“Bilirdim ki, Konçita birinci yeri tutacaq. Çünki Avropa bu meyarlarla yaşayır. Üstəlik, Konçitanın mahnısı da uğurlu, yaddaqalan idi. Ona əl çalanların hamı seksual azlığın təmsilçiləri idi. Proqnozum düz çıxdı”.
Bunu Modern.az-a açıqlamasında bəstəkar Faiq Sücəddinov “Eurovision-2014” mahnı müsabiqəsinin nəticələrini şərh edərkən deyib. O, müsabiqədən əvvəl verdiyi proqnozda Avstriya təmsilçisi Conchita Wurstun yaxşı oxuduğunu, üçlüyə düşəcəyini bildirmişdi.
F.Sücəddinov Azərbaycan təmsilçisi Dilarə Kazımovanın 22-ci yeri tutmasını isə oxuduğu mahnının uğursuz olması ilə əlaqələndirib:
“Dilarə Kazımovada xarici gönürüş, səs-hər şey yerində idi. Sadəcə, mahnısı uğursuz, çox lirik idi. Bir az hərəkətli mahnı olsaydı, “onluğ”a düşəcəkdi. Bu, təkcə mənim fikrim deyil. “Eurovision” böyük bir müsabiqədir. Lap 17 ölkə ona qatılmasa da, özü-özlüyündə böyük bir mahiyyəti var. O müsabiqəni “Euronews” göstərir, bütün dünya onu seyr edir. Bu müsabiqə Azərbaycana birinci yer gətirib. 22-ci yer faciə deyil. İki ildən, dörd ildən sonra yenə birinci yeri alacayıq”.
Misranə Həsənzadə