nəzərində müsəlmanlara olan baxışı dəyişdirən Topçubaşov mühacir olanda da Paris kitabxanalarında belə Azərbaycan uğrunda gərgin çalışmalarda olub.
1920 -1934-cü illərə qədər Parisdə yaşayan mütəfəkkir orada ciddi şəkildə maarifçi işlərlə məşğul olur. Maarifçilik missiyasını davam etdirərək Azərbaycanın görkəmli şəxsiyyətləri, tarixi, ədəbiyyatı haqqında qəzet jurnallarda silsilə məqalələr yazır. Əslində mühacir olmasına baxmayaraq Fransa dairələrində yüksək intellektinə görə sayılıb seçilən adamlardan olan Topçubaşov bu hörmətini Azərbaycanın mənafeyinə xərcləyir.
Topçubaşov 1934-cü ildə ağır və uzun sürən xəstəlikdən sonra vəfat edir. O, Paris yaxınlığındakı Sen-Klo məzarlığında dəfn olunur. Sonralar məlum olur ki o, həmin dövrün Azərbaycan siyasətçiləri arasında ən məşhur fiqurlardan biridir. Onun ölümü Rusiyadan gedən mühacirlərin əhəmiyyətli hissəsinin sarsılmasına səbəb olur. Ə. Topçubaşovla vida mərasimi ciddi siyasi nümayişlə müşayiət olunur. Dəfn mərasimində azərbaycanlı mühacirlərin böyük hissəsi ilə yanaşı Gürcüstan, Ukrayna, Türküstan, Şimali Qafqaz mühacirətinin nümayəndələri də fəal iştirak edirlər.
Beynəlxalq təşkilatların nümayəndələri də onun dəfninə gəlirlər. Hətta erməni mühacirlər də onunla vidalaşmaq üçün mərasimə qatılır. Müxtəlif mühacir milli icmaların nümayəndələri: Akaki Sereteli, Mustafa Çakayoğlu, Vladimir Prokopoviç və başqaları mərhum haqqında son sözlərini dilə gətirirlər.
1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev Ə. Topçubaşovun məzarını ziyarət edib. O, mərhumun məzarının üzərində abidənin ucaldılması ilə bağlı dövlət vəsaitinin ayrılmasına sərəncam verib. İndi Ə. Topçubaşovun özünün, xanımının və oğlanlarının uyuduğu məzarın üzərində Ə. Topçubaşovun uğrunda canını fəda etdiyi böyük məfkurənin ideallarını tərənnüm edən yadigar daş abidə ucalmaqdadır...
Həmin üzücü payız günündə Topçubaşovun dəfninə gələn insanlar Məhəmməd Əminin bu son akkordları qarşısında özlərini saxlaya bilmirlər: “Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!...
Bəli, Əli Mərdan bəyin keçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır.
Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər...
Budur sənə söyləyəcəyim son söz! ...
Sənə bizlərdən minlərlə rəhmət ! ...
Sənə bizlərdən minlərlə hörmət!! ..”
Elmin Nuri