Mən tez-tez 88 saylı marşrutun xidmətlərindən istifadə edirəm. Hər dəfə də xüsusi həzz alıram. Xüsusilə də PİK vaxtı mənzil başına tələsəndə. Özü də ən başlıcası sağ-salamat gedib çıxıram. Sürücüləri sürücü deyil, elə bil ki, Bill Qeytsdir. Başları kompüterdən, ən başlıcası isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də yaxşı işləyir.
Məsələn: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbərdarlıq edir ki, bəs Rəşid Behbudov küçəsində, Bakıxanov küçəsinin kəsişməsinəcən tıxacdır. Azərbaycanca desək “probka” var. Belə gözümüz aydın. Bunu deməsəydilər guya bilmirdik ki? Bütün Bakı bilir ki, Bakıxanov küçəsi boyu sfetaforlar 5-6 dəqiqə yaşıl yanır. DYP işə qarışsa 10 dəqiqə də çəkə bilər. Ay mərkəz, hünərin var çıxış yolunu göstər e... Amma 88 saylı marşrutun sürücüləri bu xəbərdən ani olaraq nəticə çıxarırlar. Dillər Universitetinin yanındakı küçədən sağa dönüb bir tin yuxarı gedirlər, ordan da hərəkətin əks istiqamətiylə, Azadlıq prospektini də kəsmək şərtiylə iki tin “protiv” gedərək çıxırlar Mirəli Qaşqay küçəsinə. Sola dönüb ildırım sürətiylə sərnişini çatdırırlar Bakıxanov küçəsinə. El diliylə desək, “Drujba” kinoteatrının arxasına. Sonra bir az cızılan qanuni marşrut üzrə irəliləyərək gəlib çatırlar Nəsimi bazarının yanına. Bu zaman sürücü bərkdən “mən düz getmirəm. Sağa dönəcəyəm. Kim qan instituna, travmatalogiyaya gedir burda düşsün” deyir. Xəbərdarlıq etməyə də bilər. Amma edir. Çünki yüksək mədəniyyət sahibləridir. Avropa standartlarına uyğun xidmət bax buna deyərəm. Özü də dildə yox, əməldə. Sərnişinlərdən də bir-ikisi bu hörmətə qarşılıq vermək əvəzinə nə etsələr yaxşıdır? Başlayırlar narazılığa. El diliylə desək, banlamağa. Deyən lazım ki, ay balam, nə hoppanıb düşürsünüz? İndi bir-iki nəfərə görə bu boyda avtobus, avtobus yox e, 88 kimi adlı-sanlı marşrut “probka”da yatmalıdır? Marşrut xəttindən çıxır, lap belə əcəb edir. Bir az da irəli gedirik. Bu dəfə sürücü görür ki, sürücü yox e, bütün avtobus görür ki, İnqilab – Həsən Əliyev küçəsi ilə kəsişmədə bütün maşınlar dayanıb. İrəliləməkdən söhbət gedə bilməz. Yazıq sürücü neyləsin? Fırladır sola, çıxır Azadlıq prospektinə və hərəkətin əksinə, yəni ki, “protiv” gedir çıxır İnqilaba. Pis edir? Özü üçün edir? Biz sərnişinlər üçün çalışır da. İstəyir ki, evimizə, eşiyimizə vaxtında gedib çataq. Radarlardan qorxmayaraq öz “prava”sını, sürücülük vəsiqəsini yox e, çörək ağacını təhlükəyə ataraq xüsusi qəhrəmanlıq və şücaət göstərir. Əvəzində alqış qazanmaq yerinə sərnişinlərin tənəsiylə, bəzən söyüşləriylə üz-üzə qalır. Mən olsaydım bu tənəli sözlərdən, qiymətləndirilməməyimdən çoxdan qanadlarım sınıb yanıma düşmüşdü. Amma sağ olsun, ruhdan düşmür. Əksinə qızışır. “Neftçi”nin bazasının və “Milyonerlər məhləsi”nin yanındakı svetoforlardan da – yaşıl, ya qırmızı, fərqi yoxdur – quş kimi keçir. Bilmirəm Karl Marksdakı tunelə girməlidir, ya yox? Amma bəzən girir, bəzən girmir. Ona görə də tunelin üstündəki dayanacaq uzun müddətdir ki, 88-in üzünə həsrətdir. O gün dayanacağın yanından keçirəm. Divarına vurulan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin monitoru reklam yerinə, ağlaya-ağlaya nə oxusa yaxşıdır? Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini.
Sorurdu: -“88 hanı?”- Hər şəhərdən gələndən
Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.
Başqa sərnişinləri bilmirəm, amma mən çox razıyam bu sürücülərdən. NİİM-in radarlarının, nəzarət kameralarının da onlardan xoşu gəlir. Heç qeydə alıb eləmirlər də. Nəzarətçilər də onları görəndə üzlərini yana çevirirlər. İstəmirlər ki, bu şərəfli peşələrində onlara bir əngəl olsunlar. Bir sözlə halaldır.
Yox elə bilməyin ki, bu sürücülər robot-zaddırlar. Bircə bu “naruşeniya” marşrutuyla gedirlər. Yox, yeni yollar axtarırlar. Daim inkişafdadırlar. O gün baxıram ki, Mirəli Qaşqaya çıxmayıblar. Nəsə ABŞ səfirliyinin arxasındakı küçələrdən də istifadə edib məhlə içi “Drujba” kinoteatrının yanına çatdırıblar özlərini. İndi deyəcəksiniz ki, bəs İntellektual İdarəetmə Mərkəzi hara baxır? Avtobusda quraşdırılan monitor, kameralar bunu qeydə almırmı? Bunun da yolu var. Yolu dəyişəndə avtobusdakı monitoru söndürürsən, vəssalam. Deyirsən ki, dalğa tutmur da, neyləyim. Lap cib telefonundakı kimi. İkincisi də ki, mərkəz nəyə lazımdır e... Zəng edirsən qabaqdakı sürücü dostuna, yolda nə baş verir, nə probka var hamısından səni xəbərdar edir. Sən də bu məlumatları alıb “çox sağ ol” demək yerinə, bütün sərnişinlərin şahidliyi ilə “cındır, mənim vaxtıma niyə girisən” deyib telefonu qoyursan yerinə. Yox, heyrətlənməyin. Avtobus sürücülərinə maşın sürə-sürə telefonla danışmağa da icazə verilir, radioya qulaq asmaq da.
Onu da qeyd edim ki, çox təmizkardırlar. Salona girirsən adamın ürəyi açılır. Oturacaqlar par-par parıldayır. Əlbəttə ki, illər boyu üst-üstə yığılan qartmaqdan. Düz edirlər. Tez-tez təmizləsələr oturacaqların örtüyü fiziki təsirə məruz qalaraq tiftiklənə, cırıla bilər axı? İndi özünüz deyin. Harda görmüsünüz mülkiyyətə işçi tərəfdən bu qədər hörmət? Heç yanda, axtarmayın.
Yox elə bilməyin ki, 88 saylı marşrutun sürücülərinin fədakarlığı bununla bitir. Əsla! Belə olsaydı heç qələmi əlimə də almazdım, bəy tərifi etməzdim. Onlar öz hərəkətləriylə 88-in adını göylərə qaldırırlar. Xata olar ki, qabaqlarına onların yolunun bir hissəsinə şərik olan 85, 133 saylı marşrut avtobusu çıxa. Vsyo! Batdılar. Avtobusu səkiyə də çıxardarlar, amma onları ötməsələr, onlar “prav” ola-ola “neprav” çıxarmasalar sakitləşməzlər. Axı, bu təkcə onların yox, bütövlükdə mübariz 88 saylı avtobusun adı, şərəfidir.
88 saylı abtobusun sürücüləri bir-birilərinə də böyük hörmət və ehtiramla yanaşırlar. Dəfələrlə şahidi olmuşam. 8-ci mikrorayonda, samsunq mağazasının qabağındakı dayanacaqda duranda bir də görürsən gəlir. Amma əyləmir, vıy edib qabağından keçir. Avtobus gözləyənlər də başlayırlar arxalarıyca danışmağa. Deyirəm “ay insanlar, mədəniyyətiniz olsun. Dayanmır, deməli nəsə bilir ki, dayanmır da... Bu o deməkdir ki, sonuncu dayanacaqda nəyi var yüklənib. Bizim dayanacaqdakıları da götürsə, bəs arxadakı avtobusa nə qalacaq? Həmkarı da evə çörək aparmalıdır, ya yox?”
Elə bunu deməyimi görürəm. O saat dalıyca bir 88-də özünü çatdırır. İndi deyin – 88-dən başqa daha hansı sahələrdə iş yoldaşına qarşı belə humanist münasibət görmüsünüz?
Hörmətli 88 nömrəli marşrutun sürücüləri, mən sizinlə fəxr edirəm. O gün xətrinizə dəydim, düz eləmədim. Gec də olsa üzr istəyirəm. Şəhərə qayıdanda, “Drujba” kinoteatrının qabağında ki, “probka” olur e, siz də Vaqif prospektindən sağa dönüb, sonra Süleyman Rüstəm küşəsinə qıvrılıb, ildırım sürətiylə Bakıxanov küçəsinə çatıb sola dönüb özünüzü Azadlıq prospektindəki qanuni dayanacağa çatdırırsınız e, mənim də ürəyim yerindən oynayır, tıp-tıp edir, az qalıram ki, sevincimdən uçum. O gün də marşrutdan çıxanda sizə bir söz dedim, abrımı büküb verdiniz ətəyimə. Xəcalətimdən yerə girdim. Söz verirəm bir də belə qanunsuz təkliflərlə sizə müraciət etməyəcəyəm. Siz Azadlıq küçəsini “nezakonnı obxod” edəndə, Süleyman Rüstəm küçəsinə çatanda, bilmədim, qələt elədim dedim ki, “qaqaş, bəlkə qapını açasan düşüm?” Düzdür, söymədiniz. Amma söysəydiniz bundan yaxşıydı. Mədəni surətdə üzünüzü mənə tutdunuz ki, “müəllim, axı burda dayanacaq yoxdur. Necə saxlayım? Müdiriyyət də ora yazıb yapışdırıb ki, dayanacaqdan kənarda saxlatdırmaq olmaz. Çıxaram təzədən Azadlığa, “Drujba”nın qabağındakı qanuni “ostanovka”da düşərsən”. Görürsünüz də. İndi özünüz deyin marşrut rəhbərliyinə, qanunlarımıza belə böyük hörmət, ehtiram, ən nəhayət sərnişinə qarşı yüksək mədəni davranış hansı marşrutda var?
İndi deyəcəksiniz ki, axı bu qədər qanun pozuntusu sadaladın. Bunlar nədir, alqış deməyin nə? Şər-şər danışmayın, diliniz quruyar. Mən nə vaxt qanunların pozulmasından danışdım ki? Eşitməmiş olmazsınız. Aqil insanlardan biri deyib: “Qanunları pozmaq olmaz, amma ondan yan keçmək olar”. İndi 88 saylı avtobus da qanuni marşrutundan bir tin, uzağı iki tin yan keçir. Nə olsun ki? Amma nəticədə yenə də öz yoluna qayıdır. Əhsən o şəxslərə ki, öz yolunu aza və heç bir cəza verilmədən yenidən haqq yoluna qayıda. Yəqin siz də mənimlə razılaşarsınız.
Ey mənim doğma 88 saylı avtobus marşrutumun sürücüləri! Sizi çox sevirəm. Sizə halal olsun deyirəm. Sizin sənətiniz ağır və şərəflidir. Bilirəm ki, jurnalistlərdən gileylisiniz. Aynar Məmmədovun rəhbərliyi ilə avtoş dəstəsinin fəaliyyətinin mediada geniş işıqlandırılması sizi çox incik salıb. İnciməyə haqqınız da var. Gecə saat 12-də, “probka” olmayan düpbədüz beton yolda, qəttəzə full avtomobildə 240 – 300-lə sürməyə nə var ki? Hünərləri var gəlib şəhərin mərkəzində, basbasabas, darısqal küçələrdə, on BMV, “Porşe” boyüklüyündə , içində yüz sərnişin olan avtobusda, yüz dənə kameranın, min dənə gözün qabağında Master-klas göstərsinlər. Onlar avtoş yox e, avtoş adına ləkədirlər. Eybi yox, nə vaxtsa sizin də xalqımız qarşısındakı xidmətləriniz cavabsız qalmayacaq. Hami biləcək ki, papaq altında neçə-neçə milli avtoşumuz varmış. Eşq olsun xalqımın sizin kimi qəhrəman sürücülərinə. Əgər bu məqaləylə sizin incik ürəyinizi azca da ovundurdumsa, çox şad olaram. Yazımı “Əhməd haradadır?” filmindən bir fraqmentlə bitirirəm. “88, sükanı belə saxla”.