Dilarə Kazımovanı niyə qarşılamadıq?
“Eurovision” yarışması ölkəmizdə maraqla qarşılanan beynəlxalq musiqi ənənəsidir. Bir neçə ildir Azərbaycandan bu yarışmaya qatılan ifaçıların qazandığı uğurlar bütün dünya azərbaycanlılarını sevindirib.
Azərbaycanın yarışmada iştirakını, ifa olunan mahnıları, nəticələri oxuculara xatırladaq:
2008 – Samir Cavadzadə və Elnur Hüseynov dueti - “Day Affer Day” - 8
2009 – Aysel Teymurzadə və Araş dueti - “Always” - 3
2010 – Safurə Əlizadə - “Drip Drop” - 5
2011 – Eldar Qasımov və Nigar Camal dueti – “Rumning Scared” - 1
2012 – Səbinə Babayeva – “When The Music Dies” - 4
2013 – Fərid Məmmədov – “Hold Me” – 2
2014 – Dilarə Kazımova – “Start a Fire” – 22
Beləliklə, Azərbaycan ilk dəfə 2008-ci ildə qatıldığı bu nüfuzlu sənət yarışmasında elə həmin ildən də başlayaraq, ilk yerləri qazanıb. Yalnız 2014-cü il istisna olmaqla. 2008-2013-cü illərdə ən aşağı mərtəbəmiz 8-ci yer olduğu halda, niyə bu il birdən-birə bu qədər aşağıya endik? Hər halda, 2008-ci ilin 8-ci yerindən, 2011-ci ilin 1- yerindən və 2013-cü ilin 2-ci yerindən sonra, gösləmək olardı ki, 2014-cü ildə məntiqlə 10,12, heç olmasa 15-ci yeri tuta biləcəyik. Ümumiyyətlə, 22-ci yeri qazanmağa “yer tutmaq” deməyin mümkün olub-olmaması da mübahisəlidir. Mənə elə gəlir ki, bu ilki nəticədən yalnız məğlubiyyətimizin göstəricisi kimi bəhs edə bilərik.
Tutaq ki, mən səhv edirəm. Bəs onda Dilarə Kazımovanı da əvvəlki təmsilçilərimiz kimi niyə aeroportda, gül-çiçəklə, hay-küylə, alqışlarla, jurnalistlərlə və teleyayımlarla qarşılamadıq? Lazım idimi? Mənə elə gəlir, lazım idi. Ən azı ona görə ki, heç bir yeri tutmamaqdan 22-ci yeri tutmaq daha yaxşıdır. İkincisi, necə də olmasa, Azərbaycanı yarışmada bu qədər zəhmət çəkib təmsil edən, az da olsa səs qazanan gənc bir müğənnini qarşılamaq - onun gələcək uğurlarına, istedadına, yüksəlişinə ictimai dəstək olardı. Gəncədə lüt-üryan yubiley konsertinə çıxıb büs-bütün xaric oxuması ilə pop-incəsənətinə də, Gəncə camaatına da açıq-aşkar hörmətsizlik göstərən Hadisə adlı gülməşəkəri (mətbuatda yazılana görə 1 saatlıq biabırçı oxumasına görə 120 min manat “qonorar” alıb?) fasiləsiz alqışlayırıqsa, gecə saat 2-yə qədər Azərbaycan Respublikasının rəsmi dövlət kanalından bütün ölkəyə yayımlanan bu xaric oxuyan filankəsə baxırıqsa, onda niyə qat-qat istedadlı olan, ondan daha yaxşı və mükəmməl oxuyan gənc müğənnimizə zərrə qədər diqqət göstərmirik?
Doğrusu, “Eurovision” yarışmasının ölkəmizdəki təşkilatçısı olan İTV-nin də, digər özəl TV-lərin də Dilarə Kazımovanı qarşılayacağına, onu verilişlərə çıxaracağına tam əmin idim. Buna əsasım da var idi. Elə Dilarə xanımın da əsası var idi. Amma nə baş verdi? Bilmək olmur... Bilinən təkcə budur ki, özəl telenalların əlinə yaxşı mövzu keçib: Konçita Vurs. Bu qalib müğənninin transsersual görkəmi Azərbaycan mediasının az qala bir nömrəli müzakirə və mövzu obyektinə çevrilib. Hər biri efirdə, İnternetdə, mətbuatda ağzına gələni danışır, yazır. Sual olunur: Gənclərimizin “Qərbə inteqrasiya” arzu və istəklərini gecə-gündüz təbliğ edən sizlər deyilsinizmi, indi niyə bu qalibi ələ salıb, Avropanın emblemi kimi təqdim edirsiniz. Bəlkə elə bilirsiniz, Avropa sizlərə “afərin” deyəcək? Birdə axı, öz uğursuzluğumuzu müzakirə eləmək əvəzinə, telekannallar, media niyə bu mövzunu bu qədər qabardır? Məqsəd nədir? Hər halda bu qalibin sənətindən, ifasından da danışmaq lazımdır. “Eirovision”-nun tarixi göstərir ki, mükəmməl ifa, səhnı təqdimatı, peşəkarlıq, səs, uğurlu mahnı kimi amillər yarışmada qələbə qazanmağın əsas səbələridir. Elə Avstriya təmsilçisi də bu tələblərə cavab verən ifa nümayiş elədi.
Bir də axı qadın aktrisaların bol olduğu bir vaxta, illərdir səhnədə arvad paltarı və ayaqqabısı geyinib, tam arvad görkəmi alıb, ənlik-kirşanla, burcuda-burcuda “teatr düzənləyən” kişi aktyorları gecə-gündüz “böyük sənət” kimi efirdə təbliğ eləyən siz kanallar deyilmisiniz? Belələrinin konsertinə arvadı ilə birlikdə gedib ləzzət ala-ala əl çalanlar biz millətin kişiləri deyilmi? “Bozbaş”da cır səslə rayon ləhcəsində danışıb dilimizi gülüş hədəfinə çevirənləri az qala milli qəhrəman kimi sevən biz millət deyilikmi? Ümumiyyətlə, Konçita tipli kişilər Azərbaycan estradasında da yox deyilmi? Belə olan halda Konçitanızın saqqalı niyə sizləri narahat eləyir, ay telenallar, ay millət? Nə fərqi, ya Azərbaycan kişisi səhnədə arvad paltarında, dodağı boyalı, qaşı alınmış halda səhnəyə çıxıb arvadsayağı danışdı, ya Konçita Avropa səhnəsinə saqqal qoyub çıxdı? O da sənətdi, bu sənətdi – sizlərin meyarınca.
Qayıdaq, əsas məsələyə. Niyə Dilarə Kazımovanın qayıdışına bu qədər sayğısızlıq göstərdik? Doğrusu, 22-yer heç birimiz qane eləmir, həm də ona görə ki, biz indiyə qədər Ermənistandan müqayisəyəgəlməz qədər yüksək səviyyələr təqdim eləmişik. Amma bunlara baxmayaq, istedadlı gənc ifaçımıza sona qədər dəstək verməli idik. Axı onu biz seçmişik, biz bəyənmişik, klipini ilk əvvəl biz bəyənmişik, Azərbaycanı təmsil etməyə biz göndərmişik. Axı yarışmaya hər il ölkəmizdə bu qədər əhəmiyyət, bu qədər narahatlıq, bu qədər dəyər və bayramyönlük vermişik, hər dəfə qalib nümayəndələrimizi atəşfəşanlıqla qarşılamışıq...
Yarışmaya gəlincə, etiraf edək ki, qələbəni əldən verdik. Qələbələrimizdən sonra ən sonuncu yerlərdən birini, 22- ci yeri tutmağımız məğlubiyyətdir. Mən “Eurovision-2014”-də Ermənistanın 4-cü yer turmasını da bu acı qələbəmizin fonunda qeyd etmək istəyirəm. Niyə də yox? İllərlə yarışmada Ermənistan onluğa belə düşə bilmədiyi, ən yaxşısı 20-dən də aşağı yerləri tuta bildiyi halda, niyə bu dəfə Azərbaycan müğənnisindən “yuxarı başa” keçdi. Əlbəttə, “bu müsabiqədir”, “həmişə qalib gələ bilmək mümkün deyil”, “bizimki yaxşı oxudu, amma yer vermədilər”, “siyasi maraqlar var” və s. kimi təsəlliverici, həm də qeyri-ciddi sözlərlə özümüzü aldada da bilərik. Düşünürəm ki, nə belə sözlər lazımdı, nə də özümüzə yalançı təsəlli vermək. Ona görə ki, “Eurovision” yarışmasında Azərbaycanı layiqincə, tələb olunan yüksək səviyyədə təmsil edə bilən ifaçıları, qruplar kifayət qədər çoxdur. Bu mənada, səhvlərimizi axtarsaq, görüb-götürsək daha ağıllı iş görmüş olarıq.
Birinci səhv: Kim seçir?!
Məsələ təkcə kimi seçməkdə deyil, həm də kimin seçməsindədir. Bir neçə ay İTV-də davam edən seçim turlarında seçimi kimlər aparırdı? Onların belə ciddi işə münsiflər kimi qarışması hansı sənət meyarlarına sığır? Məsələn, elə götürək, İlhamə Qasımovanı, Faiq Ağayevi, İTV-nin əməkdaşı Salehi və bir çox başqalarını. Xahiş edirəm, məndən inciməsinlər. Onların peşəkarlığına zərrə qədər şübhəm yoxdur. Amma yaxşıların içindən yaxşını görə bilmək, iştirakçılara qarşıdakı beynəlxalq yarışmanın kontekstində yanaşa bilmək, ən əsası seçimi “xoşuma gəlir-xoşuma gəlmir” prinsipi ilə aparmamaq üçün peşəkar olmaq yalnız şərtlərdən biridir. Düzgün seçim etməyi bacarmaq – bu, özü də xüsusi qabiliyyət, təcrübə, keyfiyyət, çevik düşünmək, kompleks yanaşa bilmək bacarığı tələb edən işdir. Təsəvvür edin ki, düzgün seçilməmiş deputat, yaxud məmur dövlətçiliyə və xalqa necə baha başa gəlirsə, düzgün seçilməyən müğənni də “Eurovision”-da ölkəni başı aşağı eləyə bilir.
Nəticə budur ki, münsiflərdə kimlərin əyləşməsi qələbənin mühüm şərtlərindən biridir. Yeri gəlmişkən, bu fikrim, respublikamızda “Eurovision”-un təşkilat komissiyasına da aiddir. Bəlkə, komissiyanın da tərkibində dəyişiklik etməyin vaxtı çatıb? Axı incəsənətdə illərlə bir işdə işləyən, özünü hər şeylə təmin edən adamın marağından incəsənət, milli maraq sövq-təbii çıxa bilər.
Məğlubiyyətimizin mənbəyi olan “kim seçir” məsələsində Mədəniyyət və turizm nazirliyi ilə İTV arasında işbirliyinə də nəzər salınmasına ehtiyac var. Mənə elə gəlir, nazirlik də, İTV də istər münsiflər heyətlərinin təyinində, istər münsiflərin müstəqil rəyinə müdaxilə məsələlərində, seçənlər məsələsində tam aşkarlığın, obyektivliyin və demokratik mühitin yaradılmasında ictimai etimadı tam qazana bilməyib. Necə deyərlər, “dedi-qodular baş alıb gedir” və bir də... “elin sözü əvvəl-axır düz olur”.
İkinci səhv: Kimi seçirik?!
Arzu eləməzdik ki, “Eurovision”-a seçim imkanlarımızdan sui-istifadə hallarına yol verilsin. Yəni heç kim istəməz ki, ölkəmizdəki tapşırma, dayılıq, tanışbazlıq, ambisiozluq, rüşvət, şəxsi maraq, qrupbazlıq, mənəm-mənəmlik, kimi neqativ cəhətlər bu yarışımaya seçimdə də əsas amilə çevrilsin. İndiyə qədər olmayıbsa, indən belə də olmasın, inşallah.
2014-cü il üçün sonuncu seçim turlarında qələbə vəd edən kifayət qədər iştiarkçı var idi - istər solo çıxışlarda, istər qrup çıxışlarında. Məncə, onların arasından seçim heç düz edilmədi. Lap tutaq ki, belə oldu. Hər halda, Dilarə Kazımova da istedadlı gəncdir, ifası da, səhnə görümü də, şousu da qənaətbəxşdir. Təəssüf ki, onun imkanlarını tam üzə çıxara bilən repertuar və geyim hazırlaya bilmədik. İstər səhnə obrazı, istər mahnı və ifaçılıq, istər səhnə hərəkətləri baxımdan, o, heç də yaxşı hazırlanmamışdı. Bir sözlə, onu da qələbəyə yönləndirmək mümküm idi – heç olmasa, 12-15-ci yerə, daha son yerə yox.
Yeri gəlmişkən, niyə İlhamə Qasımovanı, “Rast” qrupundakı vokalçıları, caz vokalçılarını, çox-çox istedadlı qurpları və i.a. “Eurovision”-a göndərmirik? Dünyaya təqdim olunmalı, qələbəyə böyük ehtimallı o qədər ifaçılarımız var ki...
Üçüncü səhv: Mahnı!
İfaçının uğurunu təmin edən ilk və vacib səbəblərdən birincisi repertuardır. Açığı, müsabiqədə səslənən son mahnı, şəxsən məni o qədər qane etmədi. Əvvəla, mahnı hansı paramertlərinə görəsə “Eurovision” mahnısı deyildi. Bəlkə belə deyil? Ola bilər. Onda bu mahnının səhnə təqdimatı haqqında. Heç də uğurlu deyildi, peşəkar düşünülməmişdi. Səhnədə mahnıya-musiqiyə-ifaya dəstək verən cəlbedici, düşündürücü, təəssürat yaradıcı heç bir şey yox idi. Deyim ki, bu mahnı hətta səhnədə hərəkət etmədən, yerində və tək oxuyan zəif çıxışlardan da zəif idi. Niyə?
Yenə də mahnıya qayıdıram. Qəti əminəm ki, istedadsız yazılmış bu ortabab mahnını məhz Dilarə Kazımova məhz özünün bacarığı sayəsində mahnı kimi çatdıra bildi. Buna görə sağ olsun. Onu bu məsələdə təqsirləndirmək, azı insafsızlıq olar. Zəif mahnı, üstəlik zəif rejissura, zəif səhnı təqdimatı... Yəqin məğlubiyyətimizin səbəbini Dilarə Kazımovadan daha çox onu mahnısını, ifasını, çışıxını, imicini hazırlayanlarda axtarsaq daha doğru olar.
Yeri gəlmişkən, Azərbaycan üçün “Eurovision” mahnıları yazanlar kimlərdi? Olmazmı, bu müsabiqə üçün mahnı müsabiqəsi elan edək, yaxud, öz bəstəkarlarımıza sifariş verək? Əminəm ki, indiyə qədər Avropa yarışmasına təqdim elədiyimiz mahnılardan da yazxşılarını yaza bilərik. Məsələn, 2008-ci ildə olduğu kimi.
Bir qədər də balaban haqqında. Bu dəfə mahnı aranjimanına balabanı daxil etməyimiz maraqlı aranjiman idi, milli alətin səslənməsi mahnının məzmununda xeyli təəssürat yaradırdı. Amma... Geçikmişik! Belə variantı neçə il əvvəl Ermənistan təqdim eləmişdi. Yadınızdadırsa, erməni müğənni balabanla aranjiman olunmuş mahnı oxuyurdu, səhnədə isə balabanı Amerikada yaşayan “məşhur balabançı” çalırdı. Elə bundan sonra da UNESCO, dünya musiqi ictimaiyyəti balabanı erməni milli aləti kimi tanıdı...
Milli alətlərin səsini aranjimana daxil etməyimiz uğurlu cəhddir. Mənə elə gəlir, gələcəkdə zərb alətlərimizi, zurnanı, sazı, tarı, muğam elementlərini də aranjimana daxil eləmək olar. Amma ermənidən sonra yox...
Bir az da şəffaflıq
Mən kimlərinsə ölkəmizdə “Eurovision biznesi”nə qarışmaq istəmirəm. Amma burası da var ki, müəllimi 20 manat rüşvət aldığı üçün korrupsiya ilə mübarizə aparanlar cinayət məsuliyyətinə cəlb eləyib, həbsxanaya salırlar. Bəs görəsən, “Eurovizion”-da iştirak etmək üçün seçim turlarının aparılması, yol xərcləri, geyim, saç ustası, mahnı, aranjiman, səs yazısı, klip, təşkilati işlər, aparıcılıq və s. bu kimi işlərə nə qədər pul ayrılır? Qonorar fondu nə qədərdir? Ayrılan vəsaitin nə qədəri xərclənir və nə qədəri hökumətimizin, yaxud Avropa yayım şurasının cibində qalır? Yarışma işlərinə qeyri-hökumət və ictimai təşkilatlar cəlb olunurmu? Mahnının yazılmasında kimlə, hansı əsasla və hansı məbləğdə müqavilə bağlanılır? Bu işləri kimlər həyata keçirir? Müsabiqənin şərtlərinə görə bu bərədə hesabat, açılama verilməlidir, yoxsa yox?
Bu suallara, təəssüf ki, hələ indiyə qədər tam aydınlıq gətirilməyibdir. Olsa-olsa, 1-2 dəfə “nə isə” deyilib, vəsaalam. Mənə elə gəlir, belə nüfuzlu beynəlxalq yarışma ilə bağlı bütün işlərimiz dürüst, təmiz, şəffaf olmalıdır, görülən işlər haqqında hər dəfə ictimaiyyətə hesabat verilməlidir. Yarışmaya qatılan ölkələrdə belə hesabat verilirmi? Hər halda Azərbaycan müasir, demokratik və inkişaflı ölkə olduğu üçün bunu edə və nümunə ola bilər.