Milli İstiqlal Partiyasının (AMIP) lideri Etibar Məmmədov son zamanlar Rusiyadan Azərbaycana qarşı təhlükələrin artması ilə bağlı səslənən iddialara münasibət bildirib. E.Məmmədov Modern.az saytına açıqlamasında Rusiyadan Azərbaycana hər hansı təzyiqlərin olacağı haqda deyilənlərin tam həqiqəti əks etdirmədiyini bildirib və mətbuatı da təqsirli bilib.
“Bəzi mətbuat orqanları Azərbaycan əhalisində xof, qorxu yaratmaq mövqeyindən çıxış edirlər. Həm də bir növ Azərbaycanda Rusiyanın təbliğatını aparırlar. Bu, yolverilməzdir. Azərbaycan müstəqil dövlətdir və onun milli maraqları, mənafeyi var. Azərbaycan həmin mənafeləri müdafiə etməyə qadirdir. Vətəndaşları bu yöndə istiqamətləndirmək lazımdır. Azərbaycan heç bir dövlət tərəfindən işğal edilə bilməz. Təhlükə olarsa belə, Azərbaycan təslimçilik mövqeyindən çıxış etməz”,-deyə AMİP lideri qeyd edib.
E.Məmmədov BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda Rusiya bazalarının yerləşdirilməsi təklifini də şərh edib. Onun sözlərinə görə Azərbaycanda hər hansı dövlətin bazasının yerləşdirilməsi suverenliyin itirilməsi deməkdir.
“Bu cür təkliflərin verilməsi Azərbaycanın Konstitusiyasına və milli maraqlarına ziddir”.
Bu ərəfədə isə BAXCP sədri, deputat Q. Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin açarının Kremldə olduğunu əsas gətirərək, Azərbaycanın Rusiya ilə yaxınlaşmasından söz açıb. O bildirib ki, Azərbaycan suverenliyini əldən verməmək şərti ilə Rusiya hərbi bazalarının ölkəmizdə yerləşdirilməsinə razılıq verməlidir.
Aqşin Kərimov