Modern.az

Azərbaycanda neçə həkim var?

Azərbaycanda neçə həkim var?

Ölkə

17 İyun 2010, 11:18

17 iyun Azərbaycan tibb işçilərinin peşə bayramıdır. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə əsas ixtisaslar üzrə 32500-dən çox həkim var. Onların 8500-dən çoxu terapevt, 4500-ə yaxını pediatr, 3800-dən çoxu cərrah, 2500-ə yaxını diş həkimi, 2 mindən çoxu ginekoloq, 1500-ə yaxını sanitar-epidemioloqdur. Yerdə qalan həkimlər digər ixtisaslar üzrə fəaliyyət göstərirlər. Hazırda ölkə əhalisinin hər 10 min nəfərinə 37,7 həkim düşür. Qadınların hər 10 min nəfərinə 4,8 ginekoloq, uşaqların hər 10 min nəfərinə 17,9 pediatr düşür.

Hazırda ölkə üzrə 62500-dən çox orta tibb işçisi var. Onların 34700-ü tibb bacısı, 8600-ü feldşer, qalanları digər ixtisaslı orta tibb işçilridir. Ümumiyyətlə əhalinin hər 10 min nəfərinə 72,6 orta tibb işçisi düşür.

Ölkədə tibb sahəsi üzrə 200-dək elmlər doktoru, 800-dən çox elmlər namizədi var. Bu gün dövlət büdcəsindən maliyyələşən təşkilatlar arasında səhiyyə obyektləri işçilərə ən az maaş verən müəssisələr sırasındadır. Bu səbəbdən də bu müəssisələrdə rüşvətsiz iş görülmür. Tibb Universiteti hər il müxtəlif ixtisaslı 1000-dən çox həkim buraxır. Amma son illər respublikanın bölgələrində yeni səhiyyə  müəssisələrinin açılması, köhnələrin isə əsaslı təmir və yenidən qurulması istiqamətində işlər aparılsa da, bəzi regionlarda həkimlər çatışmır. Bölgələrdəki tibbi kadr probleminin aradan qaldırılması üçün Səhiyyə Nazirliyində xüsusi proqram həyata keçirilir. Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin məlumatına görə, hazırda bütün tibb müəssisələrində işə qəbul və işdən azad edilmə üzrə komissiyalar fəaliyyət göstərir. İndi səhiyyə ocaqlarında işə qəbul yalnız mətbuatda elan verməklə, müsabiqə əsasında, Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi bildirlir.

Modern.az

xəbər verir ki, Kadrlar, elm və təhsil şöbəsinin məlumatına görə, ötən il dövlət tibb müəssisələrinə 298 həkim və 500-ə yaxın orta tibb işçisi işə qəbul edilib. Regionlarda kadr çatışmazlığının aradan qaldırılması, gənc mütəxəssislərin işlə təmin edilməsi məqsədi ilə ATU-nun 2009-cu il məzunlarının 84,7%-i təyinatla, bilavasitə vakant yerlərə əsasən, bölgələrdəki tibb müəssisələrinə işə göndərilib. Kənd tibb müəssisələrinə kadrların cəlb olunması, tibbi kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Səhiyyə Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti ötən il müvafiq qərar verib. Qərara əsasən, dövlət ali və orta ixtisas məktəblərini tibbi ixtisaslar üzrə bitirən, əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə kommunal xərcləri ödəmək üçün əlavə kompensasiyalar verilməsi, yerli icra hakimiyyəti orqanlarının onlar üçün lazımi mənzil-məişət şəraiti yaratması, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması və kreditlərin verilməsi nəzərdə tutulur. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI