Öz yeni və qeyri-adi kəşfləri ilə dünyada həmişə maraq yaradan amerikalılar bu dəfə məharətlərini spirtli işkilər üzərində nümayiş etdirməyə çalışıblar. Tünd içkiləri sevən insanlar üçün yeni kəşf əsl sürprizə çevrilib. Məhz bu kəşfin sayəsində istirahətə gedənlər, təbiətin qoynuna çıxanlar daha özləri ilə şüşə qablarda araq, rom, viski və s. işkilər daşımayacaqlar. Yetər ki, toz halında, cibə yerləşən paketi evdən çıxanda unutmasınlar.
Amerikalı Mark Fillipsin icad etdiyi alkoqollu içki toz halındadır. Bu tozu həm suya, həm də qida məhsullarına əlavə etmək olar.
Səyahətləri sevən Mark səfərlərii zamanı özü ilə şüşə qablarda spirtli işkilər daşımaqdan bezib. O elə düşünüb ki, hansısa bir ölkədə toz halında alkoqol mövcuddur. Uzun axtarışlardan sonra məlum olub ki, onun axtardığı maddə hələ yer üzündə kəşf edilməyib. Beləliklə də Mark öz yeni ideyasını gerçəkləşdirməyə qərar verib.
Bir neçə il alimlərlə əməkdaşlıq edən, bir sıra eksperimentlər aparan Mark nəhayət öz arzusuna çatıb. İllərin zəhməti yerdə qalmayıb. Hazırda “Lipsmark” şirkətinin istehsal etdiyi alkoqol tozlar alıcılar tərəfindən maraqla qarşılanır.
30 qramlıq paketdə buraxılan alkoqollu tozlar altı çeşiddə təqdim olunur. Bunların birincisi araq, ikincisi rom, qalan dördü isə spirtli kokteyllər üçündür.
Məhsul sertifikatını və Amerikada satışına rəsmi icazəsini yeni aldığına görə dünya bazarlarına hələ ki, çıxarılmayıb. Ancaq istehsalçılar əminliklə bildiriblər ki, çox qısa zamanda “Palkoqol” adlandırdıqları bu məhsul dünyada öz populyarlığını qazanacaq.
İlham Cəmiloğlu