Modern.az

Hüseyn Arif haqda xatirələr: “Deputat olan kimi evlərinizi uçurdajam”

Hüseyn Arif haqda xatirələr: “Deputat olan kimi evlərinizi uçurdajam”

8 May 2014, 11:38

Prezident İlham Əliyev Azərbaycanın xalq şairi Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Adətən, lətifələri ilə ictimaiyyətdə xatırlansa da, bir şair kimi də orijinallığı olan Hüseyn Arif ədəbiyyatda Səməd Vurğundan sonra yeni məzmunlu, oxşar ruhlu poeziya nümunələri yaratmağa müvəffəq olub.

Modern .az saytı Hüseyn Arifi ən yaxından tanıyan çoxsaylı adamlardan ikisinin xatirələrini sizə çatdırır.

Filologiya elmlər namizədi, Hüseyn Ariflə bir çox görüşləri olan Məti Osmanoğlu şair barəsində həsrətlə danışır. Bu həsrətdə təbii ki, yumor da var. Axı söhbət Hüseyn Arifdən gedir:

“Hüseyn Arifi şəxsən tanımayana, onunla görüşməyənə qədər də ona çox böyük rəğbətin olub. Xalq ruhunda, aşıq şeri üslubunda yazdıqları şerlərin çoxunu əzbərdən bilirdim. Amma Hüseyn Ariflə canlı görüşümüz mən üçüncü kursda oxuyanda oldu. Onda universitetin akt zalında Hüseyn Ariflə tələbələrin görüşü keçiriləcəkdi. Dekanımız mərhum professor Firudin Hüseynov mənə tapşırıq verdi ki, bu görüş münasibətilə kiçik bir məruzə hazırlayım. Mən də məruzə hazırladım. Həm auditoriyanın, həm Hüseyn Arifin, həm də orada iştirak edən alimlərin xoşuna gəldi. Hüseyn Ariflə də həyatda tanışlığımız elə o gündən başlandı. Həmin məruzəni mən xeyli gec 1986-cı ildə “Ulduz” jurnalında çap elədim. Hüseyn Arifin yaradıcılığı nə qədər maraqlı olsa da şəxsiyyəti də bir o qədər maraqlı idi. Elə bu səbəbdən də onun haqqında daha çox lətifələr olurdu. Lətifələrin də yaranmasına özü rəvac verirdi. “Ulduz” jurnalının redaksiyasında olan görüşlərimiz də lətifəvari atmosferdə baş verirdi. Mənim yazımı oxuyandan sonra dedi ki, səndə çox yaxşı duyum var, ədəbiyyatı çox yaxşı hiss edirsən. Amma çox xahiş edirəm ki, dissertasiya zad müdafiə eləmə. Çünki kim şair ola bilmirsə gedir professor olur. Ağamusa Axundov şer yazırdı, şair ola bilmədi getdi professor oldu, Xalid Əlimirzəyev hekayə yazırdı, yazıçı ola bilmədi professor oldu, Vaqif Vəliyev də onun kimi. Beləcə xeyli adamın adını çəkdi. Sonra özü haqqında bir xatirə danışdı. Dedi ki, Moskvada aspiranturada oxuyan vaxt Səməd Vurğun ola gəldi. Mən də həmin vaxt bir fars şairini müdafiə etməyə hazırlaşırdım. Səməd Vurğun mənə dedi ki, sən təcili aspiranturadan çıx. Çünki o fars şairi heç sənin qədər şer yaz bilmir. Beləliklə məni özü ilə Bakıya gətirdi. Redaksiyadan çıxanda yenə mənə dedi ki, dissertasiya zad müdafiə eləmə. Cavab verdim ki, Hüseyn qağa indi bir səhvdir eləmişəm, artıq aspiranturada oxuyuram. Dedi ki, hə nolar, aspiranturanı yarımçıq qoyarsan. Elə ondan sonra rəhmətlik Yusif Səmədoğlu gəldi redaksiyaya. Oturduq onunla da ordan-burdan dərdləşdik. Sözarası dedim ki, Hüseyn qağa gəlmişdi bura, Səməd Vurğundan da danışdı. Deyirdi ki, məni aspiranturadan Səməd Vurğun azad elədi. Yusif müəllim də dedi ki, ə, yalan deyir, onu aspiranturadan qovmuşdular. Səməd vurğun da getmişdi ki, onu bərpa eləsin amma gücü çatmadı. Onun bu cür qəribəlikləri var idi. Amma bütün bunlarla yanaşı onun Azərbaycan ədəbiyyatında məxsusi yeri var idi. Möhkəm formalaşmış Səməd Vurğun ənənələrindən çıxıb  orijinal şer yazmaq o vaxt çox çətin idi. Amma Hüseyn Arif bunu bacardı.  Bir maraqlı əhvalat da danışım. Deməli, yenə bir gün “Ulduz”un redaksiyasına gəlmişdi. Səməd Vurğunun şerlərini ustalıqla incəliyinə qədər təhlil edirdi. Məsələn, hansı şəkilçi qafiyəni oynaq etmək, qafiyəni düzəltmək üçün idi və s. Zakir Fəxri də orada idi. Dedi ki ay Hüseyn qağa, bəs deyirlər sənin yaddaşın zəifdir,  amma maşallah sən bizə yaddaş nümunəsi göstərirsən. Hüseyn Arif də ona qayıdıb dedi ki mənim yaddaşım gül dibçəyidir, ancaq gül çiçək göyərdir. Amma sizin yaddaşınız zibil qabıdır. Nə gəldi doldurursuz ora.

Bir maraqlı əhvalat da danışım sizə. Sovet hökuməti yıxılan vaxt deputat seçilmək arzusunda imiş. Nərimanov tərəfdə “Çermet” deyilən ərazidə seçiciləri ilə görüşür. Oralarda da evlər çox səliqəsiz və şəraitsiz imiş. Hüseyn qağa da and içir ki, deputat seçilən kimi evlərinizin hamısını uçurajam. Bir az keçəndən sonra deyirlər ki ay Hüseyn qağa, sən buranı uçurtsan, bəs biz harada yaşayacayıq? Deyir, mən nə bilim harada yaşayarsız. Gedib bunu hökumətdən, Bakı şəhərinin rəhbərindən soruşarsız.

Bütün qəribəlikləri ilə yanaşı, Hüseyn Arifin Azərbaycan ədəbiyyatında xüsusi yeri var. Ədəbiyyatımızda dərin iz salmış Səməd Vurğun ənənələri üzərində Hüseyn Arif səviyyəsində orijinal şeir yaratmaq çox çətin idi. O bunun öhdəsindən gəldi...

Xalq şairi Vaqif Səmədoğlu vaxtilə Modern.az saytına verdiyi müsahibəsində “qağa”sı haqqında ürəkdolusu danışıb. Həm də onu da deyirdi ki, Hüseyn Ariflə olan bütün söhbətləri bloknotuma yazmışam, sağlıq olsa kitab kimi çıxaracağam . Hələ ki, vəziyyəti qənaətbəxş olmayan şair  bu istəyini həyata keçirə bilmir. Əhvalatları sizə təqdim edirik: “Burada Vaqif bəyin danışıq tərzinə toxunmadan Hüseyn Ariflə bağlı olan ləhcəni olduğu kimi saxlamışıq:

- İstəyirəm Hüseyn Ariflə bağlı ayrıca xatirələr yazım. Məndə bloknotlar var. Hər dəfə Hüseyn Ariflə səfərə çıxanda, bir yerə gedəndə maraqlı sərgüzəştlər baş verərdisə yaxud o zarafat edərdisə, hamısını bloknota yazardım. Biz onunla çox səfərdə olmuşuq. Xeyli maraqlı qeydlərim var. Düzdü, İsmayıl Şıxlı da onun haqqında yazdı. Yəni lətifələrini bir kitaba yığdı. Amma Hüseyn Arifin öz dili yox idi orda.  Amma mən olduğu kimi, necə varsa, o cür də yazacağam.
Elə bir-iki xatirə danışım sizə.
Deməli, bir gün Hüseyn Arif İbrahim Kəbirlinin evinə getmişdi. Özü də onu deyim ki, İbrahim Kəbirli rus qadını ilə ailə qurandan sonra elə onun evində yaşayırdı. Heç bilmirəm gedib haradan tapmışdı onu. Arvad evinə heç kimi buraxmırdı. Bircə Hüseyn Arifdən başqa. Hüseyn qağa da gedib onlara, yeyib-içiblər . Gələndə mənə dedi:

-  Vaqif , İvişgildən gəlerəm. Zalım oğlu qorxa-qorxa gəzer evdə. Elə bil güldanı-zadı götürüb qoltuq cibinə soxajaq. Hay, öz evi deyil axı.

Bir gün də söhbət edə-edə nəşriyyata gəldik. Hüseyn Arif də qolumdan tutub danışırdı. Qolumdan bərk yapışıb danışır,  yanımızdan keçən camaat da maraqla bizə baxırdı. Birdən biri soruşdu.  
- Hüseyn müəllim, bunu belə hara aparırsan?
- Heş hara. İki aydı bizdə işliyif maaş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.

Bir dəfə də ova getmişdik. Ovçular sübh səhər tezdən, ən uzağı saat 5-də ova gedəcəkdilər deyə tez uzandılar.  Hava soyuq idi. Ona görə pəncərələrin dal taxtalarını bağladılar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer saldılar. Hüseyn Arifə də dedilər ki çarpayıda yat. O isə “bura yaxşıdır” deyib hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzandı. Yoldaşlar  dedilər  ki, “pəncərənin yanında yatma, soyuq olar”, Hüseyn inadından dönmədi. Bir də gördük gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, Hüseyni səsləyir.
- A şair, zəhmət olmasa, pəncərənin taxtasını arala, bax, gör işıqlaşmır ki, sonra yatıb qalarıq.
Hüseyn taxtanı aralayıb baxır.
- Yox hələ qaranlıxdı, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldırajam.
Aradan bir az keçir, yenə kimsə oyanır.
- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?
Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.
- Yox, hələ. Yıxıl yat, işıqlaşanda özüm qaldırajam.
Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.
Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayıb baxır.
- Ə, nə hay-haray salıfsız, görmürsünüz hələ qaranlıxdı?
- A şair, deyəsən elə bütün gecəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan.
-  Elə şey olmaz, -deyə Hüseyn Arif təəccüblənir və başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.
Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.
-  Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.
Hava  isə çoxdan işıqlanmışdı.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi