İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsini bitirənlərin iş problemi olmur
Bu fakültədə yaxşıların içindən ən yaxşıları seçilərək ingilis dilində təhsil alır, ölkə daxilində qərb təhsilini mənimsəyirlər. Fakültədə təhsil alan tələbələrin 95 faizi dövlət hesabına xarici ölkələrdə magistraturaya qəbul olunmaq şansı qazanır. Söhbət Azərbaycan İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsindən (XİF) gedir. XİF əvvəl Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin nəzdində qruplar şəklində fəaliyyətə başlayıb, 2006-cı ildə isə maliyyə ixtisası üzrə tələbə qəbulu təşkil olunub. 2013-cü ildən fakültə statusuna keçib. Dünyanın qabaqcıl universitetlərindən sayılan Harvard Universitetinin tədris planı bu fakültənin əsasını təşkil edir.
İş problemi olmayan məzunlar
Fakültə dekanı Çeşmi Hacıyevanın bizə verdiyi açıqlamaya görə, XİF-in yaradılmasında məqsəd müasir informasiya və telekommunikasiya texnologiyalarından intensiv istifadə etməklə Amerika və Avropa universitetləri səviyyəsində qabaqcıl təhsil proqramları tətbiq etməkdir: “2001-ci ildə ən yaxşı oxuyan tələbələrdən ibarət qrupların yaradılması və tədrisin ingilis dilində aparılması fikri ortaya çıxdı. Bunlar eksperiment xarakterli qruplar idi. Sadəcə 20 nəfərdən ibarət qruplar fakültə yaradılmasına qədər böyüdü. Harvard. Kembric, Oksford universitetlərinin tədris planları ilə bizim milli tədris planlarımıza uyğunlaşdırıldı və Qərb təhsil sisteminin standartları bu qruplara gətirildi”.
Ç.Hacıyevayla söhbət əsnasında məlum oldu ki, o özü də XİF-in məzunudur. Dekan deyir ki, burada təhsil alan uşaqların işə düzəlmək problemləri olmur, onlar təhsillərini başa vurduqdan sonra ölkəmizdə öndə gedən özəl və dövlət sektorlarında çalışa bilirlər: “Bu fakültədə oxuyan uşaqlar ən yaxşıların içindən seçilirlər. Tələbələrimiz İngiltərənin, Qərbi Avropa ölkələrinin ən mütərəqqi universitetlərində təhsil alırlar. İşə götürülmələrinə gəlincə, artıq üçüncü kursdan işləməyə başlayırlar. Bizim həm dövlət strukturları, həm də digər tanınmış biznes qurumları ilə layihələrimiz olur. Həmin qurumların böyük vəzifə tutan işçiləri bizdə həm dərs deyir, həm də tələbələrimizi ikinci kursdan “stajor” kimi işə götürürlər. II və III kurslarda tələbələr bu şirkətlərdə təcrübə keçirlər. Həmin proseslərdə işəgötürənlər tələbələrin üstün və mənfi cəhətlərini bizə çatdırırlar. Onlar tədris prosesində ola-ola biz də təhsil müddətini bitənə qədər o qüsuru düzəldirik. IV kursda isə tələbəmiz artıq tam peşəkar olur. XİF-in III kurs tələbələrinin hamısı demək olar ki, işləyir. II kursda təhsil alan tələbəmizin CV-si 3-4 səhifə olur”.
Qəbul necə aparılır?
Xüsusi İstedadlar Fakültəsində qəbul qaydaları da fərqlidir. Belə ki, bura yalnız İqtisad Universitetinin tələbələri qəbul ola bilərlər. Universitetin I kursunu müvəffəqiyyətlə bitirən tələbələr, qiymətlərinin əksəriyyəti A və B olmaq şərtilə riyaziyyat, ingilis dili, informatika, makro-iqtisadiyyat və mikro-iqtisadiyyat ixtisas fənlərindən kompyuterlə test imtahanı verirlər. Xüsusilə qiyməti A olan tələbələrə daha çox üstünlük verilir. Testlərdən müvəffəqiyyətlə keçən tələbələr XİF qruplarına qəbul olunurlar. Yerlər məhdud olduğundan hər iki ixtisas üzrə ayrı-ayrılıqda 15 tələbə qəbul edilir. Dərs ili başlamamışdan 2 həftə əvvəl sənəd qəbulu və imtahan baş tutur. Üstəlik, bu universitetdə XİF-ə qəbul olmaq üçün pulsuz kurslar təşkil edilir. Həmin kurslarda XİF-in 4-cü kurs tələbələri 1-ci kurslara dərs deyirlər. Bu həm də IV kurs tələbələrinin auditoriyada akademik fəaliyyətlərindəki inkişafını təmin edir.
Dərsdən sonra “evə getdi” yoxdur
Müsahibimiz deyir ki, bu fakültədə dərs bitdikdən sonra “evə getdi” deyə bir şey yoxdur: “Dərs vəsaitləri Qərb standartlarına əsaslanır. Avropa və ABŞ universitetlərinin kitabxanalarına internetlə çıxışlarımız var. Fakültənin böyük kitabxanası fəaliyyət göstərir. Tələbələrimiz çox aktivdirlər. Dərs bitdikdən sonra uşaqlar ya kitabxanada dərslərinə hazırlaşır, ya da müxtəlif sosial və intellektual layihələrdə iştirak edirlər”.
Dekanla danışdıqdan sonra tələbələrlə söhbətləşmək üçün dərs əsnasında auditoriyalara da baş çəkdik. Həqiqətən də XİF auditoriyalarında keçirilən dərslərdə canlanmanı görməmək mümkün deyil. Tələbələrin müəllimləri ilə ingilis dilində sərbəst ünsiyyəti burada təhsil səviyyəsinin yüksək olduğunun göstəricisidir. Tələbələrin ümumi dünyagörüşləri, bilik səviyyələri fərqlidir.
Milli, mənəvi dəyərlər qorunub saxlanılır
Auditoriyada dərs deyən Beynəlxalq iqtisadiyyat kafedrasının müdir əvəzi Anar Rzayev bizimlə söhbətində bildirdi ki, burada Avropa təhsili verilir, amma milli mənəvi dəyərlər də qorunub saxlanılır: “Təhsil tam olaraq qərb standartlarına cavab verir, lakin bu, o demək deyil ki, tələbəyə auditoriyada istədiyi sərbəstlik verilsin. Buranın tələbələri çox savadlıdır. Onlar yalnız ingilis dilində deyil, alman, ispan, rus dillərində də sərbəst danışa bilirlər. Bizim bir məzunumuz var ki, Çilidə ispan dilində dissertasiya yazır”.
XİF tələbələrin həyatında dönüş nöqtəsidir
XİF-in 3-cü kurs tələbəsi Firəngiz Ağayeva deyir ki, onun bu fakültədə təhsil alması həyatında böyük dönüş nöqtəsi olub: “XİF-ə daxil olanda həyatım tamam dəyişdi. Bütün nailiyyətlərim məhz bu fakültəyə görə oldu. Mən burada yalnız ingilis dilini öyrənmədim, oturub-durduğum insanlar, ətrafım çox güclü potensialı olan ağıllı insanlardır. Burada hər gün nə isə öyrənirəm. Bu, çox dəyərlidir. Hazırda Audit kompaniyasında işləyirəm. Məhz ora işə qəbul olmağım da burada əldə etdiyim biliyin nəticəsidir. Gələcəkdə əsas məqsədim odur ki, öz biznesimi qurum. Hansısa şirkət üçün işləməkdənsə, özüm nəsə yaradım və özümü inkişaf etdirim”. Fakültənin 2-ci kurs tələbəsi Salman Abbasov deyir ki, XİF-in ona verdiyi ən önəmli şey ölkəsinin gələcəyini düşünən intellektual və seçilmiş dəyərli dostlar və keyfiyyətli təhsildir: “Buranı bitirdikdən sonra məqsədim dünyanın ən tanınmış universitetlərindən birində magistr təhsili almaq, sağlam dayaqlarla qurulmuş güclü bir karyeraya sahib olmaq və ölkəmizin beynəlxalq sferada uğurlarının artırılmasında böyük dəstəkçi olmaqdır”. Emin Murtuzayev də dostu kimi təhsilini inkişaf etdirib mütəxəssis kimi ölkəmiz üçün faydalı olmağı qarşısına məqsəd qoyub: “XİF mənə gələcək həyatım üçün dərs verdi, hər şeyi burda öyrəndim və məndə iqtisadi fikirlər formalaşmağa başladı. Gələcək planlarımda təhsilimi Avropa universitetlərin birində MBA səvviyəsində tamamlamaq və Azərbaycanda öz karyeramı qurmaq istəyirəm”.
Mütəxəssislər yetişdirilir
3-cü kurs tələbəsi Aydın İsmayılov isə digər universitetlərdə də belə qrupların yaradılmasının tərəfdarıdır: “Belə bir fakültənin universitetdə yaradılması çox yaxşı addımdır. İstəyirdim ki, bütün universitetlərdə belə bir fakültə yaradılsın. Bu tamam başqa bir sistem, başqa təcrübədir. Bizim formatda seçilmişlərin arasından seçilmişlər seçilir və sırf mütəxəssis yetişdirilir. Xüsusi istedadlar qrupu nəinki tələbələrin özü üçün müəyyən çərçivələri yığışdırır, həmçinin dövlət üçün yeni kadrlar yaradır. Böyük dördlüklərdə, SOCAR-da, BP-də yüksək vəzifələrdə çalışan tələbələrin çoxu XİF-in tələbələridir”.
Qeyd edək ki, Kembric Universitetinin Tələbə İttifaqı “Üstün olmağa aparan bələdçi” (The Guide to Excellence) adlı kitab nəşr edib. Bu il Kembric Universiteti məsləhət gördüyü təhsil ocaqlarının siyahısına ilk dəfə olaraq Azərbaycan təhsil müəssisəsinin də adını daxil edib. Kembric Qafqaz ölkələrinin universitetləri arasından Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) seçib. ADİU-nun Xüsusi İstedadlar Qrupunda ingilis dilində tədrisin təşkili, bu qrupları bitirən məzunların Azərbaycan və xaricdə ən prestijli şirkətlərdə çalışması, eləcə də ADİU məzunlarının əksər dövlət qurumlarında asanlıqla iş tapması kimi məsələlər məqalədə xüsusi vurğulanıb.
Aygün ƏZİZ